Nüfuzlu investorların və biznes nəhənglərinin ölkəmizə marağı böyükdür
Fevralın 9-da Azərbaycanın iqtisadi gündəmində ən mühüm hadisələrdən biri Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının geniş tərkibli nümayəndə heyətini qəbul etməsi oldu. Dünyanın ən nüfuzlu biznes federasiyasını təmsil edən 31 nəhəng şirkətin 60-dan çox nümayəndəsinin Bakıya gəlişi Azərbaycanın beynəlxalq investisiya mühitindəki strateji çəkisini bir daha nümayiş etdirdi.
Görüşdə enerji sektorundan süni intellektə qədər geniş diapazonu əhatə edən əməkdaşlıq imkanları müzakirə olundu ki, bu da iki ölkə arasındakı iqtisadi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Tərkibində enerji, texnologiya, maliyyə və nəqliyyat kimi önəmli sahələri təmsil edən aparıcı şirkətlərin yer aldığı biznes qurumunun ölkəmizə marağı Azərbaycanın etibarlı iqtisadi tərəfdaş olduğunu təsdiqləyir.
Bu həm də Azərbaycanın qlobal iqtisadiyyatdakı rolunun yenidən müəyyən edilməsi deməkdir. Eyni zamanda Azərbaycanın artıq regionda, sadəcə, enerji ixracatçısı kimi yox, texnologiya nəhənglərinin və investisiyaların toplandığı rəqəmsal və logistik hab kimi tanınmasının təzahürüdür. Görüşdə aparılan müzakirələr Azərbaycanın beynəlxalq investisiyalar üçün təhlükəsiz və açıq bir liman olduğunu, ənənəvi neft-qaz ölkəsindən rəqəmsal və "yaşıl enerji" mərkəzinə keçid etmək strategiyasını ortaya qoyur.
Prezident İlham Əliyev qonaqları qəbul edərkən vurğulayıb ki, ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. Dövlət başçısı qeyd edib ki, son iki onillik ərzində ölkəmizə 350 milyard dollarlıq sərmayə cəlb olunub. Bu, Azərbaycanın son 20 ildə keçdiyi iqtisadi yolun ən mühüm statistik göstəricisidir. Bu həm də, sadəcə, bir rəqəm deyil, ölkənin beynəlxalq miqyasda etibarlı tərəfdaş imicinin maliyyə təsdiqidir. Eyni zamanda bu nəhəng kapital həm də gələcəkdə süni intellekt və "yaşıl enerji" sahələrinə yönələcək yeni sərmayə dalğası üçün möhkəm bünövrə rolunu oynayır.
Azərbaycan tərəfi Vaşinqtonla münasibətlərdə konkret iqtisadi nəticələrə söykənən "Strateji Tərəfdaşlıq Xartiyası"na üstünlük verir. Bu sənədin əsas sütunlarından biri də məhz süni intellekt və yüksək texnologiyalar sahəsidir. Prezident də bəyan edib ki, ABŞ rəhbəri Donald Trampla imzalanmış sənəd əməkdaşlığın hüquqi bazasını möhkəmləndirib. Ölkəmizin gələcək inkişaf modeli yalnız xammal ixracına deyil, həm də texnoloji mərkəzə çevrilməyə əsaslanır. Bu məqama diqqət yönəldən dövlət başçısı qeyd edib ki, Azərbaycanın məqsədi qlobal süni intellekt qovşaqlarından birinə çevrilməkdir: "Enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var".
Prezidentin çıxışında vurğulanan enerji və data mərkəzləri arasındakı əlaqə də strateji mesaj daşıyır: "Biz təbii qazı boru kəmərləri ilə 16 ölkəyə ixrac edirik və qazın boru kəməri ilə təchizatı nöqteyi-nəzərindən dünyada birinci yerdəyik. Lakin bununla yanaşı, biz süni intellekt və rəqəmsal transformasiya sahəsində tərəfdaşlarımızın olması üçün Amerika və digər ölkələrdən olan aparıcı şirkətləri cəlb etmək məqsədilə buradakı enerji potensialımızdan istifadə etmək istəyirik". Bu, Azərbaycanın iqtisadi modelində köklü dəyişikliyin elanıdır. Həmçinin neft-qazdan əldə edilən kapitalın texnologiya sahəsinə yönəldilməsinin hədəflənməsidir.
Süni intellekt və data mərkəzləri böyük miqdarda elektrik enerjisi tələb edir. Azərbaycanın 2 giqavatlıq mövcud və 2032-ci ilə qədər planlaşdırılan 7-8 giqavatlıq "yaşıl enerji" potensialı bu mərkəzlər üçün ideal zəmin yaradır. Bu, strateji bir gedişdir. Dünyada süni intellektin inkişafı üçün ən böyük maneə enerji qıtlığıdır. Prezident mesaj verir ki, bizdə həm enerji var, həm də infrastruktur.
Dövlət başçısı əlavə edib ki, hazırda üzərində işlənilən layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin TRIPP layihəsi ilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xətlərin çəkilməsidir. Yəni TRIPP marşrutu ilə yalnız yüklər deyil, həm də fiber-optik kabellər və enerji xətləri keçəcək ki, bu da Azərbaycanı Şərqlə Qərb arasında rəqəmsal körpüyə çevirəcək.
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi də vurğulayıb ki, palata Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. O qeyd edib ki, palatanın Azərbaycandakı fəaliyyəti iki il əvvəl COP çərçivəsində ölkəyə nümayəndə heyətinin gətirilməsi ilə başlayıb. Baş vitse-prezident deyib ki, Azərbaycan COP-u uğurla təşkil edib və tədbir çərçivəsində dünyanın hələ də ehtiyac duyduğu ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji mənbələrinə də xüsusi diqqət yetirilib. Çoksi bildirib ki, Azərbaycan bazarlarında fəaliyyət göstərməyin bir sıra mühüm üstünlükləri mövcuddur və bu üstünlüklərdən birincisi ölkənin hazırkı inkişaf mərhələsidir. Azərbaycan Şərqlə Qərb arasında yerləşən mühüm birləşdirici mərkəzdir və Avropanın enerji ehtiyacları fonunda enerji, nəqliyyat marşrutları, logistika, istehsal və şimal-cənub əlaqələri baxımından strateji əhəmiyyət daşıyır.
Çoksinin bəyanatları Azərbaycanın regional statusunun enerji ixracatçısı modelindən qlobal rəqəmsal və logistik hab modelinə keçidini rəsmiləşdirir. Amerika biznesi Azərbaycanı yalnız resurs mənbəyi kimi yox, digər regionların giriş qapısı kimi qəbul edir. ABŞ şirkətləri üçün Azərbaycan həm stabil neft-qaz təchizatçısı, həm də gələcəyin "yaşıl hidrogen" və bərpaolunan enerji mərkəzidir. Məhz COP29 çərçivəsində qoyulan təməllər artıq konkret biznes maraqlarına çevrilir. Ticarət Palatası Azərbaycanın iqtisadiyyatını yalnız neftlə məhdudlaşdırmır, turizm kimi sektorları da prioritet hesab edir. Eyni zamanda vurğulanır ki, Azərbaycan qlobal təchizat zəncirlərinin genişlənməsində, o cümlədən kritik minerallar, neft və qaz məhsulları, fiber-optik xətlər, regional və rəqəmsal əlaqələndirmə sahələrində mühüm rol oynaya bilər.
Nəticə etibarilə ABŞ Ticarət Palatasının geniş nümayəndə heyətinin Bakıya gəlişi bir daha təsdiqlədi ki, Azərbaycan, sadəcə, resurs bazası deyil, həm də süni intellekt, "yaşıl enerji" və rəqəmsal tranzit sahəsində mühüm strateji tərəfdaşdır. Donald Tramp administrasiyası ilə qurulan realist və praqmatik əməkdaşlıq formatı, xüsusilə "Strateji Tərəfdaşlıq Xartiyası" və TRIPP layihəsi regionun iqtisadi xəritəsini yenidən cızır. Azərbaycan enerji bolluğunu texnoloji intibahla birləşdirərək, Şərqlə Qərb arasında təkcə yüklərin deyil, həm də ideyaların və innovasiyaların daşındığı ən etibarlı liman kimi gələcəyə addımlayır.
İsmayıl QOCAYEV,
"Azərbaycan"