Azərbaycan rəqəmsal keçidi uğurla reallaşdırır
Dünya sürətli texnoloji yeniliklərlə yanaşı, hər sahədə əsaslı rəqəmsal keçid dövrünü də yaşayır. Yeni dönəmin labüd çağırışı sayılan rəqəmsallaşma və süni intellekt (Sİ) artıq dövlətlərin gələcək inkişafını, iqtisadi dayanıqlılığını və qlobal rəqabət qabiliyyətini müəyyən edən strateji zərurət halına gəlib. İnformasiyanın ən qiymətli resursa, məlumat mərkəzlərinin yeni dövrün mühərriklərinə çevrildiyi indiki şəraitdə rəqəmsal ekosistemin qurulması ölkələrin suverenliyi və tərəqqisi üçün qaçılmaz hədəfdir. Əvvəllər dövlətlərin gücü daha çox enerji resursları və ya ağır sənaye ilə ölçülürdüsə, müasir dövrdə bu güc süni intellektin inkişaf səviyyəsi ilə müqayisə edilir.
Süni intellektin 2030-cu ilə qədər qlobal ümumi daxili məhsula (ÜDM) 15.7 trilyon dollar töhfə verəcəyi gözlənilir ki, bu da Çin və Hindistanın ümumi iqtisadiyyatından daha böyük bir rəqəmdir. Daha önəmlisi də odur ki, rəqəmsallaşma istehsalatda və xidmət sektorunda insan amilindən asılılığı maksimum azaldaraq, məhsuldarlığı 40 faizə qədər artırır. Hətta Sİ alqoritmləri şəhərsalma, nəqliyyat və enerji bölgüsü kimi mürəkkəb məsələlərdə insanlardan daha dəqiq analizlər təqdim edir. O səbəbdən dünya ölkələri təhsil sistemlərini kökündən dəyişirlər. Çünki rəqəmsallaşma bəzi peşələri sıradan çıxarır, lakin daha yaradıcı və yüksək texnoloji bilik tələb edən yeni sahələr yaradır. Bu o deməkdir ki, insanlar hər il rəqəmsal bacarıqlarını yeniləmək məcburiyyətində qalacaqlar. Artıq 50-dən çox ölkə milli süni intellekt strategiyasını qəbul edərək yeni çağırışlarla ayaqlaşmağa çalışır.
Azərbaycanın müasir inkişaf kursunda rəqəmsal keçidin vahid dövlət strategiyası kimi müəyyən edilməsi qlobal çağırışlara verilən ən çevik və uzaqgörən reaksiyadır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə müşavirə göstərdi ki, ölkəmiz rəqəmsal transformasiyanı artıq ayrı-ayrı layihələr kimi yox, vahid dövlət strategiyası kimi həyata keçirmək mərhələsinə qədəm qoyur. Müşavirə zamanı bir neçə həlledici mesaj verildi. Azərbaycan lideri xüsusi olaraq vurğuladı ki, dünyada gedən meyillər, trendlər bəllidir və bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Dövlət başçısı gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyin vacib olduğunu bildirdi: "Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir".
Dövlətimizin başçısı data mərkəzlərinin yaradılmasının böyük enerji güclərini tələb etdiyini diqqətə çatdıraraq bu sahədə ölkəmizin üstünlüyə malik olduğunu söylədi: "Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir". Prezidentin fikirləri Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının fundamental dayaq nöqtəsini, enerji təhlükəsizliyi və texnoloji infrastrukturun vəhdətini ortaya qoyur. Süni intellekt dövrünün ən böyük ehtiyacı "hesablama gücü"dür və bu gücü hərəkətə gətirən elektrik enerjisidir. Qlobal miqyasda böyük data mərkəzləri bəzən kiçik bir şəhər qədər enerji istehlak edir. 10 min meqavatlıq ümumi güc, xüsusilə 2 min meqavatlıq sərbəst enerji ehtiyatı ölkəmizi xarici texnoloji nəhənglər üçün cəlbedici edir. Hidro, Günəş və külək stansiyaları da rəqəmsallaşma üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə alaq ki, müasir texnologiya şirkətləri öz serverlərini ekoloji təmiz enerji ilə qidalandırmağa çalışırlar. Azərbaycanın bərpaolunan enerji potensialı rəqəmsal arxitekturanın həm də dayanıqlı və ekoloji təmiz olmasını təmin edir.
Süni intellekt texnologiyalarının tətbiqi Azərbaycan üçün yeni iqtisadi perspektivlər açır. Əlbəttə, bunun üçün vətəndaşlara təqdim olunan xidmətlər daha operativ, əlçatan və şəffaf şəkildə vahid rəqəmsal platformalarda cəmləşməlidir. Azərbaycan Prezidentinin müşavirədə verdiyi önəmli tapşırıqlardan biri rəqəmsallaşma prosesinin dağınıq deyil, vahid koordinasiya mərkəzi tərəfindən tənzimlənməsi ilə bağlı idi. Dövlətimizin başçısı birmənalı vurğladı ki, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır: "Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir". Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, hər bir dövlət strukturunda rəqəmsallaşma Sİ və kibertəhlükəsizlik istiqamətləri üzrə rəhbər səviyyəsində konkret məsul şəxslərin təyin edilməsidir: "Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın". Hər dövlət qurumunda bu sahənin prioritet sayılması çox önəmlidir. Hədəfimiz çevik idarəetmə mexanizmləri, yüksəkkeyfiyyətli xidmət mühiti və rəqabətədavamlı iqtisadi model vasitəsilə ölkəmizin qlobal arenadakı mövqeyini daha da möhkəmləndirməkdir.
Texnologiyanı idarə edəcək insan kapitalı da başlıca şərtdir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görüldüyünü bəyan edən dövlət başçısı təhsil sistemində bu sahəyə daha böyük diqqət göstərməyin zərurəti olduğunu dedi. Cənab İlham Əliyev bu ixtisas üzrə peşəkarlığı artırmağın vacibliyindən danışdı: "Gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir".
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə rəqəmsallaşmaya keçid prosesi illər öncədən başlayıb və mərhələli şəkildə həyata keçirilir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müşavirədə çıxışından aydın oldu ki, Azərbaycanda İKT sektoru ötən il 8,5 faizlik artımla yadda qalıb. 200-dən çox normativ sənəddə edilən dəyişikliklər bu sahənin hüquqi sütunlarını möhkəmləndirib. Bu gün ölkənin ən uzaq nöqtələri belə genişzolaqlı internetlə əhatə olunub. Eyni zamanda "hökumət buludu" infrastrukturunda yerləşən dövlət qurumlarının sayı 50-dən 270-ə yüksəlib. Xidmət sektorunda tətbiq edilən SİMA biometrik imzası 4 milyon istifadəçiyə çataraq bank əməliyyatlarını tam rəqəmsallaşdırıb, vətəndaşların banka getmədən xidmət almasına şərait yaradıb. "Mygov" platforması 2,5 milyon istifadəçini özündə birləşdirir. Bu nailiyyətlər beynəlxalq arenada da maraqla qarşılanır. ABŞ şirkətlərinin ölkəmizə artan marağı və İsrail ilə imzalanan strateji sənədlər bunun bariz nümunəsidir. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən kadr hazırlığı proqramları sayəsində 16 minə yaxın gənc İKT sahəsi üzrə ixtisaslaşıb.
Süni intellektin geniş tətbiq olunduğu bölgələrdən biri də Qarabağ və Şərqi Zəngəzurdur. İşğaldan azad edilmiş bölgələrimiz hazırda Azərbaycanın "rəqəmsal və yaşıl texnologiyalar" poliqonuna çevrilib. Bu ərazilər sıfırdan qurulduğu üçün ən müasir süni intellekt həllərinin tətbiqi üçün ideal məkan sayılır. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası çərçivəsində Ağalı, Dövlətyarlı kimi kəndlər və Ağdam, Füzuli kimi şəhərlər Sİ əsaslı idarəetmə sistemləri ilə təchiz olunub. Küçə işıqlandırılması, su təminatı və tullantıların idarə olunması süni intellekt sensorları vasitəsilə optimallaşdırılıb. Bu, enerjiyə 20-30 faiz qənaət deməkdir. Gələcəkdə bölgədə pilotsuz nəqliyyat vasitələrinin və intellektual işıqfor sistemlərinin qurulması planlaşdırılır. Süni intellektin imkanlarından minaların təmizlənməsində və kənd təsərrüfatında da istifadə olunur.
Nəticə etibarilə Azərbaycanın yeni rəqəmsal arxitekturası, sadəcə, texnoloji yenilənmə deyil, həm də qlobal rəqabətdə yeni güc mərkəzinə çevrilmək iradəsidir. Enerji resurslarını intellektual kapitalla, coğrafi üstünlükləri isə rəqəmsal dəhlizlərlə birləşdirən Azərbaycan gələcəyin dünyasına tam hazır olduğunu nümayiş etdirir. Hədəflənən dəyişiklik Azərbaycanı təkcə regionun deyil, dünyanın ən çevik və innovativ dövlətlərindən birinə çevirəcək.
İsmayıl QOCAYEV,
"Azərbaycan"