"Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycan Prezidentinin güc və diplomatiya siyasətinə verilən beynəlxalq qiymətdir
Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırkı mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyətdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitliyin bünövrəsini və güclü etimad yarada bilər. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə, güzəşt yolunu tapmaq, qərarların icrasına məsuliyyətlə yanaşmaq bacarığı tələb edir. Tarix göstərir ki, uzunmüddətli və dayanıqlı əlaqələr yalnız qarşılıqlı hörmət və ehtiramla əldə oluna bilər.
Bu baxımdan, 2026-cı ilin 4 fevralı Azərbaycanın müasir diplomatiya tarixinin əlamətdar günlərindən biri kimi uzun müddət yaddaşlarda qalacaq. Həmin gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən təntənəli mərasim beynəlxalq aləmdə sülhün təşviqinə yönəlmiş mühüm bir hadisə olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhya "Zayed İnsan Qardaşlığı Mükafatı"nı təqdim etdi. Dövlət rəhbərimizə bu ali mükafatın verilməsi yalnız Azərbaycan üçün deyil, həm də bütün region və dünya üçün çox böyük bir mənaya malikdir.
Qeyd edək ki, "Zayed İnsan Qardaşlığı Mükafatı", BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsinə əsaslanaraq, dünyada sülh, humanizm, dözümlülük və həmrəylik dəyərlərini təbliğ edən ən nüfuzlu qlobal mükafatlardandır. Bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir. O, qardaşlığın təhlükəsizlik, inkişaf və insan ləyaqətinin təmin edilməsi üçün universal prinsip və praktiki təməl olduğunu bir daha təsdiqləyir. Bu mükafat Papa Fransisk və Əl-Əzhər böyük imamı tərəfindən də dəstəklənir.
Cənab İlham Əliyevə belə bir mükafatın təqdimatı Azərbaycan Prezidentinin münaqişənin ədalətli həlli yolunda göstərdiyi sülh səylərinin beynəlxalq aləmdə necə yüksək qiymətləndirilməsinə daha bir nümunədir. Belə bir ali təltif Azərbaycanın keçdiyi yolun və dövlət başçısının sülhyönümlü siyasətinin əhəmiyyətini vurğulayır.
Sülhə aparan müstəqil yol
Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunması təsadüfi bir hadisə deyil. Bu mükafat illərlə davam edən strateji və qətiyyətli siyasətin nəticəsidir. Azərbaycan Prezidenti 30 illik münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün müstəsna diplomatik səylər göstərmişdir. Ötən ilin avqustunda ABŞ-də - Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanması cənab İlham Əliyevin illərdir apardığı səbirli, strateji və qətiyyətli siyasətin məntiqi yekunu, dünyadakı bütün münaqişələri sivilizasiyalararası dialoqun gücü ilə yoluna qoymağın parlaq nümunəsidir.
Bu qərar Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli sülhə nail olmaq istiqamətindəki qətiyyətini bir daha göstərir. Münaqişənin həllində Qərbin və ATƏT-in Minsk qrupunun uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq, Prezident İlham Əliyev dünya miqyasında nüfuzlu bir diplomatik lider olaraq sülhü təmin etmək üçün müstəqil bir yol tapmışdır. Məhz bu müstəqil yol sülhə gətirib çıxarmış, onilliklərlə Ermənistan və Azərbaycan arasında münaqişənin "nə hərb, nə sülh" vəziyyətində qalmasında maraqlı olan, bundan öz çirkin maraqları üçün faydalanmağa çalışan bütün xarici güclərin təsir və təhdidlərini neytrallaşdırmışdır. Əbu-Dabidə Prezident İlham Əliyevə təqdim edilən "Zayed İnsan Qardaşlığı Mükafatı" bu paradiqmanın qələbəsidir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev demişdir: "Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.
Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda evsahibliyi etdiyi tarixi Zirvə görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur".
Mükafatın fəlsəfəsi - Azərbaycanın sülh gündəliyi
Şeyx Zayedin irsinə əsaslanan bu mükafat həmçinin humanizm, dözümlülük və həmrəylik kimi universal dəyərləri təşviq edir. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi altında Azərbaycan sülhə xidmət etməklə yanaşı, həm də beynəlxalq aləmdə tolerantlıq və multikulturalizmin mərkəzi olaraq mövqeyini gücləndirmişdir. Cənubi Qafqazda onilliklər boyu davam edən düşmənçilikləri aradan qaldırmaq və sülhün bərqərar olması naminə Prezident İlham Əliyev "qalib-məğlub" anlayışından imtina edərək bütün region üçün bərabər imkanlar yaratmağa çalışmışdır. "Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür", - deyə Azərbaycan Prezidenti mərasimdə bildirmişdir.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın verilməsi, yalnız Azərbaycanın hərbi qələbəsinin tanınması deyil, həm də ölkənin dini və etnik dözümlülük mərkəzi kimi qlobal mövqeyinin dəyərləndirilməsidir. 2019-cu ildə Roma Papası Fransisk və Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyib tərəfindən imzalanmış "İnsan Qardaşlığı Sənədi"ndə qeyd olunan dəyərlər Azərbaycan dövlətinin çoxmillətli və çoxkonfessiyalı quruluşu ilə mükəmməl şəkildə uyğunluq təşkil edir. Prezident İlham Əliyev öz siyasəti ilə bu sənədin ruhunu yaşadır və Azərbaycanı dünyada sülhə və humanizmə töhfə verən nümunəvi dövlət kimi tanıdır.
Azərbaycanın bu sahədəki diplomatik uğuru yalnız Ermənistanla sülhün əldə olunması ilə bitmir. Bu, həm də regionun təhlükəsizliyinin təmin olunması və separatizm kimi təhlükələrin aradan qaldırılması deməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində regionda artıq qanunsuz silahlı birləşmələr və separatizm yuvaları yoxdur. Cənubi Qafqazda artıq "boz zonalar"ın yerini davamlı sülh və sabitlik, bunu təmin edən dayanıqlı suveren institutlar tutub. Azərbaycanın sülhə sadiqliyi, humanist yanaşması beynəlxalq miqyasda ən yüksək səviyyədə qiymətləndirilir.
Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi dövlətimizin başçısının bütün dünyada sülhə, qardaşlığa, qlobal sabitliyə verdiyi misilsiz töhfələrə beynəlxalq ehtiramın parlaq nümunəsidir. Bu münasibət dövlət başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qırğızıstan Respublikasının Prezidenti Sadır Æaparovun, Pakistanın Baş naziri Məhəmməd Şahbaş Şərifin, Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və başqa rəsmi şəxslərin tədbirə müraciətlərində xüsusi vurğulanıb. Bildirilib ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırıla bilən gələcək qura bilərik. Qazaxıstan prezidenti müraciətində qeyd etdi ki, dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var: "Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir… Şeyx Zayed Mükafatı güclü mənəvi mesaj daşıyır… Bu mükafat Şeyx Zayed bin Sultan Al Nəhyanın dözümlülük, qarşılıqlı hörmət və dinc birgəyaşayışa əsaslanan davamlı irsini təcəssüm etdirir". Özbəkistan Prezidenti xüsusi bir məqama toxunaraq demişdir: "Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir. Bu mənada dövlət xadimlərinə belə yüksək mükafatın verilməsi, həmçinin dünyanın mühüm regionlarından birində yaranan dostluq, həmrəylik və yeni əməkdaşlıq ruhunun aydın əməli təsdiqidir. Biz istənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bu gün biz xalqımızın ümumi əmin-amanlığı və rifahını yalnız birlik, qarşılıqlı dəstək və tərəfdaşlıq vasitəsilə təmin edə bilərik. Böyük Şeyx Zayedin adını daşıyan bu mükafatın layiqli namizədlərə verilməsi faktı həmin əbədi həqiqəti bir daha aydın şəkildə sübuta yetirir".
Pakistanın Baş naziri isə müraciətində Prezident İlham Əliyevin sülh gündəliyini yüksək qiymətləndirərək bildirmişdir ki, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında bu yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir: "Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir".
Qlobal nümunə
Əbu-Dabidə keçirilən təltifetmə mərasimi qlobal miqyasda mühüm bir nümunə yaratdı. Göstərdi ki, dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr üçün Azərbaycan sülhün əldə olunması və qarşılıqlı razılaşmaların təşviq edilməsi baxımından əhəmiyyətli rol oynaya bilər və ölkəmiz bu missiyanı şərəflə yerinə yetirməyi bacarır. Prezident İlham Əliyevin diplomatik uğurları, sadəcə, bir münaqişənin həllindən ibarət deyil, həm də bütün dünya üçün güc və diplomatiyanın vəhdətinin əyani sübutudur.
Bu mükafat Azərbaycanın beynəlxalq aləmdəki yerinin necə möhkəmləndiyini göstərdiyi kimi, Prezident İlham Əliyevin qlobal liderlik mövqeyinin də ən yüksək məqama yüksəldiyini nümayiş etdirir. Fevralın 4-də Əbu-Dabidə təqdim edilən "Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycan xalqının qələbəsinin, müdrikliyinin və sülhsevərliyinin, İlham Əliyevin liderlik qüdrətinin beynəlxalq səviyyədə təsdiqidir.
Bu mötəbər mükafat Azərbaycanın və şəxsən cənab İlham Əliyevin sülhə sadiqliyinin təcəssümüdür. Bu gün Azərbaycan gücünü və humanist irsini bir daha nümayiş etdirərək, qlobal miqyasda öz nüfuzunu daha da möhkəmləndirir və regionda sabitliyin qarantı kimi tanınır. 2026-cı il 4 fevral tarixi Azərbaycanın və Prezident İlham Əliyevin sülh, sabitlik və humanizm uğrunda verdiyi mübarizənin qələbə günü kimi tarixə yazılacaq.
Əbu-Dabidə keçirilən təntənəli tədbir bir həqiqəti də təsdiqlədi ki, sülhə, ədalətə, insanların xoşbəxtlik və rifahına xidmət edən istənilən fəaliyyət gec-tez öz hədəflərinə çatır və layiqli mükafatını alır. Prezident İlham Əliyev üçün ən qiymətli və əvəzolunmaz mükafatsa, heç şübhəsiz ki, Azərbaycan xalqının verdiyi mükafatdır. Onun tarixi missiyasının xalqımızın milli yaddaş salnaməsində formalaşdırdığı dəyərdir. Cənab İlham Əliyev Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan olaraq, xalqımızın və dövlətimizin qarşısında duran ən mürəkkəb və vacib məsələləri həll etmiş, bu gün isə dövlətimizi inamla gələcəyə aparan, ən yüksək zirvələrə yönləndirən böyük Liderdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"