Qırğızıstanın “Kabar” Milli Xəbər Agentliyi Qırğızıstan Respublikasının Əməkdar Mədəniyyət Xadimi, ASSOL Beynəlxalq İctimai Fondunun prezidenti, Çingiz Aytmatov adına İssık-Kul Forumunun vitse-prezidenti və baş katibi, Beynəlxalq Xalq Diplomatiyası Birliyinin vitse-prezidenti, jurnalist, prodüser və televiziya aparıcısı Assol Moldokmatova ilə müsahibə dərc edib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ xalq diplomatı Assol Moldokmatovanın gözü ilə” sərlövhəli müsahibədə “Dünya liderləri” beynəlxalq layihəsinin müəllifi Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Səfər zamanı o, Türk dünyasında humanitar əməkdaşlığın inkişafına həsr olunmuş bir sıra beynəlxalq tədbirlərə qatılıb və Qarabağ bölgəsinə səfər edib. Mədəniyyətin sülhün möhkəmləndirilməsindəki rolu və Azərbaycan-Qırğızıstan münasibətlərinin möhkəmləndirilməsinə töhfə verən amillərdən danışıb.
Assol Moldokmatovanın sözlərinə görə, ona ən güclü təsir bağışlayan təkcə Qarabağdakı bərpa işlərinin miqyası deyil, həm də bölgənin inkişafına yanaşma olub. “Dövlətin çətin sınaqlardan sonra keçmişlə yaşamaq əvəzinə, gələcəyi yaratmağa başlamaq qabiliyyəti məni heyrətləndirdi”, - deyə o bildirib.
Qarabağın bərpası və yenidən qurulması ilə bağlı şərh verən agentliyin müsahibi regionun bu gün postsovet məkanında XXI əsrin ən böyük tikinti sahələrindən biri olması ilə bağlı qiymətləndirmə ilə razılaşıb. O qeyd edib ki, nəqliyyat infrastrukturu, təhsil, mədəniyyət, səhiyyə, mənzil tikintisi və rəqəmsal texnologiyalar eyni vaxtda inkişaf edir. “Bu, fərdi layihələr deyil, sistemli dövlət strategiyasıdır. Dövlətin irəliyə doğru düşünməsi həmişə hörmətə layiqdir”, - deyə Assol Moldokmatova vurğulayıb.
Müsahibədə o, Ağdama və Şuşaya səfərindən də danışıb. Qeyd edib ki, Ağdam müharibənin nəticələrini xatırlatmaqla güclü təəssürat bağışlayır, eyni zamanda, o, həm də dirçəlişin simvoludur. “Tikinti işlərinin miqyası, yeni yollar, yaşayış məhəllələri, məktəblər, məscidlər və mədəni obyektlər həyatın geri qayıtdığını göstərir. Mənim üçün bu, dövlətin təkcə binaları bərpa etmək deyil, həm də insanlara ümid qaytarmaq qabiliyyətinin nümunəsi oldu”, - deyə o qeyd edib.
Şuşa haqqında danışan Assol Moldokmatova şəhərin özünəməxsus tarixi və mədəni atmosferini vurğulayıb. “Tarixin və mədəniyyətin dərinliyi burada xüsusilə hiss olunur. Küçələrdə gəzərkən bu şəhərin niyə Azərbaycanın mədəniyyət paytaxtı adlandırıldığını başa düşürsən. Burada öz köklərinə, incəsənət, ədəbiyyat və musiqi sahəsində görkəmli xadimlərin xatirəsinə hörmət hiss olunur. Şuşa keçmişin və indiki zamanın vahid məkanda bir arada mövcud olduğu bir yerdir”, - deyə o bildirib.
Assol Moldokmatovanın sözlərinə görə, Ağdam və Şuşa eyni tarixin iki tərəfini - itki ağrısını və dirçəlişin gücünü əks etdirir və məhz bu, ən güclü təsir bağışlayır.
Xalq diplomatı ölkədə baş verən dəyişikliklərlə şəxsən tanış olmaq imkanına görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. “Hər şeyi öz gözlərimlə görmək imkanına görə Azərbaycan hökumətinə səmimi-qəlbdən minnətdaram. Belə səfərlər stereotiplərdən imtina etməyə, real mənzərəni görməyə, xalqın ruhunu hiss etməyə və sülhün dəyərini daha yaxşı anlamağa imkan verir. Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlıq xalqlarımız üçün yeni imkanlar açaraq bundan sonra da güclənməyə davam edəcək”, - deyə o vurğulayıb.
Assol Moldokmatova, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin inkişafındakı, o cümlədən Qarabağın bərpasındakı roluna toxunaraq, onun strateji qərarlar qəbul etmək və onlara görə məsuliyyət daşımaq bacarığını vurğulayıb ki, bu da onun fikrincə, dövlət liderinin miqyasını müəyyən edir.
“Tarixi şüarlarla dəyişdirmək mümkün deyil – o, liderin şəxsi məsuliyyət daşımağa hazır olduğu qərarlarla dəyişdirilir. Mənim fikrimcə, Azərbaycan Prezidenti İlham Əliyevin rolu məhz bundan ibarətdir.
Qarabağa gələndə başa düşürsən ki, söhbət, sadəcə ərazilərin bərpasından getmir. Ölkənin qarşısında daha mürəkkəb bir vəzifə dururdu - illərdir demək olar ki, olmadığı yerə həyatı qaytarmaq. Bu, şəhərlərin, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların tikilməsi, iş yerlərinin yaradılması və insanların qayıtması üçün şərait yaratmaq deməkdir. Bu cür layihələr uzunmüddətli strategiya, ardıcıl dövlət siyasəti və bütün dövlət qurumlarını bu məqsəd ətrafında birləşdirmək bacarığı olmadan həyata keçirilə bilməz. Bu, indiki və gələcək nəsillər qarşısında çox böyük məsuliyyət tələb edir.
Uzun illərdir ictimai diplomatiya ilə məşğul olan insan kimi bilirəm: liderlər haqqında daha yaxşı şəkildə qiymətləndirmələr deyil, nəticələr bəhs edir. Artıq görülən işlərin miqyasını öz gözünlə gördükdə bu transformasiyaların arxasında nəhəng miqdarda qərarların, resursların və gündəlik işlərin dayandığını başa düşürsən. Bəlkə də dövlət liderinin əsl miqyası da məhz bundadır: təkcə tarixi qərarlar qəbul etmək deyil, həm də onların insanların görə, hiss edə və gələcək nəsillərə ötürə biləcəyi real dəyişikliklərə çevrilməsi üçün şərait yaratmaq”, - deyə A.Moldokmatova bildirib.
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın dinamik inkişafına səbəb olan amillərdən danışan jurnalist iki dövlət başçısının rolunu xüsusi vurğulayıb: “Şübhəsiz ki, istənilən strateji tərəfdaşlığın təməlində dövlət başçılarının siyasi iradəsi durur. İkitərəfli münasibətlərin istiqamətini müəyyən edən, etimad mühitini yaradan və əməkdaşlıq üçün yeni imkanlar açan məhz liderlərdir. Bu gün Qırğızıstan Prezidenti Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm təməldir”.
Eyni zamanda, A.Moldokmatova iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində xalqlararası təmasların və xalq diplomatiyasının rolunu qeyd edib.
“Bu münasibətləri gücləndirmək üçün hər gün, səylə və çox vaxt diqqətdən kənarda qalan insanlar çox böyük rol oynayır. Məhz belə gündəlik iş dövlətlər arasında əsl etimad yaradır. Böyük siyasi qərarlar ən yüksək səviyyədə qəbul edilir, lakin onların möhkəmliyi əsasən bu müqavilələri həqiqi məna ilə dolduran insanlardan asılıdır. Məhz buna görə də Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər bu gün təkcə rəsmi diplomatiya səviyyəsində deyil, həm də insani ünsiyyət, mədəniyyət, elm və qarşılıqlı hörmət səviyyəsində inkişaf edir. Bu isə əməkdaşlıq üçün möhkəm təməl yaradır”, - deyə o bildirib.
Müsahibənin sonunda Assol Moldokmatova Azərbaycandan quruculuğun məhv etmədən həmişə daha güclü olduğu qənaəti ilə ayrıldığını deyib. “Şəhərləri itirmək, çətin sınaqlara tab gətirə bilmək olar, amma bir xalq ləyaqətini, zəhmətini, tarixinə hörmətini və gələcək qurmaq istəyini qoruyub saxlayırsa, o, qaçılmaz olaraq yenidən dirçələcək”, - deyə Qırğız xalq diplomatı vurğulayıb.