Qazaxda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı müdrik Azərbaycan xalqının qan yaddaşıdır" mövzusunda tədbir keçirilmişdir. İştirakçılar öncə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək igid Vətən oğullarının, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərdən danışmış, bu soyqırımın təkcə xocalılıların deyil, bütövlükdə Azərbaycan xalqının faciəsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Xocalı soyqırımına ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi qiymət verilmişdir. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış etmişdir: "XX əsr Azərbaycanın milli dövlətçilik tarixində qanlı faciələr, saysız qurbanlar, ərazi itkiləri, soyqırımları, deportasiyalarla müşayiət olunmuşdur. Onlardan biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir". Hər il bu faciənin ildönümünün ölkəmizdə, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə qeyd olunduğunu deyən R.Babaşov Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərindən danışmışdır: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində müxtəlif ölkələrdə mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın fəaliyyətini ümumilikdə 100 minlərlə şəxs və 115 təşkilat dəstəkləmişdir".
Tədbirdə vurğulanmışdır ki, Xocalıda törədilən vəhşiliklərin cavabı 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərində verildi. Vətən müharibəsində yenilməz ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etdi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisası alındı və 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində dövlət bayrağımız ucaldıldı.
***
Daşkəsən Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlamıışdır.
Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımını XX əsrin ən dəhşətli faciələrindən biri adlandırmış, qadınların, uşaqların və qocaların amansızlıqla qətlə yetirilməsindən bəhs etmiş, bu hadisənin insanlığa qarşı yönəlmiş ağır cinayət olduğunu diqqətə çatdırmış, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərdən danışmışlar. Bununla bağlı müxtəlif ölkələrdə anım mərasimlərinin, konfrans və sərgilərin təşkil edilməsində Birinci vitze-prezident Mehriban Əliyevanın gördüyü işləri müsbət dəyərləndirmişlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyasında, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd etmişlər.
Tədbirdə həmçinin bildirilmişdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa olunmuş və Xocalı şəhəri üzərində Azərbaycanın dövlət suverenliyi tam təmin edilmişdir. Hazırda işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur yenidən qurulur, məktəblər, xəstəxanalar və digər ictimai obyektlər tikilir, yollar, körpülər və enerji şəbəkələri inşa edilir.
Sabir ƏLİYEV,
"Azərbaycan"