27 Fevral 2026 08:25
202
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ münasibətləri: 34 illik tarixin yüksəliş dövrü

Azərbaycan-ABŞ münasibətləri: 34 illik tarixin yüksəliş dövrü


Xalqların, ölkələrin, bir qədər də konkret yanaşsaq, regionların strateji inkişafı bir çox halda tarixi fürsətlərdən asılı olur. Yaranmış əlverişli imkanları vaxtında dəyərləndirməyi bacaran liderlərin müdrik qərarları, çevik davranışları bu fürsət anlarını böyük coğrafiyaların tarixi taleyindəki dönüş məqamına çevirir. Belə bir reallığı bu gün Azərbaycanla ABŞ arasında dinamik inkişaf edən münasibətlərdə müşahidə etmək olar.

Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan ABŞ üçün həmişə regionun əhəmiyyətli ölkəsi sayılıb. Azərbaycanın artıq 35 ilə çatan müstəqillik tarixində ABŞ ilə münasibətlərin inkişafında hər iki tərəf üçün qarşılıqlı faydalar yaradan mühüm nailiyyətlər əldə edilib. Tarixi obyektivlik naminə yada salaq ki, qazanılmış uğurlarla yanaşı, xüsusilə müstəqilliyin ilk illərindəki səriştəsiz iqtidarlar dövründə Azərbaycanın bu münasibətlərdə itirdiyi imkanlar, yaxud ABŞ-nin bəzi siyasi dairələrinin ölkəmizə qarşı yol verdikləri yanlış yanaşmalar ucbatından ikitərəfli əlaqələrdə düyünlü nöqtələrin yaranması halları da olub. Bu gün isə Ağ Evin qlobal siyasi-iqtisadi düzənə yeni strateji baxışı, bu fövqəldövlətin dəyişən prioritetləri və bütün bunların yaratdığı böyük fürsətlər fonunda Azərbaycan-ABŞ münasibətləri 35 illik müstəqillik dövrümüzün, demək olar, ən yüksək mərhələsindədir.

Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatik bacarığının, yaranmış hər imkandan ölkəmizin, xalqımızın milli maraqları, yaşadığımız coğrafiyanın təhlükəsizliyi və dayanıqlı inkişafı naminə istifadə məharətinin, proseslərə əsl strateq reaksiyasının müstəsna rolu vardır.

 

Münasibətlərdə yeni səhifə - TRIPP

 

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ailə üzvləri ilə ölkəmizə səfəri, dünyanın ən qüdrətli dövləti ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması, belə bir tarixi sənəddə qarşıya qoyulan məqsədlər bunun daha bir nümayişi oldu və iki ölkə arasındakı münasibətləri yeni bir institusional mərhələyə yüksəltdi.

Cənab İlham Əliyevin yaranmış qlobal imkanları ölkəmizin və Cənubi Qafqazın gələcəyi üçün reallığa çevirmə bacarığının daha bir təzahürü kimi tarixə düşən bu anlaşma Azərbaycanla ABŞ arasında diplomatik əməkdaşlığın genişləndirilməsindən də çox regionun geosiyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına təsir edə biləcək uzunmüddətli strateji xəritə rolunu oynayır.

Vətən müharibəsindəki tarixi Zəfərimiz nəticəsində ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasından, ötən ilin 8 avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında sülh sazişinin paraflanmasından sonra sözügedən xartiyada suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin irəli sürülməsi bir tərəfdən sənədin siyasi legitimliyinin əsası, digər tərəfdən regionun gələcək təhlükəsizliyinə baxış kimi mühüm önəm kəsb edir. Sənəddə əməkdaşlığın konkret sahələr üzrə strukturlaşdırılması isə Azərbaycan-ABŞ münasibətlərinin daha böyük niyyətlərini göstərir: məqsəd təkcə hazırda xoş məcrada inkişaf edən münasibətləri, sadəcə, indiki səviyyəsində qorumaq deyil, onları daha sistemli, institusional və nəticəyönümlü mərhələlərə adlatmaqdır.

Strateji xartiyanın əsas xətlərindən biri regional bağlantıların gücləndirilməsidir. Burada Trans-Xəzər Nəqliyyat Dəhlizinə (Orta dəhliz) xüsusi diqqətin ayrılması Azərbaycanın Avrasiya logistika sistemində əsas qovşaq kimi mövqeyini gücləndirir. Bu, ölkənin yalnız enerji ixracatçısı yox, həm də nəqliyyat və data tranzit mərkəzinə çevrilməsi strategiyasının beynəlxalq səviyyədə dəstəklənməsi deməkdir. Eyni zamanda sənəddə qeyd olunan multimodal layihələr, xüsusilə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq, Azərbaycan Respublikasının əsas hissəsi ilə   Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətinin vurğulanması, bu istiqamətdə əməkdaşlığı genişləndirmək məqsədinin bəyan edilməsi regionda yeni iqtisadi dinamikaya təkan verərək siyasi-iqtisadi sabitlik alətinə çevrilir.

Enerji sahəsində əməkdaşlığın inkişafı isə münasibətlərin ənənəvi təməlinin daha da möhkəmləndirilməsi mənasına gəlir. Məlumdur ki, Azərbaycan son onilliklərdə Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır və ABŞ ölkəmizin bu qlobal statusunu müvafiq xartiya ilə strateji səviyyədə tanımış olur.

 

Yeni iqtisadi gündəm

 

Azərbaycanla ABŞ arasında diqqəti çəkən ən mühüm məqamlardan biri də münasibətlərdə yeni iqtisadi gündəmin yaranması, bu gündəmin ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, müasir dünyamızın əsas çağırışlarından olan texnologiya, süni intellekt və rəqəmsal infrastruktur üzrə sıx tərəfdaşlıqları da özündə ehtiva etməsi, beləliklə, iqtisadi əməkdaşlığın yeni mərhələyə keçididir. Məlumdur ki, əvvəlki dövrlərdə Azərbaycan-ABŞ münasibətləri əsasən enerji layihələri üzərində qurulurdu. İmzalanmış xartiya isə texnologiya və innovasiya əsaslı əməkdaşlığı da ön plana çıxararaq, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktura sərmayələr, R&D platformaları və texnoloji transfer mexanizmlərinin nəzərdə tutulması ilə Azərbaycan iqtisadiyyatının struktur transformasiyası üçün yeni imkanlar açır. Bu yanaşma Azərbaycanın regionda enerji ilə yanaşı, həm də rəqəmsal iqtisadiyyat mərkəzi kimi formalaşması strategiyasına uyğun gəlir. ABŞ-nin texnoloji ekosistemi ilə sıx əməkdaşlığın bu prosesə böyük sürət, səmərəlilik və keyfiyyət gətirəcəyi şübhəsizdir.

Özəl sektorun aktiv rolunun xüsusi vurğulanması isə Azərbaycan və ABŞ arasında iqtisadi sahədə həyata keçirilməsi nəzərdə tutulan potensial layihələrin praktik xarakterindən xəbər verir ki, bu da münasibətlərin dövlətlərarası səviyyədən biznes-ekosistem səviyyəsinə keçməsi deməkdir.

Xartiyanın təhlükəsizliklə bağlı bölməsi Azərbaycan-ABŞ münasibətlərinin strateji və geosiyasi məzmununu daha açıq şəkildə göstərir. Burada müdafiə və hərbi əməkdaşlığın genişləndirilməsi, antiterror və kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət, humanitar minatəmizləmə sahəsində texnologiya və maliyyə dəstəyi kimi diqqəti çəkən üç mühüm istiqamət iki ölkə arasındakı münasibətlərin təhlükəsizlik tərəfdaşlığı formatında da inkişaf etdiyini, qlobal risklərə qarşı güclü cavab reaksiyaları formalaşdırdığını göstərir. Xüsusilə kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi sahələrin vurğulanması sənədin müasir riskləri nəzərə almasına dəlalət edir. Ümumilikdə Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində üç əsas dönüş nöqtəsini nişan verir: 1) Azərbaycan regional tranzit və enerji qovşağı kimi ABŞ tərəfindən strateji tərəfdaş statusunda tanınır; 2) Münasibətlər enerji əməkdaşlığından texnologiya və innovasiya əməkdaşlığı mərhələsinə keçir; 3) Təhlükəsizlik sahəsində əməkdaşlıq daha institusional və sistemli formaya salınır.


Cənubi Qafqazın gələcəyini quran Lider

 

Bu xartiya Azərbaycanın və dövlətimizin başçısı İlham Əliyevin qlobal rolunun, eləcə də Cənubi Qafqazın gələcəyini quran liderlik missiyasının beynəlxalq səviyyədə rəsmi təsdiqi kimi də qiymətləndirilə bilər. Dünyanın ən güclü dövlətinin rəhbəri - ABŞ Prezidenti Donald Trampın həmkarı İlham Əliyev haqqında indiyə qədər fərqli siyasi ortamlarda ən yüksək fikirlər söyləməsi, onu qüdrətli lider elan etməsi, yaxın dostum adlandırması, cənab İlham Əliyev şəxsiyyətinə heyranlığını gizlətməməsi də bunu təsdiqləyir.

Diplomatik münasibətlərdə liderlərin bir-biri haqqında xoş sözlər dilə gətirməsi, yüksək rəylər ifadə etməsi əksər hallarda adi diplomatik etiket qaydası kimi qəbul olunur. Amma siyasət, diplomatiya sahəsində az-çox təcrübəsi olan, ayrı-ayrı epizodları birləşdirib ümumi mənzərəyə oradan baxmağı bacaran hər kəs bu cür kəlmələrdən hansıların sırf diplomatik etiketdən, hansıların ürəkdən gəldiyini də ayırd etmək imkanındadır. Bu baxımdan ABŞ Prezidentinin Azərbaycan Prezidentinə olan münasibəti, onun haqqında ifadə etdiyi rəylər, tam qətiyyətlə deyə bilərik ki, sırf səmimiyyətə əsaslanır və bu, təsadüfi deyil. Elə insani dəyərlər, keyfiyyətlər, davranışlar var ki, onları statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər kəs yüksək qiymətləndirir, rəğbətlə qarşılayır. Məsələyə bu prizmadan yanaşsaq, aydın görərik ki, Azərbaycan Prezidenti İlham Əliyev ömrünün böyük hissəsini böyük biznes idarəçiliyində keçirmiş, maraqlı tərəflərlə sıx tərəfdaşlıq münasibətlərində olmuş, fərdlərin şəxsi xarakterlərini, emosional zəkasını ayırd etməkdə yüksək ustalığa malik Donald Trampın bu yüksək münasibətini məhz şəxsi keyfiyyətləri ilə qazanıb.

Siyasətin və diplomatiyanın yazılmamış qanunu var: dövlətlərarası münasibətlərdə şəxsiyyət faktoru həmişə müsbət və ya mənfi istiqamətdə çox önəmli rol oynayır, bu amil münasibətləri ya pozur, ya da əksinə, inkişaf etdirir. Bu gün Azərbaycan və ABŞ  arasındakı qarşılıqlı rəğbət, güvən və etimadın iki dövlətin münasibətlərinin tam nizama düşməsində, yüksələn xətt üzrə inkişafında ən mühüm amillərdən olduğu danılmaz reallıqdır.

 

"Şərqin qapısı"ndan böyük dünyaya

 

Bu gün Prezident İlham Əliyev Azərbaycanı böyük bir coğrafiyanın mühüm ticarət-tranzit qovşağına, enerji təhlükəsizliyi məkanına çevirir, ölkəmizə qlobal proseslərə ciddi təsir imkanlarına malik geosiyasi, geoiqtisadi aktor statusu qazandırır. Azərbaycanın bu müstəsna mövqeyində ölkəmizin hər bir bölgəsinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri və rolu var.

Tarixi məxəzlərdə "Şərqin qapısı" kimi öz əbədi izini qoymuş Naxçıvan İlham Əliyevin qurduğu yeni arxitekturada türk dünyası üçün böyük dünyaya açılan qapı, eyni zamanda Orta dəhlizin mühüm seqmentlərindəndir. Bu, Naxçıvanın siyasi, iqtisadi, logistik əhəmiyyətini, əlahiddə platforma kimi mövqeyini qlobal miqyasa yüksəldir. Azərbaycan Prezidentinin nəzərində Naxçıvan strateji hədəflərə doğru aydın yolun çox mühüm məkan elementi, indinin böyük niyyətlərini gələcəyin reallıqları ilə qovuşduran etibarlı körpüdür.

Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı təsbit olunmuş müddəalar, Azərbaycanın əsas hissəsinin Naxçıvanın nəqliyyat əlaqələri ilə birləşdirilməsi geosiyasi əhəmiyyətindən, daşıdığı tarixi-mənəvi dəyərdən əlavə, bölgə üçün həm də mühüm iqtisadi əhəmiyyət kəsb edir. Uzun illər blokada şəraitindən əziyyət çəkmiş Naxçıvanın inkişafı önündə geniş üfüqlər açır.

ABŞ ilə imzalanmış sənəddə müdafiə sənayesindən bərpaolunan enerjiyə, süni intellekt həllərindən kənd təsərrüfatına, təhlükəsizlik risklərinin idarəçiliyindən kosmik sənayeyə, kommunikasiya məsələlərindən müvafiq müəssisələrin, istehsal sahələrinin yaradılmasına qədər hər nə öz əksini tapıbsa, strateji inkişaf hədəfləri kimi onların reallaşmasında ölkəmizin digər iqtisadi regionları ilə birgə Naxçıvanın da potensialından geniş istifadə nəzərdə tutulub. Bu isə Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli müvafiq sərəncamı ilə təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın məqsədlərini də özündə parlaq şəkildə əks etdirir.

Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya ilə müvafiq dövlət proqramının məqsədlərinin uzlaşdırılması Prezident İlham Əliyevin məsələlərə necə kompleks şəkildə, bütöv bir tam kimi yanaşmasını növbəti dəfə nümayiş etdirir, eyni zamanda dövlət başçısının Naxçıvana, iqtisadi bölgənin perspektiv inkişafına bu cür əlahiddə münasibəti Naxçıvan əhalisinin, Naxçıvan rəhbərliyinin də qarşısında mühüm vəzifələr, təxirəsalınmaz öhdəliklər müəyyənləşdirir.

Ötən il noyabrın 12-də dövlət başçısı Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edərkən bu vəzifələri diqqətə çatdırdı, regionlarımızın, o cümlədən Naxçıvanın inkişafı ilə bağlı konkret tapşırıqlarını verdi.

 

Sülh gündəliyindən Sülh Şurasına

 

Azərbaycan Prezidenti İlham Əliyevin fevral ayında ABŞ-yə səfəri və səfər çərçivəsində Sülh Şurasının ilk iclasında iştirakı müasir diplomatiya tariximizin növbəti nailiyyətlərindən biri kimi qeyd olundu.

Məlumdur ki, beynəlxalq münasibətlər sistemi hazırda köklü transformasiya mərhələsindən keçməkdədir. Geosiyasi rəqabətin kəskinləşməsi, regional münaqişələrin artması və təhlükəsizlik çağırışlarının mürəkkəbləşməsi mövcud qlobal idarəetmə mexanizmlərinin yeni reallıqlara adekvat cavab vermədiyini göstərir. Bu dəyişikliklər fonunda beynəlxalq sülhün təmin olunması üçün yeni alətlərin və platformaların formalaşdırılması məsələsi günümüzün əsas mövzularından birinə çevrilib.

Azərbaycanın bu platformada iştirakının əsasını dövlət başçısı İlham Əliyevin müstəqil və balanslı xarici siyasət xətti təşkil edir. Ölkəmizin beynəlxalq müstəvidə fəal siyasət yürütməsi Prezident İlham Əliyevin irəli sürdüyü inkişaf modeli, strateji sabitlik kursu və çoxtərəfli diplomatiyaya verdiyi töhfələrlə birbaşa bağlıdır. Azərbaycan regional və qlobal problemlərin qarşısının alınması və idarə olunmasında konstruktiv yanaşmanı, dialoqu və nəticəyönümlü diplomatiyanı əsas prinsip kimi irəli sürür.

Sülh Şurası çərçivəsində Azərbaycanın xüsusi diqqət mərkəzində olmasının mühüm səbəblərindən biri də Ermənistanla münasibətlərdə irəli sürülən sülh gündəliyidir. Azərbaycan uzun illər davam edən münaqişənin həlli istiqamətində beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni reallıq formalaşdırıb. Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarlarından və ən fəal təşviqatçılarından biri kimi çıxış edir. Azərbaycanın dövlət rəhbərinin liderliyi ilə həyata keçirilən siyasət nəticəsində regionda davamlı sülh üçün praktik əsaslar yaradılıb. Bu təcrübə qlobal miqyasda münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə dair uğurlu nümunələrdən biri kimi dəyərləndirilir.

Ümumilikdə, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal sülh və təhlükəsizlik gündəliyində artan rolunu bir daha nümayiş etdirdi. Göstərdi ki, Azərbaycan yalnız regional aktor deyil, həm də beynəlxalq səviyyədə sülh təşəbbüslərinə töhfə verən, məsuliyyətli və praqmatik siyasət yürüdən dövlət kimi qəbul olunur.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraqlı tədqiqatçı: Xocalı qətliamı beynəlxalq humanitar hüququn prinsiplərinə qarşı yönəlmiş ağır cinayətdir  

10:06
27 Fevral

Türkiyənin Rusiyadakı səfiri: Biz hər zaman Can Azərbaycanın yanındayıq

09:57
27 Fevral

Oman süni yağış stansiyaları şəbəkəsini genişləndirir

09:56
27 Fevral

Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayılın Horovlu kəndinə köç karvanları yola düşüb  

09:35
27 Fevral

Unutqanlığı gecikdirmək mümkündür

09:35
27 Fevral

Ötən il ölkə əhalisinin sayı 37,4 min nəfərdən çox artıb

09:30
27 Fevral

Memarlıq abidələrimizin yorulmaz tədqiqatçısı

09:25
27 Fevral

Qılınc kəsməyəni hiylə kəsdi

09:20
27 Fevral

Yardımlıda sahibkarlar və KOBİA bir araya gəldilər

09:15
27 Fevral

Çobanların halal yurdu

09:10
27 Fevral

Xocalı soyqrımının qurbanları anılıb

09:05
27 Fevral

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin ünvanı

09:00
27 Fevral

Dayanıqlı və davamlı su strategiyası

08:55
27 Fevral

I Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ idi

08:50
27 Fevral

İrəvan seçki prosesini hibrid müdaxilədən qorumaq istəyir

08:45
27 Fevral

Antimilli ünsürlərin xisləti 

08:40
27 Fevral

Milli maraqları uğurla təmin edən enerji siyasəti 

08:35
27 Fevral

Sülhün iqtisadi formulu 

08:30
27 Fevral

Azərbaycan-ABŞ münasibətləri: 34 illik tarixin yüksəliş dövrü

08:25
27 Fevral

"Xocalı: Zamanın dayandığı an!"

08:20
27 Fevral

İzləri silinsə də, acıları silinməyəcək

08:15
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!