30 Sentyabr 2026 10:00
108
CƏMİYYƏT
A- A+
Vətən müharibəsinin hər günü şanlı tariximizdir

Vətən müharibəsinin hər günü şanlı tariximizdir


27 sentyabr Azərbaycan tarixində həm böyük Zəfərə aparan yolun başlanğıcı, həm də Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin əbədiləşdiyi gündür. Altı il əvvəl məhz bu tarixdə başlayan hadisələr xalqımızın taleyində yeni səhifə açdı. Otuz ilə yaxın işğal altında qalan torpaqların azadlığı uğrunda mübarizə 44 gün ərzində Azərbaycanın hərbi-siyasi tarixini dəyişən böyük Qələbə ilə nəticələndi. Sentyabrın 27-si ölkəmizdə təkcə müharibənin başladığı tarix kimi deyil, Vətənin ərazi bütövlüyü naminə həyatını fəda edən şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad edildiyi Anım Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü təsis edilib. Sərəncamda Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını azad edilmiş torpaqlarda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiram ifadə olunur.

2020-ci ilin sentyabrına aparan yol isə uzun və mürəkkəb idi. Ermənistanın təcavüzkar hərəkəti nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi təxminən 30 il işğal altında qaldı, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Şəhər və kəndlər dağıdıldı, tarixi, mədəni və dini abidələrə ciddi ziyan vuruldu. Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində uzun illər aparılan proses isə gözlənilən nəticəni vermirdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, bu tələblər illərlə icra edilmədi. Azərbaycan bütün bu müddətdə ərazi bütövlüyünün beynəlxalq hüququn prinsipləri əsasında bərpasını tələb edir, məsələnin sülh yolu ilə həllinə çalışırdı. Lakin danışıqlar prosesində irəliləyişin əldə edilməməsi, təmas xəttində və dövlət sərhədində davam edən hərbi təxribatlar vəziyyəti getdikcə daha da gərginləşdirirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini ağır silahlardan atəşə tutmasından sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Həmin gün ölkədə hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edildi. Beləcə, tariximizə Vətən müharibəsi kimi daxil olan 44 günlük mübarizə başladı. 

Müharibənin ilk günündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti qarşıdakı mübarizənin əsas siyasi və mənəvi mesajını ifadə etdi. Dövlət başçısı çıxışını sonradan Zəfərin rəmzlərindən birinə çevriləcək sözlərlə tamamladı: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Bu müraciət 44 günlük müharibə ərzində Prezidentin xalqa etdiyi müraciətlərin başlanğıcı oldu. Döyüşlər davam etdikcə azad edilən şəhər və kəndlər barədə xəbərlər ölkədə böyük ruh yüksəkliyi yaratdı, cəbhədən gələn hər yeni qələbə xəbəri xalqın ordusuna inamını daha da artırırdı. Ön cəbhədə Azərbaycan əsgəri döyüşür, arxa cəbhədə isə milyonlarla insan eyni amal ətrafında birləşirdi.

Vətən müharibəsində qazanılan Qələbənin təməlində uzun illər ərzində aparılan dövlət və ordu quruculuğu dayanırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, nizami və güclü ordunun yaradılması əsas prioritetlərdən biri oldu. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdirildi, Silahlı Qüvvələrin maddi-texniki bazası yeniləndi, müasir silah və texnologiyaların tətbiqi genişləndirildi, hərbi qulluqçuların peşəkarlığının artırılmasına xüsusi diqqət göstərildi.

2020-ci ilin payızında illərlə görülən hazırlığın nəticəsi döyüş meydanında özünü göstərdi. Azərbaycan Ordusu mürəkkəb relyef və düşmənin möhkəmləndirdiyi müdafiə xətlərinə baxmayaraq, bir sıra istiqamətlərdə irəlilədi. Döyüşlərin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, Hadrut qəsəbəsi, yüzlərlə yaşayış məntəqəsi və strateji yüksəkliklər azad edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı, 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu.

Qələbəyə aparan yol yalnız döyüş meydanından keçmirdi. 44 gün ərzində Azərbaycan cəmiyyəti böyük həmrəylik nümayiş etdirdi. İnsanlar orduya dəstək göstərir, könüllülər müxtəlif təşəbbüslərə qoşulur, həkimlər yaralıların həyatını xilas etmək üçün gecə-gündüz çalışırdılar. Müəllimdən həkimə, gəncdən yaşlıya qədər cəmiyyətin müxtəlif təbəqələri bir məqsəd ətrafında birləşmişdi. Dövlət, xalq və ordu birliyi həmin günlərdə sadəcə şüar deyil, real ictimai qüvvə kimi özünü göstərdi. Bu birliyin ən böyük mənəvi dayağı isə döyüş meydanında misilsiz şücaət göstərən Azərbaycan əsgəri idi. Hər azad olunan kənd, hər geri qaytarılan yüksəklik ağır döyüşlərin, böyük fədakarlığın nəticəsi idi. Şəhidlər Vətənin ərazi bütövlüyü naminə həyatlarını fəda etdilər. Qazilərimiz sağlamlıqlarını itirmək bahasına döyüşərək xalqımızın qəhrəmanlıq salnaməsinə öz adlarını yazdılar. Məhz buna görə 27 sentyabrın mənası yalnız bir hərbi əməliyyatın başlanğıcı ilə məhdudlaşmır. Anım Günü Zəfərin hansı qiymətə qazanıldığını hər il yenidən xatırladır. Bu tarix Azərbaycan ailələrinin Vətən qarşısında göstərdiyi fədakarlığın, şəhid analarının, atalarının, övladlarının və doğmalarının daşıdığı böyük mənəvi yükün ümumxalq yaddaşında yaşadılmasıdır.

44 günün hər biri Azərbaycan Ordusunun döyüş salnaməsinə yeni səhifə əlavə etdi. Müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyev həmin günlərin tarixi əhəmiyyətini belə ifadə etmişdi: "Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq".

Vətən müharibəsinin nəticələri Azərbaycanın sonrakı inkişaf mərhələsini də müəyyənləşdirdi. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Yeni avtomobil və dəmir yolları çəkildi, beynəlxalq hava limanları istifadəyə verildi, enerji, su və digər infrastruktur sistemləri quruldu, şəhər və kəndlərin yenidən salınması istiqamətində layihələr həyata keçirildi. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı başladı. Bu gün azad edilmiş ərazilərdə tikilən yeni yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər yalnız quruculuq prosesinin göstəricisi deyil. Onlar illərlə doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsinin ifadəsidir. Bir vaxtlar döyüşlərin getdiyi torpaqlarda həyat yenidən qurulur, dağıdılmış şəhər və kəndlər dirçəldilir.

Altı il əvvəl başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında milli həmrəyliyin ən güclü nümunələrindən biri kimi yaşayır. Həmin günlərdə bütün ölkəni bir amal - torpaqların azadlığı birləşdirdi. Ön cəbhədə döyüşən əsgərin arxasında bütöv bir xalqın dayandığını göstərən bu birlik Zəfərin əsas mənəvi dayaqlarından oldu. Bu gün 27 sentyabrı anarkən həmin tarixin iki böyük mənası bir-birini tamamlayır. Bir tərəfdən, bu, Azərbaycanın Zəfərə doğru başladığı yolun ilk günüdür. Digər tərəfdən isə həmin Zəfəri mümkün edən insanların - Vətən uğrunda həyatını fəda edən şəhidlərin xatirəsinin qarşısında ehtiramla baş əydiyimiz gündür.

Şəhidlərin ömrü yarımçıq qalsa da, uğrunda döyüşdükləri Vətən bütövləşdi. Onların azad görmək istədikləri torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır, insanlar öz doğma yurdlarına qayıdır. İllər keçəcək, yeni nəsillər yetişəcək, Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər, kəndlər qurulacaq. Lakin 2020-ci ilin 27 sentyabrında başlayan yol və bu yolda canından keçənlərin xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Çünki Zəfərin tarixini yalnız azad edilmiş torpaqlar deyil, həmin torpaqlar uğrunda döyüşənlərin iradəsi, qəhrəmanlığı və Vətən sevgisi yazdı.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADA Universitetində şanlı Zəfər tariximiz "Zəfər rəqsi" filminin nümayişi ilə anılıb

10:10
30 Sentyabr

Vətən müharibəsinin hər günü şanlı tariximizdir

10:00
30 Sentyabr

Aqrar sektorda müasir texnologiyalardan istifadə günün tələbidir

09:50
30 Sentyabr

Bakıda qurulan yeni tərəfdaşlıqlar

09:40
30 Sentyabr

Azərbaycan-Türkiyə-Özbəkistan birliyinin gücü

09:30
30 Sentyabr

BMT tribunasından tarixi ədalət tələbi

09:20
30 Sentyabr

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

09:15
30 Sentyabr

Azərbaycan Parlamenti: milli inkişafın hüquqi təminatçısı və dövlətçilik ənənələrinin daşıyıcısı

09:10
30 Sentyabr

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

09:00
30 Sentyabr

Bakı ilk dəfə CAMCA Regional Forumuna evsahibliyi edəcək

08:15
30 Sentyabr

Əməkdaşlıq, dialoq və etimad ünvanı

08:00
30 Sentyabr

Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub

07:31
30 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

07:23
30 Sentyabr

İran nə vaxtsa təslim olmaq qərarına gələcək

07:19
30 Sentyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

07:17
30 Sentyabr

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

01:43
30 Sentyabr

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

23:45
29 Sentyabr

“Xarıbülbül” “Route du Vin” marafonunda

22:31
29 Sentyabr

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

22:09
29 Sentyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

21:49
29 Sentyabr

Bakıda Slovakiyanın milli bayramı - Konstitusiya Günü qeyd olunub

21:39
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!