30 Sentyabr 2026 09:10
113
SİYASƏT
A- A+
Azərbaycan Parlamenti: milli inkişafın hüquqi təminatçısı və dövlətçilik ənənələrinin daşıyıcısı

Azərbaycan Parlamenti: milli inkişafın hüquqi təminatçısı və dövlətçilik ənənələrinin daşıyıcısı


Müasir dövrdə dövlətlərin gücü yalnız iqtisadi potensialı, hərbi qüdrəti və ya təbii sərvətləri ilə deyil, eyni zamanda onların siyasi institutlarının səmərəliliyi, idarəetmə mexanizmlərinin dayanıqlılığı və hüquqi sistemlərinin mükəmməlliyi ilə ölçülür. Bu baxımdan parlamentlər demokratik idarəetmənin əsas sütunlarından biri olmaqla yanaşı, dövlət siyasətinin formalaşdırılması, milli maraqların müdafiəsi və vətəndaş cəmiyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Milli Məclisi də müstəqillik illərində keçdiyi inkişaf yolu ilə ölkəmizin siyasi həyatında aparıcı mövqe tutan, dövlət quruculuğu proseslərinin ayrılmaz tərkib hissəsinə çevrilən ali qanunverici orqan kimi özünü təsdiqləmişdir.


Zəngin dövlətçilik irsi və müasir parlamentarizmin təşəkkülü


Azərbaycan xalqının dövlətçilik tarixi zəngin ənənələrə malikdir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti milli parlamentarizm tariximizin əsasını qoymuşdur. Həmin dövrdə yaradılmış parlament müxtəlif siyasi baxışları təmsil edən qüvvələri özündə birləşdirərək milli maraqlar ətrafında fəaliyyət göstərmiş, qısa müddət ərzində dövlət quruculuğu istiqamətində mühüm qərarlar qəbul etmişdir. Bu ənənələr sonrakı dövrlərdə müxtəlif tarixi mərhələlərdən keçsə də, müstəqilliyin bərpasından sonra yeni məzmun və keyfiyyət qazanmışdır.

Müstəqilliyin ilk illərində Azərbaycan mürəkkəb geosiyasi vəziyyət, iqtisadi böhran, daxili siyasi qarşıdurmalar və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə dövlət institutlarının formalaşdırılması, hüquqi bazanın yaradılması və siyasi sabitliyin təmin olunması həyati əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin bərpa olunması ilə yanaşı, müasir parlamentçilik institutunun inkişafı üçün də möhkəm təməl yaradıldı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qanunvericilik hakimiyyətinin fəaliyyət prinsiplərini müəyyənləşdirdi və Milli Məclisin dövlət idarəçiliyindəki rolunu daha da gücləndirdi.

Ötən illər ərzində Milli Məclis dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı, xarici investisiyaların cəlb olunması, insan hüquq və azadlıqlarının müdafiəsi, sosial təminat sisteminin qurulması və demokratik institutların inkişafı istiqamətində yüzlərlə mühüm qanun və normativ-hüquqi akt qəbul etmişdir. Məhz bu qanunvericilik bazası Azərbaycanın sonrakı inkişaf mərhələlərinin hüquqi dayağına çevrilmişdir.


Müstəqil dövlətçilik konsepsiyası və tarixi zəfərlər dövrü


Azərbaycan Respublikasının müasir siyasi və dövlətçilik tarixi keyfiyyətcə tamamilə yeni, şərəfli və möhtəşəm bir mərhələsini yaşamaqdadır. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu müstəqil dövlət quruculuğu xətti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli və milli maraqlara söykənən sarsılmaz siyasəti sayəsində özünün ən qüdrətli, ən yüksək zirvəsinə çatmışdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ölkəmizin həyatında tamamilə yeni bir eranın başlangıcını qoydu. Bu Zəfər təkcə hərbi-diplomatik uğur deyil, əsrlər boyu formalaşan dövlətçilik təfəkkürünün, milli həmrəyliyin və sarsılmaz xalq-iqtidar birliyinin məntiqi nəticəsidir.

Qalib Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada yeni strateji reallıqlar diktə edən, qlobal layihələrin təşəbbüskarı və təminatçısı kimi çıxış edən qüdrətli bir dövlətdir. Ölkə rəhbərinin nümayiş etdirdiyi dəmir iradə, siyasi uzaqgörənlik və prinsipiallıq Azərbaycanın beynəlxalq müstəvidəki mövqelərini sarsılmaz etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni tarixi dövr qarşıya yeni hədəflər, daha çevik idarəetmə mexanizmləri və bütün dövlət institutlarının yüksək effektivliklə çalışmasını qoyur. Bu nəhəng və məsuliyyətli prosesdə dövlət idarəçiliyi sisteminin mühüm sütunlarından biri olan Azərbaycan Respublikasının Milli Məclisi müstəsna rol oynayır.

Müasir Azərbaycan Parlamenti təkcə qanunvericilik aktlarını qəbul edən mexanizm deyil, həm də ölkə başçısının həyata keçirdiyi böyük islahatlar kursunun hüquqi təməlini möhkəmləndirən, xalq iradəsini və milli maraqları beynəlxalq müstəvidə cəsarətlə müdafiə edən dövlətçilik institutudur. Parlamentin hər bir qərarı, qəbul etdiyi hər bir qanun dövlətimizin milli təhlükəsizliyinə, sosial-iqtisadi tərəqqisinə və gələcək nəsillərin rifahına xidmət edir.


 Qanunvericilik islahatları və Böyük qayıdışın hüquqi bazası


Tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar qanunverici hakimiyyət qarşısında da strateji tələblər müəyyənləşdirmişdir. Qanun yaradıcılığı prosesi ölkənin ümumi inkişaf dinamikasına uyğun olaraq daha çevik, əhatəli və nəticəyönümlü xarakter almışdır. Dövlətimizin iqtisadi, hərbi və sosial potensialının artırılması, azad olunmuş torpaqlarımızda "Böyük qayıdış" proqramının sürətləndirilməsi istiqamətində qəbul edilən qanunlar birbaşa milli təhlükəsizliyimizin hüquqi təminatına çevrilir.

Milli Məclisdə təmsil olunan deputat korpusu öz fəaliyyətini məhz bu ali prinsiplərə uyğun quraraq, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf modelinin qanunvericilik müstəvisində tam, operativ və keyfiyyətli şəkildə əks olunmasını təmin edir. Ölkədə həyata keçirilən sosial-iqtisadi, siyasi və məhkəmə-hüquq islahatlarının hüquqi bazası mütəmadi olaraq təkmilləşdirilir, cəmiyyətdə siyasi dialoq mühiti daha da dərinləşdirilir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, sosial rifahın yüksəldilməsi və ordumuzun müdafiə qüdrətinin daha da artırılması istiqamətində qəbul edilən hər bir qanun, əslində, dövlətimizin gələcək inkişaf xəritəsini cızır. Parlamentsiz hüquqi dövlət, hüquqi bazasız isə sürətli inkişaf mümkün deyildir. Məhz bu məntiqdən çıxış edərək, Milli Məclis dövlət başçısının daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir, müxtəlif sahələr üzrə qanunvericilik aktlarının hazırlanmasında bilavasitə vətəndaş cəmiyyətinin, mütəxəssislərin və seçicilərin rəyini nəzərə alaraq xalq-dövlət birliyinin möhkəmlənməsinə xidmət edir.

Sosial dövlət prinsiplərinə sadiq qalan Azərbaycan dövləti müharibədən sonrakı dövrdə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsini ön plana çəkmişdir. Parlament bu istiqamətdə ardıcıl qanunvericilik təşəbbüsləri ilə çıxış edərək, sosial paketlərin genişləndirilməsinə, güzəşt və imtiyazların hüquqi mexanizmlərinin təkmilləşdirilməsinə öz sanballı töhfəsini vermişdir. Bu, dövlətin öz vətəndaşına olan qayğısının qanunvericilik müstəvisindəki bariz təzahürüdür.


İnstitusional inkişaf və dövlətçilik prinsipləri


Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın qarşısında yeni inkişaf hədəfləri müəyyən etmişdir. Qarşıdakı dövrdə iqtisadiyyatın şaxələndirilməsi, "yaşıl enerji" keçidi, rəqəmsal iqtisadiyyatın inkişafı, insan kapitalının gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi əsas prioritetlər sırasındadır. Bu hədəflərin reallaşdırılması isə yeni qanunvericilik təşəbbüsləri, çevik hüquqi mexanizmlər və müasir idarəetmə yanaşmaları tələb edir. Milli Məclis məhz bu strateji məqsədlərin həyata keçirilməsində əsas hüquqi təminatçı rolunu oynayır.

Parlamentin fəaliyyətində əsas meyar dövlətçilik maraqlarının hər şeydən üstün tutulması, ali qanunvericilik orqanının nüfuzunun qorunması və cəmiyyətdə sağlam siyasi mədəniyyətin formalaşdırılmasıdır. Milli Məclisdə nümayiş etdirilən yüksək peşəkarlıq, qanun layihələrinin müzakirəsi zamanı konstruktiv mühitin təmin olunması və parlament strukturlarının koordinasiyalı işi parlamentin səmərəliliyini qat-qat artırmışdır.

Eyni zamanda Milli Məclisdə qanunvericilik prosesinin rəqəmsallaşdırılması, iş prinsipində şəffaflığın artırılması və analitik bazanın gücləndirilməsi istiqamətində vacib addımlar atılmışdır. Bu institusional yeniliklər parlamentin qərarlarının daha əsaslandırılmış və əhatəli olmasına şərait yaradır.


Siyasi etika və sarsılmaz dövlətçilik mövqeyi


Azərbaycanın qazandığı tarixi zəfərlər və dövlətimizin artan nüfuzu cəmiyyətimizdə sarsılmaz bir milli həmrəylik mühiti formalaşdırmışdır. Bu gün Milli Məclisdə müxtəlif siyasi partiyaların nümayəndələrinin təmsil olunması, konstruktiv müzakirələrin aparılması ölkəmizdəki siyasi dialoq mühitinin dərinliyini göstərir. Dövlət maraqları söz mövzusu olduqda bütün siyasi qüvvələrin vahid mövqedən çıxış etməsi müasir Azərbaycan parlamentarizminin ən böyük nailiyyətlərindən biridir.

Bu gün Milli Məclisin dövlətçiliyə xidmət edən prinsipial xəttini həzm edə bilməyən bəzi siyasi dairələrin əsassız mülahizələrlə çıxış etməsi təəssüf doğurur. Ayrı-ayrı fərdi şəxslərin qərəzli yozumlar aparması və uydurma kənar təsir iddiaları irəli sürməsi heç bir siyasi etikaya və sağlam düşüncəyə sığmır. Bu cür üstüörtülü manipulyasiyalar və subyektiv yanaşmalar real faktlara əsaslanmayaraq, sadəcə diqqət cəlb etməyə hesablanmış uğursuz cəhdlərdir. Belə əsassız mülahizələr cəmiyyətimiz və deputatlar tərəfindən hər zaman olduğu kimi, bu gün də qətiyyətlə rədd edilir və sağlam siyasi şüur müstəvisində öz layiq olduğu qiyməti alır.

Azərbaycanın ali qanunverici orqanının və onun rəhbərliyinin fəaliyyəti yalnız Azərbaycan xalqının iradəsinə, Konstitusiyaya və ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil dövlət siyasətinə söykənir. Hər kəs anlamalıdır ki, Milli Məclis hər zaman olduğu kimi, bu gün də dövlətin və xalqın maraqlarının etibarlı müdafiəçisidir. Heç bir qərəzli iddia parlamenti dövlətçiliyə xidmət yolundan çəkindirə bilməz. Milli Məclis ölkə rəhbərinin ətrafında sıx birləşərək, Azərbaycanın inkişafı, təhlükəsizliyi və tərəqqisi naminə öz missiyasını bundan sonra da qətiyyətlə davam etdirəcəkdir.


Parlament diplomatiyası: qlobal platformalarda milli maraqların müdafiəsi


Müasir çağırışlar fonunda parlament diplomatiyası rəsmi xarici siyasətin tamamlayıcısı və ən təsirli alətlərindən biri kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursuna uyğun olaraq, Milli Məclis beynəlxalq əlaqələrini keyfiyyətcə yeni müstəviyə qaldırmışdır.

Beynəlxalq parlamentlərarası təşkilatlarda, ikitərəfli və çoxtərəfli görüşlərdə ölkəmizin mövqeyinin cəsarətlə müdafiə olunması, Vətən müharibəsindən sonrakı reallıqların dünya birliyinə çatdırılması parlament diplomatiyasının mühüm tərkib hissəsidir. Deputatlarımızın beynəlxalq qurumlardakı prinsipial çıxışları, ikitərəfli dostluq qruplarının aktiv fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli kampaniyalara layiqli cavab verilməsini təmin edir.

Parlamentlərarası əməkdaşlıq arealının genişlənməsi, xüsusilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi qlobal platformaların təsis edilməsi və səmərəli fəaliyyət göstərməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasında müstəsna rol oynayır. Həyata keçirilən bu ardıcıl və məqsədyönlü xarici siyasət xətti milli maraqlarımızın ən ali kürsülərdən qorunmasını və ikitərəfli dostluq münasibətlərinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını şərtləndirmişdir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının və Xocalı soyqırımı kimi həssas mövzuların xarici auditoriyalarda mütəmadi olaraq gündəmə gətirilməsi, tarixi həqiqətlərin dünya ictimaiyyətinə faktlarla izah olunması ali qanunverici orqanın milli vətənpərvərlik ruhunda fəaliyyətinin aydın göstəricisidir.


Xalqla sıx birlik, hesabatlılıq və seçicilərlə iş


Milli Məclisin fəaliyyəti təkcə parlament binasının iclas zalları ilə məhdudlaşmır. Müasir parlamentin əsas xüsusiyyətlərindən biri də cəmiyyətlə sıx əlaqələrin qurulmasıdır. Parlamentlə vətəndaşlar arasında qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsi demokratik idarəetmənin vacib elementidir. Bu baxımdan Milli Məclis xalqın səsini dövlət idarəçiliyinə daşıyan mühüm platforma rolunu oynayır. Deputat fəaliyyətinin əsas meyarlarından biri də seçicilərlə daim əlaqə saxlanılması, yerlərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasıdır. 

Seçki dairələrində keçirilən müntəzəm görüşlər, vətəndaşların qəbulu və onların qaldırdığı sosial-məişət, hüquqi və iqtisadi məsələlərin operativ şəkildə aidiyyəti dövlət qurumları qarşısında qaldırılması parlamentin xalqla dövlət arasında necə etibarlı bir körpü rolunu oynadığını göstərir. Deputatlar seçicilərin istək və təkliflərini qanunvericilik təşəbbüslərində əks etdirərək, qanunların cəmiyyətin real ehtiyaclarına cavab verməsini təmin edirlər.

Parlament idarəçiliyində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan addımlar Milli Məclisin xalqın gerçək nümayəndəliyi funksiyasını tam yerinə yetirməsinə şərait yaradır. Bu qarşılıqlı etimad və sıx ünsiyyət ölkəmizdəki daxili sosial sabitliyin və milli birliyin daha da möhkəmlənməsinə xidmət edir. 


Gələcəyə baxış: qüdrətli Azərbaycan uğrunda sarsılmaz əzm


Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan Respublikasının Milli Məclisi bundan sonra da ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm quruculuq, inkişaf və yüksəliş strategiyasına öz dəyərli töhfələrini verməkdə davam edəcəkdir.

Hüquqi dövlət quruculuğu prosesində ayıq-sayıq dayanan, milli maraqları hər şeydən üstün tutan müasir Azərbaycan parlamentarizmi müstəqil, qüdrətli və qalib dövlətimizin parlaq gələcəyinə etibarlı xidmət etmək əzmindədir. Heç bir uydurma iddia, ucuz siyasi gediş və ya qərəzli mülahizə Azərbaycan Parlamentini dövlətçilik xəttindən, xalqa və Prezidentə sədaqət yolundan döndərə bilməz. Milli Məclis dövlətimizin suverenliyinin, iqtisadi yüksəlişinin və milli birliyinin qanunvericilik qalasında sarsılmaz keşikçi kimi addımlamaqda davam edəcəkdir.


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Türkiyə-Özbəkistan birliyinin gücü

09:30
30 Sentyabr

BMT tribunasından tarixi ədalət tələbi

09:20
30 Sentyabr

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

09:15
30 Sentyabr

Azərbaycan Parlamenti: milli inkişafın hüquqi təminatçısı və dövlətçilik ənənələrinin daşıyıcısı

09:10
30 Sentyabr

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

09:00
30 Sentyabr

Bakı ilk dəfə CAMCA Regional Forumuna evsahibliyi edəcək

08:15
30 Sentyabr

Əməkdaşlıq, dialoq və etimad ünvanı

08:00
30 Sentyabr

Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub

07:31
30 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

07:23
30 Sentyabr

İran nə vaxtsa təslim olmaq qərarına gələcək

07:19
30 Sentyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

07:17
30 Sentyabr

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

01:43
30 Sentyabr

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

23:45
29 Sentyabr

“Xarıbülbül” “Route du Vin” marafonunda

22:31
29 Sentyabr

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

22:09
29 Sentyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

21:49
29 Sentyabr

Bakıda Slovakiyanın milli bayramı - Konstitusiya Günü qeyd olunub

21:39
29 Sentyabr

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

21:28
29 Sentyabr

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

21:27
29 Sentyabr

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

21:19
29 Sentyabr

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

20:59
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!