Qardaş ölkələrin birgə hərbi təlimləri davam edir
Sentyabrın 22-də başlayan Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Birliyin Gücü - 2026" birgə təlimi uğurlu olub. Üç ölkənin hərbçiləri quruda, dənizdə və havada müxtəlif təlim-məşqləri həyata keçiriblər. Təlimdə icra ediləcək epizodlara uyğun olaraq Xocavənd rayonunda yerləşən "Qızılqaya", Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində komandirlər tərəfindən yaranmış vəziyyətin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Məşqlərdə əsas diqqət iştirakçı ölkələrin hərbi qulluqçuları tərəfindən tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın effektivliyinin artırılmasına yönəldilib. Təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri ARZU NAĞIYEV qəzetimizə açıqlamasında deyib ki, "Birliyin gücü-2026" Azərbaycan, Özbəkistan və Türkiyə birgə təlimləri hərbi təhlükəsizlik sahəsində ən mühüm məsələlərdən biridir və təqdirəlayiq hadisə kimi dəyərləndirilir: "Bu təlimi, xüsusilə əhəmiyyətli edən məqam onun hansısa poliqonda, ərazidə deyil, həm Naxçıvanda, həm Qarabağda, həm də Xəzər dənizinin Azərbaycan akvatoriyasında keçirilməsidir. Müxtəlif coğrafi və əməliyyat şəraiti nəzərə alınaraq Türk Dövlətləri Təşkilatına daxil olan üç qardaş ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyəti, imkanları sınaqdan keçirilir. Təlimlərə quru qoşunları ilə yanaşı, aviasiya, dəniz qüvvələri, PUA-ların cəlb olunması müasir döyüş şəraitinə uyğun kompleks yanaşma deməkdir".
Deputat qeyd edib ki, əsas məsələ təlimlərin koordinasiya və əməliyyat prosedurlarına uyğunlaşdırılmasıdır. Bu cür təlimlər yalnız hərbi texnikanın nümayişi deyil, müxtəlif orduların həqiqi döyüş şəraitinə uyğun qərar qəbul etməsi, qarşılıqlı əlaqələr yaratması, eyni tapşırığa fərqli rakursdan yanaşması baxımından əhəmiyyət daşıyır. Təlim çərçivəsində antiterror əməliyyatları, girovların azad edilməsi, dənizə desant çıxarılması, təxliyə məsələsi, minalardan təmizlənmə tapşırıqları da yerinə yetirilib.
A.Nağıyev vurğulayıb ki, təlimin Qarabağ, Naxçıvan və Xəzər kimi strateji məkanları əhatə etməsi Azərbaycan üçün xüsusi məna daşıyır: "Bu təlimlər Azərbaycan Ordusunun daim təkmilləşdirilməsinə, gücləndirilməsinə xidmət edir. Digər tərəfdən, Azərbaycan-Türkiyə-Özbəkistanın bu cür birgə hərbi təlimləri türk dövlətləri arasında təhlükəsizlik sahəsində praktiki əməkdaşlığın güclənməsinə və dərinləşməsinə təsir göstərir. Türkiyə NATO-nun üzvüdür, Azərbaycanın bütün müasir standartlara uyğun ordusu var. Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) olmasına baxmayaraq, əsas məqsəd üçüncü tərəfə qarşı yönəlmiş fəaliyyət deyil, dövlətlərin öz təhlükəsizliyini və müdafiə qabiliyyətini artırmasıdır".
Komitə sədri birgə hərbi təlimlərin verdiyi mesajlara da toxunub: ""Birliyin gücü - 2026" birgə hərbi təliminin əsas mesajları bunlardır: müasir təhlükəsizlik, onun qorunması, gələcəkdə ərazi bütövlüyünə, eyni zamanda suverenliyə qarşı olan təhdidlərin qarşısının alınmasında birgə addımların atılmasıdır. Azərbaycan,Türkiyə və Özbəkistan bu istiqamətdə təcrübə mübadiləsi aparır və regional təhlükəsizlik baxımından əhəmiyyətli nəticə yarada bilir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"