63 övladı olan Bəhmən Mirzənin zəngin kitabxanası da vardı
Onun yaradıcılığı Azərbaycanın zəngin dövlətçilik və mədəniyyət tarixini özündə əks etdirir. Qacarlar sülaləsinin görkəmli nümayəndəsi Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı dövlət xadimi olmaqla yanaşı, tarixə və ədəbiyyata marağı, təzkirəçilik fəaliyyəti, zəngin kitabxanası ilə tanınır. O, mürəkkəb, ziddiyyətli bir dövrün siyasi hadisələrini, elmi düşüncəsini və mədəni əlaqələrini əsərlərində təcəssüm etdirib.
Bəhmən Mirzə 1810-cu ilin oktyabrında Təbrizdə Qacarlar dövlətinin vəliəhdi Abbas Mirzənin ailəsində dünyaya gəlib. Fətəli şahın nəvəsi, Məhəmməd şahın qardaşı idi. O, kiçik yaşlarından mükəmməl təhsil almışdı. Klassik Şərq ədəbiyyatını, tarixi, fəlsəfəni dərindən öyrənməsi Bəhmən Mirzənin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdı.
Saray mühitində böyüməsi və ailəsinin siyasi mövqeyi onun erkən yaşlarından dövlət idarəçiliyi ilə tanış olmasına şərait yaratmışdı. Məhəmməd şahın hakimiyyəti dövründə Bəhmən Mirzə bir sıra vəzifələrdə çalışıb. O, Təbrizin valisi, Azərbaycanın hakimi olub. Bəhmən Mirzə həm də bacarıqlı sərkərdə idi. Bir müddət ordunun baş komandanı olmuşdu.
XIX əsrin birinci yarısında Qacarlar dövlətində saray çəkişmələri, hakimiyyət uğrunda rəqabət və əyalətlərin idarə olunması ilə bağlı çətinliklər Bəhmən Mirzənin də taleyinə təsir göstərib. Onu taxt-taca sahib olmuş qardaşı Məhəmməd şah Qaçarın gözündən salıblar. Hökmdarın qəzəbinin, kin-küdurətinin getdikcə artması Bəhmən Mirzəni çıxılmaz vəziyyətdə qoyub. Son çarəni sarayla həmişəlik vidalaşmaqda, çar imperiyasına pənah gətirməkdə görüb. Şahzadə çar hökuməti tərəfindən adına, nüfuzuna, şöhrətinə layiq şəkildə, ehtiram və dəbdəbə ilə qarşılanıb.
1848-ci ildə Bəhmən Mirzə yaşamaq üçün Tiflisi seçib. Bir neçə il həmin şəhərdə, sonra Naxçıvanda qalsa da, mənəvi rahatlığı Qarabağda tapacağını düşünüb. 1851-ci ildə çar hökuməti onun Şuşaya köçməsinə həm razılıq verib, həm də şərait yaradıb. Şahzadənin hələ Rusiya imperiyası ərazilərinə doğru yola çıxarkən böyük kitabxanasını, babası Fətəli şahın, eləcə də atası Abbas Mirzənin arxivini və digər qiymətli tarixi materialları doxsan beş dəvəyə yükləyərək gətirdiyi məlumdur. Haqqında yazılanlara görə, o, dəyərli məlumatlarla zəngin 38 mindən artıq kitabı həyatı boyu oxuyub öyrənərək tədqiqatlar aparıb. Onların əsasında yeni əsərlər qələmə alıb.
Şuşa XIX əsrdə Azərbaycanın mühüm siyasi, ədəbi və mədəni mərkəzlərindən biri idi. Şəhərdə formalaşmış ədəbi mühit, musiqi ənənələri, maarifçilik meyilləri Bəhmən Mirzənin sonrakı fəaliyyətinə də təsir göstərib. Eyni zamanda Baharlının yazdığına görə, səltənət naibi Abbas Mirzə Qacarın oğlu şahzadə Bəhmən Mirzə Qacarın Şuşa şəhərində məskunlaşması şəhərin ictimai həyatında mühüm rol oynayıb.
Sözü, sənəti yüksək dəyərləndirən Bəhmən Mirzə Qarabağda fəaliyyət göstərən ədəbi məclislərdə, xeyriyyə işlərində yaxından iştirak edib. Bəhmən Mirzənin 63 övladı - 31 oğlu və 32 qızı olub. O, uşaqlarının mükəmməl təhsil almasına səy göstərib. Bu barədə Baharlı "Qarabağnamələr"ində qeyd edib: "Bəhmən Mirzə Şuşada ailəsi ücün böyuk saray tikdirmiş, xanımları, övladları üçün otaqlar təşkil eləmişdi. Böyuk mətbəxi, hamam və müsafirxanası məşhur idi. Qız və oğlan uşaqlarının oxuması üçün müəllimlər tutmuş, dərsxana təşkil etmişdi. Bəhmən Mirzə Qacar 1884-cü ildə vəfat etdikdən sonra ailəsi Şuşa sarayını qoruyub saxlamadı, bütün mal və mülkləri satdılar. Saray 1905-ci ildə ermənilər tərəfindən tamamilə məhv edilmiş, yandırılmışdır".
Bəhmən Mirzə ömrünün axırınadək öz zəngin kitabxanasını böyük təəssübkeşliklə qorumuşdu. Kitablar arasında vaxt keçirməyi, mütaliə etməyi, araşdırmalar aparmağı çox sevib. Onun kitabxanası Azərbaycanın ən dəyərli milli sərvəti, qiymətli xəzinələrindən biri idi. Təəssüf ki, Bəhmən Mirzə dünyadan köçdükdən sonra həmin kitabxana qorunub saxlanılmadı. Həmidə xanım Cavanşir-Məmmədquluzadə "Xatirələrim"də bu barədə yazıb: "1918-ci il dekabrın ilk günlərində Mirzə Cəlil kənd təsərrüfatı işlərini bitirib dincəlmək üçün Şuşaya yanımıza gəldi. O, "Anamın kitabı" adlı yeni bir pyes yazmağa başlamışdır. Dedi ki, bu pyesi yazmaqdan ötrü ona müxtəlif lüğətlər lazımdır. Soraqlaşdım, dedilər ki, belə lüğətləri poçtalyon Rəsul bəy tapa bilər. Həmin poçtalyon vasitəsilə keçmiş İran şahzadəsi Bəhmən Mirzənin kitabxanasından çoxlu sayda müxtəlif lüğətlər və bir çox başqa kitablar aldım. Bu kitabları Bəhmən Mirzənin varisləri satırdılar. Mirzə Cəlil bu kitabları görəndə sevindiyindən başını itirdi və bütün fikri-xəyalı ilə onlara qapıldı".
Bəhmən Mirzə ömrünün sonunadək Şuşada və Bərdədə yaşayıb. Həmin illər siyasətdən həmişəlik əl çəkmişdi. Qalan ömrünü maarifin, mədəniyyətin inkişafına həsr etmişdi. Araşdırıcıları bu qənaətdədirlər ki, Bəhmən Mirzə "Təzkireyi-Məhəmməd şahi", "Şükürnameyi-şahənşahi" adlı tarixi-elmi əsərlərini də Şuşada, Bərdədə yaşadığı dövrdə qələmə alıb.
Bəhmən Mirzənin əsərləri onun yaşadığı dövrün hadisələrinə münasibətini öyrənmək baxımından əhəmiyyətlidir. Tarixi məlumatlarla yanaşı, ədəbi mənbələrə də müraciət etməsi onun maraq dairəsinin genişliyini göstərir. Əsərlərinin fars dilində yazılması həmin dövrdə elmi və tarixi ədəbiyyatda bu dilin mövqeyi ilə bağlıdır.
Tarixi salnamə olan "Şükürnameyi-şahənşahi" əsəri 1871-ci ildə Şuşa şəhərində fars dilində işıq üzü görüb. Əsərdə Rusiyanın işğalından sonra Azərbaycanda yaranmış ictimai, siyasi vəziyyətdən, o cümlədən iqtisadi və mədəni sahələrdə baş verən dəyişikliklərdən bəhs edilib.
"Təzkireyi-Məhəmməd Şahi" əsərinin Bəhmən Mirzə Qacar böyuk qardaşı Məhəmməd şah Qacarın xahişi ilə yazıldığı məlumdur. Üc hissədən ibarət olan mətnin birinci hissəsində muəllifdən əvvəl yaşamış 132 şair və yazar haqqında qısa bioqrafik məlumatlar və onların yaradıcılığından nümunələr verilib. İkinci hissəyə şah nəslindən olan 12 şair haqqında məlumatlar, onların yaradıcılığından nümunələr daxil edilib. Ücuncu hissə isə şairin muasirləri barədədir.
Bəhmən Mirzənin övladları da ad-san qazanıblar. Oğlanlarından 6-sı general, 6-sı isə polkovnik hərbi rütbələrinə yüksəlib. Bəhmən Mirzə Qacar nəslinin nümayəndələri regionun ictimai, siyasi, hərbi və mədəni həyatında mühüm rol oynayıblar.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"