Bu gün əsas məsələ müstəmləkəçilik siyasəti nəticəsində yaranmış ədalətsizliyin mövcudluğunu müzakirə etmək deyil. Əsas sual beynəlxalq ictimaiyyətin, müvafiq dövlətlərin və Birləşmiş Millətlər Təşkilatının tarixi həqiqətlərin tanınması, həmçinin konkret reparasiya mexanizmlərinin tətbiqi istiqamətində hansı addımları ata biləcəyidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, konfrans Afrika ölkələrindən olan müxtəlif nümayəndələri və ekspertləri vahid tarixi ədalət tələbi ətrafında bir araya gətirib. “Bu konfrans Konqo Demokratik Respublikası, Ruanda və Burundi ilə yanaşı, Mərakeş və Cənubi Afrikadan olan Afrikanın müxtəlif səslərini bir araya gətirir. Bu ölkələrin tarixi təcrübələri fərqli olsa da, onları birləşdirən əsas tələb tarixi ədalətin təmin olunmasıdır”, – deyə T.Gəncəliyev bildirib.
Deputatın sözlərinə görə, tədbir çərçivəsində Belçikanın müstəmləkəçilik dövrünə dair tarixi və hüquqi qiymətləndirmələr aparılacaq, həmçinin reparasiyanın təmin olunması üçün mövcud hüquqi mexanizmlər müzakirə ediləcək.
“Qarşıdakı müzakirələrdə Belçika müstəmləkəçiliyinin tarixi və hüquqi aspektləri ətraflı şəkildə nəzərdən keçiriləcək, daha sonra isə tarixi ədalətin bərpasına imkan verə biləcək konkret hüquqi yollar müzakirə olunacaq”, – deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.