08 Sentyabr 2026 11:05
62
CƏMİYYƏT
A- A+
Sosial şəbəkələrdəki ideal həyat illüziyası

Sosial şəbəkələrdəki ideal həyat illüziyası


Sosial şəbəkələrin həyatımıza təsiri artıq yalnız ünsiyyət və informasiya mübadiləsi ilə məhdudlaşmır. Səyahətlər, bahalı alış-verişlər, uğurlu karyera, xoşbəxt ailə görüntüləri, ideal bədən quruluşu və dəbdəbəli həyat tərzi sosial media lentlərində bir-birini əvəz edir. Telefon ekranına sığan "ideal həyatlar" bəzən insanın özünü yetərsiz görməsinə kifayət edir. Başqalarının uğurlarını, imkanlarını və xoşbəxt anlarını öz gündəlik həyatı ilə müqayisə edən insan zamanla sahib olduqlarını yetərsiz görməyə, öz nailiyyətlərini kiçiltməyə başlayır. Xüsusilə "hamı məndən daha yaxşı yaşayır", "hamı irəliləyir, mən isə geri qalmışam" düşüncəsi psixoloji rifaha və özünüqiymətləndirməyə təsirsiz ötüşmür. Bəs sosial şəbəkələrdə yaradılan "ideal həyat" illüziyası insan psixologiyasına necə təsir edir? Davamlı müqayisə hansı psixoloji problemlərə yol aça bilər və özümüzü bu təsirdən necə qorumalıyıq?


Virtual müqayisənin psixoloji yükü


Mövzu ilə bağlı "Azərbaycan"a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, sosial şəbəkələrdə gördüyümüz həyat çox vaxt reallığın özü deyil, onun xüsusi olaraq seçilmiş, redaktə edilmiş və estetik şəkildə təqdim olunan hissəsidir. İnsanlar, bir qayda olaraq, həyatlarının uğurlu, xoşbəxt və diqqətçəkən məqamlarını paylaşırlar. Uğursuzluqlar, ailədaxili münaqişələr, maddi çətinliklər, yorğunluq, narahatlıq və gündəlik həyatın adi tərəfləri isə görünməz qalır. Əsas problem insanın başqasının seçilmiş və bəzədilmiş görüntüsünü öz həyatının bütün reallığı ilə müqayisə etməsindədir. Bu isə əvvəlcədən qeyri-bərabər müqayisədir. Çünki sosial şəbəkədə görünən nəticənin arxasında hansı proseslərin, itkilərin, borcların, münasibət problemlərinin və ya psixoloji gərginliyin dayandığını bilmirik.

Mütəxəssisin fikrincə, belə müqayisə davamlı xarakter aldıqda insanın özünə münasibəti tədricən dəyişə bilər: "O, sahib olduqlarını kifayət qədər dəyərli hesab etməməyə başlayır. Nəticədə "Mən kifayət qədər uğurlu deyiləm", "Mənim həyatım maraqsızdır", "Hamı irəliləyir, mən isə yerimdə qalmışam" kimi düşüncələr formalaşır. Bu düşüncələr özünəinamın azalmasına, zahiri görünüşdən narazılığa, nailiyyətlərin kiçildilməsinə və şəxsi dəyərin başqalarının reaksiyası ilə ölçülməsinə gətirib çıxara bilir. Bəzən də insan özünü real keyfiyyətlərinə, qabiliyyətlərinə və dəyərlərinə görə deyil, paylaşımının topladığı bəyənmə və şərhlərin sayına əsasən qiymətləndirməyə başlayır. Belə olduqda özünüqiymətləndirmə daxili dayaqlardan uzaqlaşaraq xarici təsdiqdən asılı vəziyyətə düşür. Paylaşım gözlənilən diqqəti almadıqda məyusluq, narahatlıq, özündən şübhələnmə hissi yarana bilər. Sosial şəbəkələrin təsiri hər kəsdə eyni olmur. Özünüqiymətləndirməsi sabit, həyati məqsədləri müəyyən və real münasibətləri sağlam olan insan gördüyü məzmunu daha tənqidi qiymətləndirə bilir. Özünəinamı zəif, emosional dəstəyə ehtiyacı yüksək və həyatında qeyri-müəyyənlik yaşayan şəxslər isə "ideal həyat" görüntülərinin təsirinə daha həssas ola bilirlər".

İnsanın özünü başqaları ilə müqayisə etməsi təbii psixoloji mexanizmdir. Psixoloqun sözlərinə görə, insan öz mövqeyini, imkanlarını və inkişaf səviyyəsini müəyyənləşdirmək üçün ətrafındakı şəxsləri meyar kimi qəbul edir. Əvvəllər bu müqayisə daha çox ailə üzvləri, dostlar, iş yoldaşları və yaxın sosial çevrə ilə aparılırdı. Sosial şəbəkələr isə müqayisə dairəsini hədsiz dərəcədə genişləndirib. İnsan artıq özünü yalnız tanıdığı şəxslərlə deyil, məşhurlarla, yüksək gəlirli insanlarla, peşəkar şəkildə hazırlanmış görüntülərlə və dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərin seçilmiş həyat tərzi ilə müqayisə edir. Bu vəziyyət uzun müddət davam etdikdə isə bir sıra psixoloji problemlər yaranır. Belə hallarda özünəinam zəifləyir, həsəd, məyusluq, utanc və günahkarlıq hissləri güclənir, davamlı narahatlıq və daxili gərginlik yaranır, həyatdan məmnunluq azalır, yuxu rejimi pozulur. Bəzi hallarda insan real münasibətlərdən uzaqlaşaraq sosial təcridə meyil göstərir. Sosial müqayisə hər zaman mənfi hadisə deyil. Başqasının uğuru insan üçün nümunə, motivasiya və inkişaf istiqaməti də ola bilər. Burada əsas məsələ müqayisənin hansı nəticəyə gətirib çıxarmasıdır. Əgər insan "O bacarıbsa, mən də öz imkanlarıma uyğun addımlar ata bilərəm" deyə düşünürsə, müqayisə inkişafetdirici rol oynayır. Əksinə, "Onda var, məndə yoxdur, deməli, mən dəyərsizəm" düşüncəsi yaranırsa, müqayisə dağıdıcı xarakter alır. 

"Tez-tez müqayisə aparmaq avtomatik olaraq psixoloji pozuntunun mövcudluğu demək deyil. Problem bu davranışın insanın əhvali-ruhiyyəsinə, yuxu rejiminə, münasibətlərinə, əmək qabiliyyətinə və gündəlik fəaliyyətinə davamlı şəkildə mənfi təsir göstərdiyi zaman yaranır. Eyni yaşda olmaq eyni vaxtda ailə qurmağı, karyera qurmağı, ev almağı və ya müəyyən status qazanmağı tələb etmir. "Geri qalmışam" hissinin başqa bir səbəbi də əldən nəyisə qaçırmaq qorxusudur. İnsan düşünür ki, digərləri daha maraqlı yaşayır, daha çox imkan əldə edir və o isə bu prosesdən kənarda qalır. Bu hiss telefonun davamlı yoxlanılmasına, real həyatda diqqətin dağılmasına və insanın yaşadığı anı qiymətləndirə bilməməsinə səbəb ola bilər. Davamlı olaraq başqalarının xoşbəxtliyini izləyən şəxs tədricən öz həyatının müsbət tərəflərini görməməyə başlayır. Sahib olduqlarına alışır, onları adi və əhəmiyyətsiz hesab edir, diqqətini isə çatışmayanlara yönəldir. Nəticədə obyektiv olaraq həyatında yaxşı məqamlar olsa belə, özünü narazı və uğursuz hiss edir", - deyə Elnur Rüstəmov vurğulayıb.


Sosial şəbəkələrin ən həssas auditoriyası


Sosial müqayisənin təsirinə ən çox yeniyetmələr və gənclər məruz qalırlar. Yeniyetməlik şəxsiyyətin, mənlik təsəvvürünün, bədən obrazının və sosial mövqenin formalaşdığı həssas dövrdür. Psixoloqun sözlərinə görə, bu yaşda həmyaşıdların rəyi, qəbul olunmaq ehtiyacı və xarici görünüşə münasibət xüsusi əhəmiyyət daşıyır: yeniyetmənin  sosial şəbəkədə gördüyü həyat tərzi və populyarlıq göstəriciləri görünüşdən narazılıq, sosial həyəcan, özünəqapanma və özünüqiymətləndirmənin aşağı düşməsi ilə nəticələnə bilər. Gənclər də risk qrupuna daxildir. Təhsil, iş, karyera, evlilik və maddi müstəqilliklə bağlı sosial gözləntilər məhz bu dövrdə güclənir. İnsan həmyaşıdlarının nailiyyətlərini izlədikcə öz həyatının sürətini yetərsiz hesab edir. Lakin bu məsələ yalnız yeniyetmə və gənclərlə məhdudlaşmır. Ortayaşlı insanlarda müqayisə daha çox karyera, gəlir, ailə həyatı, övladların uğuru və sosial status üzərindən aparılır. Hətta yaşlı insanlarda da tənhalıq, ailədən uzaqlıq və başqalarının fəal həyatını izləmək psixoloji narahatlıq yarada bilər".

Mütəxəssis bildirib ki, sosial şəbəkələrdən tamamilə imtina etmək əksər insanlar üçün nə real, nə də zəruri yanaşmadır: "Əsas məsələ ondan şüurlu, məqsədli və ölçülü istifadə etməkdir. İlk növbədə insan sosial şəbəkədə gördüyü hər görüntünün reallığın tam təsviri olmadığını qəbul etməlidir. Paylaşım həyatın özü deyil, onun seçilmiş hissəsidir. Bir neçə saniyəlik xoşbəxt görüntünün arxasında həmin şəxsin hansı çətinliklərlə qarşılaşdığını bilmək olmur. Bu fərqi dərk etmək müqayisənin emosional təsirini azaldır. İkinci mühüm addım sosial şəbəkədə keçirilən vaxta sərhəd qoymaqdır. Xüsusilə səhər oyanan kimi və gecə yatmazdan əvvəl telefondan istifadə insanın diqqətinə, əhvali-ruhiyyəsinə və yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Gün ərzində sosial media üçün konkret vaxt müəyyənləşdirmək, lazımsız bildirişləri söndürmək və yatmazdan əvvəl telefondan uzaqlaşmaq vacibdir. İnsan izlədiyi məzmunu da seçməlidir. Heç kim davamlı olaraq özünü pis, yetərsiz və narazı hiss etdirən hesabları izləmək məcburiyyətində deyil. Belə səhifələri izləmədən çıxarmaq və ya paylaşımlarını məhdudlaşdırmaq psixoloji sağlamlığın qorunması baxımından düzgün addımdır. Əvəzində maarifləndirici və peşəkar inkişafı dəstəkləyən məzmunlara üstünlük verilə bilər. İnsanın özünü başqaları ilə deyil, əvvəlki vəziyyəti ilə müqayisəsi daha sağlamdır. "Başqaları haradadır?" sualının əvəzinə, "Mən bir il əvvəl harada idim, indi hansı irəliləyişləri etmişəm?" sualı verilməlidir. Hər bir insanın inkişaf yolu, tempi və imkanları fərqlidir. Şəxsi məqsədlər də sosial şəbəkədə görünən həyat tərzinə deyil, insanın öz dəyərlərinə və real imkanlarına əsaslanmalıdır".

Real sosial münasibətləri qorumağın mühüm amil olduğunu deyən Elnur Rüstəmov qeyd edib ki, ailə üzvləri və dostlarla canlı ünsiyyət, fiziki fəallıq, mütaliə, təbiətdə vaxt keçirmək, hobbilər və gündəlik fəaliyyətlər insanın psixoloji tarazlığını möhkəmləndirir. Ekranda başqalarının həyatını izləmək əvəzinə, öz həyatında iştirak etmək lazımdır. Psixoloqun fikrincə, valideynlər yeniyetmələrin sosial media istifadəsinə yalnız qadağa və cəza ilə yanaşmamalıdırlar. Övladla açıq ünsiyyət qurmaq, gördüyü məzmunu onunla müzakirə etmək, ideal görüntülərin necə yaradıldığını izah etmək və ona sağlam özünüqiymətləndirmə qazandırmaq daha təsirli yanaşmadır. Böyüklər öz davranışları ilə də nümunə olmalıdırlar. Valideyn özü daim telefondadırsa, övladından fərqli davranış gözləmək çətinləşir.

"İnsan sosial şəbəkələrdən istifadə etdikdən sonra öz emosional vəziyyətini müşahidə etməlidir. Əgər davamlı kədər, gərginlik, əsəbilik, yuxu pozuntusu, bədənindən narazılıq, özünü dəyərsiz hiss etmə və gündəlik fəaliyyətə marağın azalması müşahidə olunursa, bu əlamətlərə etinasız yanaşmaq olmaz. Həmin vəziyyət uzun müddət davam edirsə və həyat keyfiyyətinə təsir göstərirsə, peşəkar psixoloji yardım almaq məqsədəuyğundur. Sosial platforma vasitədir və onun insan həyatındakı rolunu istifadə forması müəyyən edir. O, düzgün istifadə edildikdə məlumat, ünsiyyət və inkişaf imkanı yaradır. Lakin insan öz dəyərini başqalarının nümayiş etdirdiyi həyat, bəyənmə sayı və virtual təsdiq üzərindən müəyyənləşdirməyə başladıqda psixoloji təzyiq mənbəyinə çevrilir. Sağlam yanaşma sosial platformalarında başqalarının həyatını izləyərkən öz həyatımızı, münasibətlərimizi və real ehtiyaclarımızı diqqətdən kənarda qoymamaqdır", - deyə mütəxəssis vurğulayıb.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci sinfə başlayacaq uşaqlara məktəb ləvazimatları təqdim olundu

11:15
08 Sentyabr

"Azərenerji" ilə Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda birgə tədbirlər keçirir

11:10
08 Sentyabr

Sosial şəbəkələrdəki ideal həyat illüziyası

11:05
08 Sentyabr

Rəssamlıqda oxusa da, musiqiyə könül verdi

11:00
08 Sentyabr

Zamanının bənzərsizi - Fatma xanım Kəminə

10:55
08 Sentyabr

Kiçik rolların böyük ifaçısı

10:50
08 Sentyabr

Almaniyada təhsil aldı, ömrü sürgünlərdə keçdi

10:45
08 Sentyabr

İstiqlal ruhlu ziyalı 

10:40
08 Sentyabr

Cəfər Cabbarlı - həqiqət sirr saxlamır

10:35
08 Sentyabr

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

10:30
08 Sentyabr

Moruq yemək istəyən Göygölə gəlsin

10:20
08 Sentyabr

Cəlilabad təhsili nümunə göstərir

10:10
08 Sentyabr

Hacıqabulda aqrar müəssisələrin problemləri öyrənilir

10:00
08 Sentyabr

Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub

09:50
08 Sentyabr

COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"

09:40
08 Sentyabr

Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

09:30
08 Sentyabr

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

09:20
08 Sentyabr

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

09:10
08 Sentyabr

Bir ömrün böyük amalı

09:00
08 Sentyabr

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!