08 Sentyabr 2026 08:40
84
İQTİSADİYYAT
A- A+
Azərbaycanın coğrafi şansı

Azərbaycanın coğrafi şansı


Prezident İlham ƏLİYEV: "Biz Orta dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük"


Azərbaycan tarixində neft böyük sərvət kimi ölkənin taleyinə öz möhürünü vurub. Torpağımızın təkindən və Xəzərin dərinliklərindən çıxan "qara qızıl" ölkənin iqtisadi simasını dəyişib, Bakını dünyanın diqqət mərkəzinə gətirib. İndi isə Azərbaycanın qarşısında başqa bir imkan dayanır. Bu dəfə sərvət təkcə "qara qızıl" deyil, o həm də Azərbaycanın coğrafiyasındadır.

Çindən başlayan yükün Mərkəzi Asiyanı keçərək Xəzərə, oradan Azərbaycan üzərindən Gürcüstan və Türkiyəyə, daha sonra Avropaya doğru hərəkəti yeni bir iqtisadi xəritə yaradır. Bu marşrutun adı Orta dəhlizdir. Amma Orta dəhlizə yalnız nəqliyyat marşrutu kimi baxmaq, əslində, onun potensialını kiçiltməkdir. Çünki məsələ yükün Azərbaycandan keçməsi yox, ölkəmizin bu yükün yaratdığı iqtisadi dəyərin hansı hissəsini özündə saxlamasıdır.

Bu potensialın real mənzərəsini görmək üçün xəritədə Xəzərin qərbindəki Ələtə doğru baxmaq kifayətdir. Ələtə doğru gedən yol bu gün əvvəlkindən fərqli mənzərə yaradır. Burada dənizlə dəmir yolu, avtomobil yolu ilə logistika, gömrüklə sənaye bir-birinə yaxınlaşır. Bakı Beynəlxalq  Dəniz  Limanı artıq Şərqlə Qərb arasındakı əlaqədə əsas qovşaqlardan birinə çevrilir.

Bu mənzərənin arxasında dayanan iqtisadi dinamikanı isə rəqəmlər daha aydın göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi göstəricilər Azərbaycanın nəqliyyat dəhlizlərində artan rolunu real rəqəmlərlə ortaya qoyur. 2025-ci ildə Azərbaycanın nəqliyyat dəhlizlərində dəniz yolu ilə 7 milyon 229,7 min ton  yük daşınıb. Daşımaların 93,3 faizinin tranzit yüklərdən ibarət olması isə rəqəmlərin arxasındakı mənzərəni daha aydın göstərir. Bu rəqəm, əslində, Azərbaycanın Orta dəhlizdəki rolunun mahiyyətini də göstərir. Yəni yük,  sadəcə, ölkəmizə gəlmir, Azərbaycan üzərindən hərəkət edir. Xəzərin o tayından gələn yük burada yolunu dəyişir, dəmir yoluna, avtomobil magistrallarına və logistika şəbəkəsinə qoşularaq, Qərbə doğru irəliləyir. Beləliklə, Xəzər Azərbaycan üçün sərhəd xətti  olmaqdan çox, Şərqlə Qərbi birləşdirən iqtisadi körpünün başlanğıc nöqtəsi kimi diqqət çəkir.

Qeyd edək ki, Orta dəhlizin gücü yalnız Xəzər dənizini keçməklə məhdudlaşmır. Əsas iş yükün Azərbaycan sahillərinə çatdıqdan sonra nə qədər sürətlə və fasiləsiz şəkildə yoluna davam etməsidir. Bu mərhələdə Xəzərin sahilində qəbul olunan yük relslər üzərinə çıxaraq Azərbaycanın dəmir yolu şəbəkəsi vasitəsilə Qərbə doğru hərəkətini davam etdirir. Relslər üzərində hərəkət edən yük qatarları, əslində, Azərbaycanın Orta dəhlizdəki rolunun canlı göstəricisidir. Bunu rəsmi rəqəmlər daha aydın göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında Azərbaycanın nəqliyyat dəhlizlərində dəmir yolu, dəniz və avtomobil nəqliyyatı vasitəsilə ümumilikdə 16 milyon 651,8 min ton yük daşınıb. Yanvar-iyun aylarında dəmir yolu ilə 7 milyon 587,6 min ton, avtomobil nəqliyyatı ilə 5 milyon 699 min ton, dəniz yolu ilə isə 3 milyon 365,2 min ton yük daşınıb.

Ən böyük yük axını Şərq-Qərb istiqamətində qeydə alınıb. Bu dəhlizlə altı ayda 9 milyon 207,4 min ton yük daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 10,9 faiz artıb. Şərq-Qərb dəhlizinin tərkibinə daxil olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə daşımalar 4 milyon 595 min tona çatıb. Bu, bir il əvvəllə müqayisədə 12,4 faiz çoxdur. Rəqəmlərə baxanda  təbii ki, sadəcə, statistika görünür. Amma düşünək: Çindən çıxan məhsul minlərlə kilometr yol qət edir. Mərkəzi Asiyadan adlayaraq, gəmi ilə Azərbaycanın sahillərinə gəlir. Burada dəmir yoluna keçir və yenidən yoluna davam edir. Bu hərəkətin mərkəzində isə Azərbaycan dayanır. Sanki Avrasiyanın nəbzi Ələtdə vurur.

Sadalanan bu rəqəmlər Azərbaycanın Orta dəhliz üzərində artan hərəkətliliyini göstərir. Lakin məsələyə yalnız keçən yükün həcminə görə  yanaşmaq doğru olmaz.  Çünki böyük bir yük axınının üzərində yerləşmək hələ onun yaratdığı iqtisadi imkanlardan tam yararlanmaq anlamına gəlmir. Əsas məsələ bu  marşrutun Azərbaycan iqtisadiyyatında hansı iz buraxması, ölkəyə nə qədər əlavə dəyər qazandırmasıdır. Məhz bu baxımdan elə buradaca vacib bir sual ortaya çıxır: Azərbaycan Orta dəhlizdən nə qazanacaq? Sadəcə, tranzit haqqımı? Əgər cavab yalnız budursa, biz imkanın kiçik hissəsini görürük. Halbuki əsl böyük imkan yükün Azərbaycanda dayanmasıdır. 

Konteyner Ələtə daxil olandan dərhal sonra başqa ölkəyə gedirsə, Azərbaycan tranzit ölkəsidir. Yox, əgər burada anbara girir, çeşidlənir, qablaşdırılır, sığortalanır, gömrük xidmətlərindən keçir, emal olunur, istehsal prosesinə qoşulur və sonra başqa bazara göndərilirsə, Azərbaycan artıq başqa bir mərhələyə keçir. Bu zaman məsələ, sadəcə, tranzitlə tamamlanmır. Burada yolun özü iqtisadi fəaliyyətə çevrilir.

Birinci modeldə yük Azərbaycandan keçir. İkinci modeldə isə yük Azərbaycanda dəyər yaradır. Və Orta dəhlizin Azərbaycan üçün əsl strateji əhəmiyyəti də məhz bu ikinci mərhələdə başlayır: ölkəmiz  Şərqlə Qərbi birləşdirən körpü kimi həmin marşrutun  içində iqtisadi dəyər yaradan bir logistika və ticarət qovşağına çevrilə bilər. Bu fərq Azərbaycanın Orta dəhliz qarşısındakı hədəfini də müəyyənləşdirir: Azərbaycan üçün əsas  məsələ  bu yolun yaratdığı iqtisadi imkanların mərkəzində yer almaqdır. Məhz bu yanaşma dövlət siyasətində də öz əksini tapır.

Prezident İlham Əliyev ötən il sentyabrın 22-də  Bakıda keçirilən VI Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində vurğulayıb: "Biz Orta dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik". 

Dövlət başçısının  bu fikri, əslində, Orta dəhlizin Azərbaycan üçün nə ifadə etdiyini kifayət qədər aydın göstərir. Söhbət yalnız yüklərin bir ölkədən digərinə daşınmasından getmir. Məsələ bu daşınmaların  infrastruktura, sənayeyə, biznesə və bütövlükdə iqtisadi artıma çevrilməsindədir. 

Min illər əvvəl ticarət karvanları bu torpaqlardan keçirdi. İndi həmin dəvə  karvanlarının yerini konteyner qatarları, yük gəmiləri və müasir logistika sistemləri tutub. Zaman dəyişib, amma yolun mahiyyəti dəyişməyib: ticarət üçün ən sürətli, ən etibarlı və ən səmərəli marşrut həmişə üstünlük qazanır. Bu gün şirkətlər üçün əsas suallar da bunlardır: yük nə qədər sürətlə çatacaq? Marşrut nə qədər etibarlıdır? Gömrük prosedurları nə qədər vaxt aparır? 

Bəlkə də gələcəkdə insanlar bu dövrə baxanda deyəcəklər: "Azərbaycan bir vaxtlar neftini dünyaya daşıyırdı. Sonra dünyanın özünü Azərbaycandan keçirməyə başladı".


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

Xəzərdə ölkəmizin keşiyində

08:30
08 Sentyabr

Sülh Azərbaycanın öz gücü ilə təmin olundu

08:20
08 Sentyabr

Azərbaycan-Tacikistan strateji əməkdaşlığı uğurlu gələcəyə hesablanıb

08:10
08 Sentyabr

Praqmatik və çoxşaxəli diplomatiya

08:00
08 Sentyabr

Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib

01:47
08 Sentyabr

YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub

22:49
07 Sentyabr

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

22:10
07 Sentyabr

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub  

22:07
07 Sentyabr

Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Diplomatik əlaqələr çoxşaxəli əməkdaşlığa çevrilib  

20:11
07 Sentyabr

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  

19:26
07 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib 

19:23
07 Sentyabr

Hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

17:57
07 Sentyabr

Torpağın altında gizlənən ölüm

17:55
07 Sentyabr

AZAL-da uçuşlar ikiqat artdı: göyə qalxan hər təyyarənin artıq karbon izi də hesablanır

17:53
07 Sentyabr

Fermerə pul əkin başlamamış çatacaq

17:50
07 Sentyabr

Söyüdlüdə qızılın yolu açıldı

17:47
07 Sentyabr

Texnologiya dünyasında yeni güc birliyi: “MoveUP” səhnəyə çıxdı

17:45
07 Sentyabr

24,2 milyardlıq manat dalğas

17:43
07 Sentyabr

Ahıllar Evində hazırda 214 ahıl yaşayır

17:40
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!