08 Sentyabr 2026 10:50
793
Mədəniyyət
A- A+
Kiçik rolların böyük ifaçısı

Kiçik rolların böyük ifaçısı


Fazil Salayev üçün ən böyük mükafat tamaşaçı sevgisi idi


Elə aktyorlar var ki, yaradıcılıqları boyu adları afişalarda baş rolların ifaçıları kimi böyük hərflərlə yazılmır. Onların adları çəkildikləri filmlərin titrlərində nəzərə belə, çarpmır. Ancaq rejissorların həvalə etdikləri kiçik, epizodik rolları elə canlandırırlar ki, tamaşaçı bəzən baş roldan çox onları sevir və yaddaşına həkk edir.

Aktyorun istedadı, məharəti nə oynadığı rolların böyüklüyü-kiçikliyi, nə də aldığı yüksək fəxri adlarla, qazandığı mükafatlarla ölçülür. Çünki tamaşaçı aktyoru səhnədə, filmdə görəndə onun ad-sanını, titullarını düşünmür, yaratdığı obrazın təsirinə düşür. Odur ki, aktyoru tanıdan, sevdirən səhnədə və ekranda yaratdıqlarıdır. Fazil Salayev məhz belə aktyorlardan idi. O, səhnədə, filmdə baxışı, mimikası, hətta susmağı ilə unudulmaz obraz yaradırdı.

F.Salayev 95 il öncə - 1931-ci ilin sentyabrında Bakıda dünyaya gəlmişdi. Əslən Cənubi Azərbaycandan idi. Atası İdris Salayev dövrünün sayılıb-seçilən ziyalılarından olmuş, müxtəlif vəzifələrdə çalışmışdı.

Ailənin yeganə övladı olan Fazil kiçik yaşlarından qələm-kağıza meyil salmış, hələ məktəb yaşına çatmamış yazmağı öyrənmişdi. Orta məktəbdə yaxşı oxuyan Fazil  uşaqlıqdan rəssamlığa həvəs göstərib, üstəlik, pianoda məharətlə musiqilər ifa edib.

Onun sənət yolu rəssamlıqla başlayıb. Fazil Salayev orta məktəbi bitirib Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə (hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) daxil olub. Rəssamlıq Məktəbini başa vurandan sonra bir müddət müəllim işləyib, Yasamal rayonundakı məktəblərin birində rəsm dərsi keçib. Həm də "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi çalışıb.

Teatra olan sevgisi və ali təhsil almaq arzusu onu 1957-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aparıb. İnstitutu bitirdikdən sonra - 1961-ci ildə M.Əzizbəyov adına Milli Dram Teatrının truppasına qəbul edilib. Həmin teatrın səhnəsində "Əcəb işə düşdük"də Lütfiyar, "Ölülər"də Cəlal, "Görünməmiş toy"da artist Sərxan, "Canlı meyit"də musiqiçi, "Pəri cadu"da İkinci cin rollarını oynayıb.

1970-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə başlayan F.Salayev həmin teatrın səhnəsinə "Arşın mal alan"da Vəli, "Əlli yaşında cavan"da Şulu, "Dağlar qoynunda"da Şakir, "Həmişəxanım"da Muxtar və başqa rollarla çıxıb. 1975-1978-ci illərdə isə Fazil Salayevin iş yeri Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası olub. Kinorejissor Həsən Seyidbəyli 1963-cü ildə onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edib. 32 yaşlı aktyor həmin filmdə adaşı Fazilin obrazını canlandırıb. "Neft Daşları"nda çalışan neftçilərdən, onların gündəlik həyatından, qəhrəmanlığından bəhs edən bu film Fazil Salayevin yaradıcılığında yeni yol açıb.

Bir il sonra rejissor Ağarza Quliyev ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu ona həvalə edib. Sonralar "Sən niyə susursan?" (1966), "Şərikli çörək" (1969), "İyirmialtılar" (1966), "Bir cənub şəhərində" (1969), "Bizim Cəbiş müəllim" (1969), "Yeddi oğul istərəm..." (1970), "Axırıncı aşırım" (1971), "Ulduzlar sönmür" (1971), "Arzu" (1972), "Var olun, qızlar..." (1972), "Alma almaya bənzər" (1975), "Dərviş Parisi partladır" (1976), "Günlərin bir günü..." (1976), "Ürək... Ürək..." (1976), "Şir evdən getdi" (1977), "Araşdırın" (1978), "Arvadım mənim, uşaqlarım mənim" (1978), "Vulkana doğru" (1977) və başqa filmlərdə çəkilib. Onun yaratdığı rolların əksəriyyəti filmin ümumi süjetində bəlkə də böyük yer tutmur. Amma aktyor həmin kiçik rolları elə canlandırıb ki, ekran əsərinə baxan tamaşaçı həmin obrazları uzun müddət unutmur. 

Fazil Salayev yumor və satiranın imkanlarından ustalıqla istifadə edən, qəhrəmanlarının komik hallarını tamaşaçıya məharətlə çatdıran aktyor idi. Ancaq onu, sadəcə, "komik aktyor" adlandırmaq olmaz. Çünki Fazil Salayevin qəhrəmanlarının gülüşünün arxasında çox vaxt insanın acizliyi, sadəlövhlüyü, çaşqınlığı, bəzən də cəmiyyət qarşısındakı müdafiəsizliyi dayanırdı. Fazil Salayev heç zaman süni gülüş yaratmağa, tamaşaçını zorla güldürməyə çalışmırdı. Öz təbiiliyi, səmimiyyəti ilə tamaşaçının qəlbinə yol taparaq onu ürəkdən güldürürdü.

Aktyor dramatik rolları da eyni peşəkarlıqla ifa edib. Fazil Salayev qəhrəmanlarının kədərini, qüssəsini ağlayıb-sızlamaqla göstərməyib. Müharibə illərinin ağır mənzərəsini əks etdirən "Şərikli çörək" filmində yaratdığı Qırçı Məhəmmədin daxili təlatümlərini, mənəvi və cismani ağrılarını aktyor sözlərlə deyil, baxışları ilə anladıb. Azərbaycan kinosunun "Qızıl fondu"na daxil edilmiş bu filmdəki ifası ilə Fazil Salayev təsdiq edib ki, xarakterindən asılı olmayaraq hər bir rolu ustalıqla canlandırmağı, tamaşaçını güldürdüyü kimi, ağlatmağı da bacarır.

"Mozalan" satirik kinojurnalının çoxsaylı süjetlərində oynadığı rollar da Fazil Salayevin aktyor kimi məharətindən xəbər verir. Onun qəhrəmanları "Mozalan"ın ən sevimli personajlarıdır. O illərin ən baxımlı "Komediyalar aləminə səyahət", "Səhər görüşləri" kimi əyləncəli-satirik televiziya verilişlərində də Fazil Salayev fərqli xarakterli, bir-birindən maraqlı rollar yaradıb.

Təəssüf ki, ölüm sənətkarı yaradıcılığının ən məhsuldar çağlarında sənətdən ayırdı. Fazil Salayev 1978-ci il iyunun 16-da dünyasını dəyişdi. Cəmi 46 il yaşasa da, yaratdığı obrazlar uzunömürlü oldu. Aktyorun oynadığı rollar bu gün də sevilə-sevilə baxılır, baxmayaraq ki, o, nə fəxri adla təltif edilib, nə də hər hansı mükafata layiq görülüb. Çünki haqqını almaq üçün qapılar döymək, kimlərəsə ağız açmaq Fazil Salayevin xarakerinə yad idi. Yad olmayan yalnız ona həvalə edilən rolları məharətlə oynayaraq tamaşaçıların sevgisini qazanmaq olmuşdu. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

Azərbaycanın “yaşıl enerji” layihələrinə 1,1 milyon dollarlıq dəstək

19:23
09 Oktyabr

Masallı şəhərində Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anılıb  

19:13
09 Oktyabr

Şəhid komandir

19:06
09 Oktyabr

Süni intellekt detektoru təqdim edilib

18:45
09 Oktyabr

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

18:33
09 Oktyabr

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!