20 Mart 2026 09:40
177
SİYASƏT
A- A+
Siyasi "ölülər"in hakimiyyət davası 

Siyasi "ölülər"in hakimiyyət davası 


Ermənistanda 2026-cı ilin iyunun 7-nə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca, ölkə daxilində revanşist dalğa və xarici manipulyasiya cəhdləri artmaqdadır. Siyasi arenada gərginlik pik həddədir. Hazırkı baş nazir, "Mülki Müqavilə" partiyasının lideri Nikol Paşinyan parlamentə seçiləcəyi təqdirdə yenidən baş nazir postuna əsas namizəd kimi iştirak edəcək. Ona qarşı əsas siyasi rəqiblər bir neçə fərqli siyasi düşərgəni təmsil edən siyasətçilərdir.

 "Çiçəklənən Ermənistan" partiyasının və "Ana Ermənistan" hərəkatının baş nazir postuna namizədi biznesmen Samvel Karapetyandır. Seçkilərdə iştirak edəcək digər siyasi qüvvələrdən biri "Respublika" partiyasıdır. Partiyanın lideri və Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan baş nazirliyə namizəd kimi irəli sürülüb. Yeni siyasi qüvvələrdən hesab olunan "Birliyin Qanadları" partiyası isə seçkilərdə keçmiş ombudsman Arman Tatoyanı baş nazir postuna namizəd kimi təqdim edib. Eyni zamanda Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın siyasi düşərgəsinə yaxın olan Ermənistan Milli Konqresi baş nazirliyə namizəd kimi Levon Zurabyanı irəli sürüb. Rəsmi məlumatlara görə, səsvermədə iştirak etmək hüququ olan vətəndaşların ümumi sayı 2 milyon 489 mindən çoxdur. 

Paşinyana qarşı siyasi mübarizəyə qoşulanlardan və gündəmi daha çox zəbt edənlərdən biri də Ermənistanın sabiq prezidenti Robert Köçəryandır. Belə ki, "Hayastan" bloku Köçəryanı baş nazirliyə vahid namizəd seçib. Köçəryanın blokunun tərkibində terrorçu "Daşnaksütyun" da yer alıb. "İrəli" partiyası və bir sıra siyasətçilər də onlara qoşulublar. Köçəryan iddialı açıqlamalarla çıxış edib və bildirib ki, qəti məqsədi qələbədir. O, hazırkı Baş nazir Nikol Paşinyanı hədələyib.

Robert Köçəryanın yenidən siyasi səhnəyə atılması və Ermənistanda revanşist qüvvələrin başına keçməsi regionda formalaşmaqda olan kövrək sülh prosesi üçün ən böyük təhdidlərdən biridir. Onun "Hayastan" bloku ətrafında topladığı qüvvələr, tarixin qanlı terror təşkilatı olan "Daşnaksütyun"la müttəfiqliyi bu hərəkatın mahiyyətini açıq şəkildə ortaya qoyur. Köçəryan erməni xalqına "qələbə" və "qurtuluş" vəd etsə də, əslində, onları yeni və daha dağıdıcı bir fəlakətə sürükləyir. Onun ritorikası sülhə deyil, nifrətə və ədavətə əsaslanır. 

Köçəryan həm Birinci Qarabağ müharibəsində, həm də Xocalı soyqırımında birbaşa iştirak etmiş, əli silahsız mülki azərbaycanlıların qanına batmış canidir. Onun hakimiyyətə qayıtmaq cəhdi regionun qan gölünə çevrilməsi planının tərkib hissəsidir. "Daşnaksütyun" kimi qanlı keçmişi olan bir partiya ilə ittifaq qurması Köçəryanın terrorçu qruplaşmaların maraqlarını təmsil edən bir fiqur olduğunu sübuta yetirir. O, Paşinyanı "təslimçilikdə" ittiham edərək populist çıxışlar etsə də, onun əsl məqsədi öz şəxsi ambisiyalarını və keçmişdəki korrupsioner klanının maraqlarını qorumaqdır. Robert Köçəryan erməni cəmiyyətinə reallıqdan uzaq xülyalar ötürərək insanları yenidən səngərlərə göndərməyə çalışır. 

Sülh müqaviləsinə qarşı çıxmaq Ermənistanın bir dövlət kimi blokadada qalması və iqtisadi tənəzzülünün davam etməsi deməkdir. Köçəryanın "müqavimət tarixi" nağılı Ermənistanı onilliklər boyu inkişafdan saxlayan işğalçılıq siyasətidir. Bu yolu yenidən seçmək erməni xalqı üçün sonuncu intihar ola bilər. Regionda yeni nəqliyyat-logistika layihələrinin müzakirə olunduğu və sülh müqaviləsinin yaxınlaşdığı bir vaxtda Robert Köçəryanın qondarma "Artsax" şüarları ilə ortaya çıxması beynəlxalq hüquqa və regionun sabitliyinə açıq təhdiddir. 

Erməni politoloq Harutyun Mkrtçyanın son açıqlamaları bu mənzərəni daha da aydınlaşdırır. O bildirib ki, Rusiya Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə üçün 100 milyon dollardan çox vəsait ayırıb. Onun sözlərinə görə, həmin dairələrin Ermənistan üçün itilədikləri bıçaq özlərinə dəyəcək: "Ermənistan yetim başı deyil ki, haradansa vilayətdən çıxıb gəlsinlər və onu qırxmaq istəsinlər, bu, dövlətdir". Mkrtçyanın fikrincə, Köçəryan "ÆEK"də işlədiyi vaxtdan tutmuş hakimiyyətdə olduğu son günə qədər hamını aldadıb. İndi də düşünür ki, hamını bir yerə yığacaq və onu baş nazir edəcəklər, amma arzusu ürəyində qalacaq.

Köçəryanın "xilaskar" obrazı ilə yenidən hakimiyyətə can atması fonunda səslənən bu fikirlər əliqanlı sabiq prezidentin siyasi keçmişinin və gələcək planlarının ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Rusiyanın Ermənistan seçkilərinə külli miqdarda vəsait ayırması iddiaları Köçəryanın xarici mərkəzlərin regiondakı proksi aləti olduğunu təsdiqləyir. Əgər bir siyasi qüvvə hakimiyyətə gəlmək üçün xarici maliyyə rıçaqlarına güvənirsə, bu, Ermənistanın dövlət suverenliyinin birbaşa hərraca çıxarılması deməkdir. Tarixin arxivinə gömülməli olan qanlı siyasi fiqurların yenidən "xilaskar" maskası ilə ortaya çıxması Ermənistanın siyasi tarixində növbəti dramatik mərhələnin başlanğıcı ola bilər.

Bununla belə, Ermənistan cəmiyyəti Köçəryanın və onun ətrafındakı "Daşnaksütyun" kimi radikalların gətirəcəyi fəlakəti də dərk edir. Erməni xalqı Köçəryanın hakimiyyəti illərindəki korrupsiya, oliqarxiya və qanunsuzluqları unutmayıb. Böyük ehtimal, 7 iyunda köçəryanlar erməni xalqından son zərbəni alaraq birdəfəlik siyasi səhnədən atılacaqlar. 


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!