Respublikamızın regionda aparıcı mövqeyi Parisin ritorikasını dəyişib
Cənubi Qafqazın geosiyasi mənzərəsi köklü şəkildə dəyişib. Azərbaycanın bu prosesdəki aparıcı mövqeyi qlobal miqyasda tam dəstəklənir. Ənənəvi olaraq Bakıya yönəlik fərqli mövqe sərgiləyən Qərb mərkəzləri də yeni reallıqları qəbul etməkdədir.
Avropanın bir sıra ölkələri artıq başa düşürlər ki, regionda hansısa münaqişə yox, post-münaqişə dövrünün geniş quruculuğu və əməkdaşlıq məsələləri gündəmdədir. İllər boyu ölkəmizə qarşı açıq qərəz nümayiş etirən Fransanın ritorikasında da dəyişiklik bundan qaynaqlanır.
Martın 18-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Parisdə Fransa dövlət başçısının diplomatik müşaviri Emmanuel Bonne ilə görüşüb. Tərəflər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətləri müzakirə ediblər. H.Hacıyev bildirib: "Prezident İlham Əliyevlə Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarımla səmərəli görüş keçirdim. Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq".
Xatırladaq ki, martın 8-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Fransa rəhbəri ölkəsinin Azərbaycanla həmrəy olduğunu bildirib və dəstəyini ifadə edib. Makron həmçinin İranda olan Fransa vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsi üçün yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkürünü bildirib. Telefon danışığı zamanı Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən bərpası ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Martın 19-da isə Fransanın "Qərb biznes liderləri və rəhbərləri klubu"nun üzvləri Parisdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüş keçiriblər. 23 böyük qrupun, eləcə də kiçik və orta şirkət rəhbərlərinin istəyi ilə təşkil olunan görüşün əsas mövzusu iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Azərbaycanın biznes mühiti ilə tanışlıq olub.
Liderlərin telefon danışığından sonra Hikmət Hacıyevin Paris səfəri və Emmanuel Bonne ilə görüşü iki ölkə arasında konstruktiv dialoq mərhələsinin başlaması kimi qiymətləndirilə bilər. Son illərdəki gərginlikdən sonra bu səviyyədəki görüşlər göstərir ki, hər iki tərəf münasibətləri siyasi qarşıdurma müstəvisindən çıxararaq praqmatik əməkdaşlıq mərhələsinə keçirməkdə maraqlıdır. Fransa Ermənistanın yaxın müttəfiqi kimi çıxış etsə də, Bakı ilə dialoqun kəsilməsi Parisin regiondakı iştirakçılıq imkanlarını tamamilə sıfıra endirirdi. Fransa tərəfi anladı ki, regionda sabitlik yalnız Bakı-İrəvan arasında birbaşa və konstruktiv dialoq sayəsində mümkündür. Bakının sülh təşəbbüslərini dəstəkləməmək Cənubi Qafqazda proseslərdən kənarda qalmaq deməkdir. Məhz Azərbaycanın qətiyyəti kənar siyasi təzyiq rıçaqlarını zəiflətdi və əməkdaşlığı stimullaşdırdı. Avropanın aparıcı dövlətlərindən sayılan Fransa gördü ki, Azərbaycan olmadan regionda heç bir irimiqyaslı layihə icra edilə bilməz.
Bakının yaratdığı yeni reallıqlar artıq beynəlxalq hüququn və regional siyasətin ayrılmaz hissəsidir. Azərbaycanın həm Şərq, həm də Qərb ilə qurduğu praqmatik əlaqələr ölkəmizi aktiv oyunçuya çevirib. Fransanın bu reallıqları daha dərindən dərk etməsi və Bakı ilə münasibətləri qarşılıqlı hörmət müstəvisinə keçirməsi hər iki tərəf üçün strateji dividendlər vəd edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu Fransanın iqtisadi və strateji maraqlarına uyğundur. Çindən Avropaya uzanan Orta dəhliz marşrutunda Azərbaycanın mərkəz olması Fransanın regiondakı iqtisadi maraqlarını Bakı ilə hesablaşmağa vadar edir. Bu diplomatik gediş Azərbaycanın xarici siyasətinin nə qədər çevik olduğunu bir daha sübut edir.
Fransanın Azərbaycanla bağlı nümayiş etdirdiyi dəstək və həmrəylik rəsmi Parisin regiondakı prioritetlərini yenidən müəyyən etdiyini göstərir. İranda olan Fransa vətəndaşlarının Azərbaycan üzərindən təxliyə edilməsi Bakının regional logistik mərkəz və etibarlı tərəfdaş statusunun növbəti dəfə təsdiqidir. Makronun bu jestə görə təşəkkür etməsi Azərbaycanın humanitar diplomatiyasının uğurudur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və qlobal müstəvidə elə üstün mövqe qazanıb ki, ən sərt tənqidçilər belə Bakı ilə dialoqa can atırlar. Bu hadisələr zənciri sübut edir ki, Azərbaycan diplomatiyası "güclü dövlət-güclü xarici siyasət" prinsipini uğurla tətbiq edir. O baxımdan, Fransanın addımları təkcə diplomatik nəzakət deyil, Azərbaycanın yaratdığı geosiyasi reallığın qaçılmaz qəbuludur. Bakı qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri daxilində bütün tərəfdaşlarla əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"