20 Mart 2026 09:10
162
Mədəniyyət
A- A+
Yaddaşımızın yaşıdı Novruz

Yaddaşımızın yaşıdı Novruz


Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan ən möhtəşəm bayramlardan biri Novruzdur. Baharın gəlişini, təbiətin oyanışını və Ay təqvimi ilə yeni ilin başlanmasını simvolizə edən bu qədim bayram əsrlər boyu Şərq xalqlarının həyatında mühüm yer tutub. Novruz həm də insanların birlik, həmrəylik və ümid rəmzi kimi qəbul etdiyi xüsusi gündür.

Əsrlərdir ki, hər il mart ayında bu bayram Azərbaycanın bütün bölgələrində böyük coşqu ilə qeyd olunur, nəsillərdən-nəsillərə ötürülən zəngin adət-ənənələrin yaşadıldığı xüsusi hadisəyə çevrilir. 

Onu da vurğulamalıyıq ki, Azərbaycanın müxtəlif bölgələrində Novruzun qeyd olunması ümumi xüsusiyyətləri ilə yanaşı, yerli adət-ənənələr və maraqlı mərasimlərlə ciddi şəkildə olmasa da, müəyyən qədər fərqlənir. Başqa sözlə, hər bölgə bu bayramı özünəməxsus şəkildə qarşılayır və bununla milli mədəniyyətin zənginliyini nümayiş etdirir.

Novruz ərəfəsində ölkəmizin bütün bölgələrində hazırlıqlar həftələrlə davam edir. Ev-eşik təmizlənir, həyət-baca abadlaşdırılır, səməni qoyulur, bayram süfrələri üçün şirniyyatlar hazırlanır. İnsanlar hər zamankından daha mehriban, daha qayğıkeş, daha mərhəmətli və xeyirxah olurlar. Bayramın gətirdiyi birlik və mehribanlıq ruhu hər yerdə hiss edilir. Küsülülər barışır, qohum-əqrəba ziyarət olunur.

Kənd və qəsəbələrdə bayram günü tonqallar qalanır, gənclər tonqal üzərindən tullanaraq ilin uğurlu və bərəkətli olmasını arzulayırlar. Uşaqlar papaqatdı adı ilə evləri gəzərək bayram payı toplayırlar. Bundan başqa, kənd meydanlarında müxtəlif xalq oyunları,  meydan tamaşaları və idman yarışları təşkil olunur. "Kosa-kosa", "Qodu-qodu", "Dizədöymə", "Gizlənqaç", "Bənövşə-bəndə düşə", "Topaldıqaç" və başqa oyunlar milli-mənəvi dəyərlərimiz kimi indi də qorunur.

Novruzun əsas simvollarından olan Keçəl və Kosa obrazları da bayram şənliklərinin ayrılmaz hissəsidir. Onların şən çıxışları insanlara sevinc bəxş edir və bayram əhvali-ruhiyyəsini daha da artırır.

Bayram günü hər ocaqda şamlar yandırılır, ləzzətli təamlarla dolu süfrələr açılır. Bayram süfrələrinin bəzəyi şirniyyatlar - şəkərbura, paxlava, qoğal və müxtəlif milli yeməklər olur. Bir sözlə, Azərbaycanın hər yerində xalq qədim adətlərini yaşadır. 

Bununla belə, qeyd etdiyimiz kimi, ölkəmizin  ayrı-ayrı bölgələrində Novruz bayramının keçirilməsində özünəməxsus xüsusiyyətlər də mövcuddur. Onların ikisi - Naxçıvan və Cənub bölgələrimizdə olan bayram ənənələrinə nəzər salaq.

Ölkəmizin zəngin Novruz adət-ənənələrinə malik olan ərazilərindən biri Naxçıvandır. Naxçıvan bölgəsində Novruz adət-ənənələri geniş şəkildə qorunub saxlanılır və hər il təntənə ilə qeyd olunur. 

Bayram günləri bölgədə atüstü oyunlar və müxtəlif idman yarışları təşkil edilir. Novruz tonqalları Naxçıvanda böyük sevinclə qalanır. Tonqal ətrafında toplaşan insanlar şənlik edirlər. "Şal sallama" bu bölgənin qədim və maraqlı bayram adətlərindən biridir. Adətə görə, bayram gecəsi cavanlar evlərin bacasından və ya pəncərəsindən şal sallayırlar. Həmin şalın içərisinə ev sahibləri bayram payları qoyarlar.

Naxçıvanda böyük maraq doğuran adətlərdən biri də "Xan bəzəmə"dir. Qaydaya görə, bir nəfəri Xan seçirlər. Onu adına layiq, yəni əsl xan kimi geyindirib bəzəyirlər, başına tac qoyub meydanda düzəltdikləri hündür taxtda oturdurlar. Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. Xanı iki nəfər yelpiklə yelləyir. Xanın əmri ilə hamı çalıb oynayır. Hər kəs öz qabiliyyətini göstərir. Məclisdə olan təlxəklər xanı güldürməyə cəhd edirlər. Xan onların məzəli hərəkətlərinə gülməməlidir. Əgər gülsə, xanın özü cəzalandırılır. Onu suya basırlar. Yeni xan seçirlər. Meydanda qoyulmuş qaba hamı xələt atır. Üç gün müddətində xan vəzifəsinin öhdəsindən yaxşı gələ bilsə, həmin xələtlər ona çatır.

Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəmizdə də Novruz ərəfəsində dörd çərşənbə təntənə ilə bayram edilir. Axır çərşənbə həftəsində bütün evlərdə bayram çörəkləri, halvalar, müxtəlif şirniyyatlar bişirilir. El arasında "kül çərşənbə" də adlandırılan İlaxır çərşənbə axşamı əvvəlcə böyüklər qəbir üstünə gedir, doğmalarının məzarını ziyarət edir, dualar oxuyurlar. Qəbir üstə şam yandırır, evdən gətirilən bayram şirniyyatlarından, xüsusən halva-külçələrdən ehsan verirlər.

İlaxır çərşənbə və Novruz bayramı şənlikləri cənub bölgəsində elliklə qeyd olunur.  Adətə görə, həm İlaxır çərşənbədə, həm də Novruz bayramında şər qarışan vaxt hamı evdə, həyət-bacada olmalıdır. Yeddi yerdə küləşdən tonqal üçün yer hazırlanır, alqış sədaları altında evin böyüyü tonqala od vurur. Bütün ailə üzvləri, hətta beşikdəki körpələri də tonqal üstündən tullandırırlar və deyirlər:

Ağırlığımı yer götürsün,

Mətləbimi Allah versin!

Həmin vaxt həyətlərdən fişəng, tüfəng səsləri ucalır. Bayramın ən maraqlı adət-ənənələrindən biri də fal açmalardır. İlaxır çərşənbədə olduğu kimi, Novruz bayramı gecəsi gənc subay qızlar qismətlərinə kimin çıxacağını öyrənmək inamı ilə fal açırlar. Bayram gecələri qulaq falına, "qurşaqatdı"ya çıxırlar. Cənub bölgəsində Novruz bayramı süfrəsinə çoxçeşidli bayram çörəkləri, növbənöv plov qoyulur. Bölgənin Novruz təamlarından biri də kütüm balığıdır. İnanca görə, balıq ailəyə ruzi, bərəkət gətirir. Ona görə cənub bölgəsində həmin axşam süfrədə mütləq balıq olmalıdır. Bayram axşamı nişanlı qızların evinə ağzında qızıl üzük olan balıq, müxtəlif hədiyyələr aparılır. Yaşıllığın, təbiətin oyandığını bildirən göy-göyərti və ondan hazırlanmış kükü də bayram süfrəsindən əskik olmur. Ümumiyyətlə, inanca görə, ilaxır çərşənbə və Novruz gecələrində süfrədə "s" hərfi ilə başlanan 7 nemətin olması vacibdir. Süfrəyə səməni, müxtəlif xörəklər, şirniyyatlar düzülür. Acılıq gətirən təamlar, yəni soğan, sarımsaq bayram süfrəsinə qoyulmur.

Qeyd etdiyimiz kimi, Novruz bayramı əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşadan ən əziz bayramlardan biri kimi bu gün də böyük sevgi ilə qeyd olunur. Novruz bayramının əsas mahiyyəti birlik, mehribanlıq, yenilənmə və ümiddir. Azərbaycanın bütün bölgələrində eyniliklərlə yanaşı, müəyyən fərqli çalarlarla qeyd edilsə də, bayramın əsas mahiyyəti dəyişmir. İnsanları bir araya gətirən Novruz həm keçmişdən gələn zəngin mədəni irsimizi qoruyur, həm də gələcək nəsillərə ötürülən dəyərli bir ənənə kimi yaşadılır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!