Novruz şəffaflığın, inancların, inamın bayramıdır. Ölkəmizin hər yerində olduğu kimi, Siyəzəndə Baharı xüsusi şövqlə qeyd edirlər. Burada keçirilən adətlərin çoxunun min illərlə yaşı vardır.
Multikultural dəyərlərə söykənən vətənimizdə yaşayan bütün azsaylı xalqlar Novruzu müxtəlif adətlərlə qarşılasalar da, hamısı Azərbaycan ənənələrinə söykənir. Siyəzənin Sədan kəndində yaşayan tatlar martın əvvəlindən bayrama hazırlaşar. Kəndin hər evində təmizlik işlərinə başlanar. Ağaclar əkilər, budanar, olanlar kəsilər. Demək olar ki, hər həyətdə qurbanlıq bir quzu seçilər ki, onu bayramda kəsərlər. Əvvəl onu yaxınlara paylayar, qalanını bozbaş bişirib 7 evə göndərərlər.
Hər çərşənbədə kənd kitabxanasının həyətində Sədanın tarixini yaşadan, arxeoloji qazıntılardan tapılan eksponatların sərgisi təşkil edilər. Kəndin ağsaqqalları deyir ki, hər kəs yaşadığı yerin, ölkənin tarixini bilməlidir. Elə tonqal da orada qalanar və demək olar ki, bütün kənd oraya topalaşar.
Hələ çərşənbələrdə kəndin bir evini seçərlər ki, halvanı orada bişirsinlər. Sonra hərə bayram halvasını hazırlamaq üçün nə lazımsa alar və həmin evə göndərərlər. Torpaq çərşənbəsinin ertəsi kəndin yaşlı qadınları yığışıb həmin halvanı bişirməyə başlar. Səmənidən hazırlanan halva bayram başlamamışdan kənddə bütün evlərə paylanar. Sonra papaqatdı başlayar və kəndin qapıları döyülər;
Əzizim bənövşədi,
Qonağın bənövşədi,
Döydük sənin qapını,
Elə bil bənövşədi.
Kənddə bənövşəni o qədər sevirlər ki, yazın gəlişini onunla ölçərlər. Bayram və çərşənbələrdə yaxınlıqda yerləşən kəndlərə at sürüb yarışarlar. Bir də Novruz adətlərindən olan xoruz döyüşdürülməsi burada xüsusi qeyd edilir. Sonra şeir və bayatı yarışması başlar;
Suyunu artıq eylə,
Odunu ilıq eylə,
Bahar gəzsin dolansın,
Yerini bolluq eylə.
Bayram axşamı respublikamızın müxtəlif bölgələrində yaşayan sədanlılar kəndə gələr, tonqal ətrafında əyləşər və çalışıb səhəri bir yerdə açarlar. Sonra qonaqlıqlar başlayar, bir-birinin evini ziyarət edərlər. Beləcə, dağlar qoynunda Bahar öz xoş günlərinə başlar.
Amin MURADZADƏ,
Qarabağ Universitetinin tələbəsi,
Siyəzənin Sədan kənd sakini