20 Mart 2026 09:00
166
Mədəniyyət
A- A+
Novruz həm də bərəkət bayramıdır

Novruz həm də bərəkət bayramıdır


Bərəkət isə israfçılıqla bir araya sığmır


Novruz bəlkə də yeganə bayramdır ki, ona hazırlıq xeyli əvvəldən başlanır. Evlərdə, həyətlərdə, bağ-bağatda təmizlik işləri görülür, səliqə-sahman yaradılır. Əslində, Novruzun özünə qədər daha bir  silsilə bayram qeyd edirik. Su, Od, Yel və  Torpaq çərşənbələrinin hərəsi əsl  bir bayrama çevrilir. Hamısında hər birimiz öz imkanlarımız daxilində bolluca bazarlıq edir, süfrə açırıq.          

Bunlar çox gözəldir. Çünki Novruz yaz, gözəllik bayramı olmaqla yanaşı, həm də  ruzi-bərəkət, bolluq bayramıdır. O da təsadüfi deyil ki, Novruzda hamı bir-birilə bayramlaşır, bir-birinə qonaq gedir, öz təknəsində olan nemətlərdən  qohuma, qonşuya, dosta pay  verir. 

Mənim doğulub böyüdüyüm bölgənin adətinə görə, bayramda, ələlxüsus da İlaxır çərşənbədə ailənin təknəsində olan ən əziz nemətlərin hamısı süfrəyə düzülərdi. Anamızın, nənəmizin tədarük edib küncdə-bucaqda saxladığı  bütün  təamlar həmin gün ortaya qoyulmalı idi. İlaxır çərşənbə gününün axşamı  analarımız evdən çıxmağa macal tapmasalar, ən azı şirniyyatla, çərəzlə, hətta bişirdiyi aşla dolu sinini uşaqların əlinə  verib qohum-qonşuya pay göndərərdi. Hərçənd ki, elə payın çatacağı evin özündə artıq aş bişmiş olurdu... Bu məqamlarda  ətrafdakı ehtiyacı olanlar mütləq diqqətdən kənarda qalmamalı idi! Əlbəttə, alınan, hazırlanan nə vardısa, israfçılığa yol verilmədən istehlak olunardı. Sözümüzün canı da elə budur: bərəkər bayramı olan Novruz israfçılığı sevmir!

Necə deyərlər, hər şey öz qədərində, öz əndazəsində  gözəldir. Yaşadığım evin qonşuluğunda  şadlıq sarayı yerləşir, qabaq-qənşərində də  zibilxana. Hər gün oradan keçəndə  tullantıya çevrilmiş nə qədər ərzaq görürəm, bu, öz yerində. Yəni bunu sözgəlişi dedim. Bəs Novruzdan sonra  burada nə baş verir? O baş verir ki, zibil qutularına nə qədər çürümüş qoğal, qurumuş çərəzlər, məsələn, innab, iydə, xırda xirnik və s. atılır. Sellofan torbalarda nə qədər boyat aş tullantıya çevrilir. Bu, bizə qismət etdiyi ruzinin müqabilində Allaha şükranlıq əvəzinə asi olmaq demək deyilmi?

Kimsə deyə bilər ki, axı Novruzda insanlar bir-biri ilə bayramlaşır. Ona görə də hər evdə qonaq gözləyir, bu səbəbdən bol-bol şirniyyat hazırlayır, xörəyi lazım olandan artıq bişirirlər. Lakin onu da nəzərə  almaq lazımdır ki,  süfrədə  onsuz da löyün-löyün  nemətlər olur. Bizim bayram süfrələrimizdən doymamaq mümkün deyil!

Bu da  danılmaz həqiqətdir ki, bayramdan sonra çoxumuz özümüzdə ağırlıq hiss edirik, yəni çəkimiz artır. Məhz bunun da bir ucu gəlib bağlanır həmin israfçılıq məsələsinə, bayram tədarükü zamanı  həddi aşmağımıza... Halbuki Novruzda bir-birimizə  arzu-diləklərimizdən ən ümdəsi cansağlığı olur.

Arzu-dilək demişkən, Novruzda bunların rəmzinə çevrilən əvvəlcədən göyərtdiyimiz səmənilər olur. Hər il hələ qışın ömrünə xeyli qalmış yazın həvəsi, eşqi, şövqü ilə: "Səməni, ay səməni, saxla məni, ildə cücərdərəm səni", - deyərək ürəyimizdə min niyyət tutur, arzularımızı dilə gətiririk. Bəzən də bir sini, ya bir nəlbəki əvəzinə bir neçə qabda səməni cücərdirik. Buna ehtiyac oldu-olmadı. Burada da israfçılığa yol vermək olmaz! Bir evə, bir ailəyə simvolik olaraq bir səməni bəs etməzmi? Axı bu, buğdadan yaranır. 

Adi bir hesablama aparmağa cəhd edək. Bir qabda səməni göyərtmək üçün yüz qram buğda tələb olunursa və hər xanım beş səməni göyərdirsə, bu, yarım kiloqram buğda deməkdir. Bu hesabla 10 qadının səməni göyərtməsinə beş kiloqram buğda sərf olunur. Kiloqramlar üst-üstə gələrək tonlara çevrilir.

Bayram bitəndən  sonra isə səməniləri nəinki tullantı qutularının  içində, hətta bəzən ətrafda ayaqlar altında əzilən görürük. Günahdır bu! Təkcə arzularımızın rəmzinə çevirdiyimiz, müqəddəs bildiyimiz, əlimizlə bəslədiyimiz yaşıllığa deyil, bundan öncə də bərəkətə, çörəyə nankor olmaq deməkdir.

 Bildiyimizə görə, bəzi bölgələrimizdə qız-gəlin bayramdan sonra çay qırağına gələrək səməniləri axar suya atır və yenə də qəlblərinin istəyini  dilə gətirirlər.  

Bəlkə bayramdan sonra səməniləri bir yerə toplayıb toyuq-cücəsi, mal-qarası olana, yaxud yaxınlıqdakı fermalara vermək də olar. Ən azı bu bərəkət rəmzini əldən-ayaqdan uzaq, təmiz bir yerə qoymaq lazımdır.

Bu il Novruz və  Ramazan bayramlarımız qoşalaşdı. Necə deyərlər, bayram bayrama qovuşdu. Bəlkə də bu, bizi daha çox düşünməyə, ruzi-bərəkətin qədrini bilməyə, israfçılıq adlı günaha batmamağa, təknəmizdə olanlardan düzgün istifadə etməyə, onları paylaşmağa çağırır. Odur ki, israfçı olmayaq, şükürnemət, xeyirxah, mərhəmətli olaq və bundan zövq alaq. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!