20 Mart 2026 08:05
140
SİYASƏT
A- A+
BMT-nin beynəlxalq status verdiyi bayram

BMT-nin beynəlxalq status verdiyi bayram


Xalqımızın qədim bayramı olan Novruz bu gün də adət-ənənələrə uyğun şəkildə Azərbaycanın bütün bölgələrində təmtəraqla qeyd olunur. Su Çərşənbəsindən başlayan bayram ab-havası martın 20-də baharın yurdumuza qədəm qoymasına qədər davam edir. Novruzda şirniyyatlar bişirilər, küsülülər barışar, tonqallar qalanar, insanlar bir-birilərinə qonaq gedir, bayram sovqatları aparırlar. Bu adətlər qədimdən bu günə daşınaraq hələ də özünəməxsusluğunu saxlayır.

Novruz, həmçinin bəzi ölkələrdə təqvim ilinin başlanğıcıdır. Məsələn, martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruzda dünyanın bir sıra ölkələrində bayram şənliklərinin şahidi oluruq. Ona görə də Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, eyni zamanda Beynəlxalq Novruz Günü statusu alıb.

2010-cu ildə  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 21 martın Beynəlxalq Novruz Günü elan olunması haqqında qətnamə qəbul etdiyini xatırladan Milli Məclisin deputatı Rizvan Nəbiyev qəzetimizə açıqlamasında deyib ki, qətnaməni BMT-yə təqdim edən əsas təşəbbüskar ölkələr Azərbaycanla yanaşı, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan olub. Sonradan qoşulan əlavə həmmüəlliflər arasında isə Albaniya, Hindistan və Şimali Makedoniya yer alıb. "Qətnamə 2010-cu il 23 fevralda BMT Baş Assambleyasının 64-cü sessiyasında qəbul edildi və 21 mart rəsmi olaraq Beynəlxalq Novruz Günü elan olundu. Sənəddə bildirilir ki, Novruz təxminən 3000 illik tarixə malikdir və Orta Asiya, Yaxın Şərq, Qafqaz, Balkanlar və digər bölgələrdə yaşayan 300 milyondan çox insan tərəfindən qeyd olunur. Buna görə də, Novruzun yalnız bayram kimi deyil, həm də beynəlxalq sülh və mədəni dialoq simvolu kimi tanınması nəzərdə tutulur", - deyə deputat bildirib.

Rizvan Nəbiyev qeyd edib ki, qətnamədə vurğulanan əsas ideyalar arasında mədəniyyətlərarası dialoq və tolerantlıq yer alır. Novruz minilliklər boyu müxtəlif xalqlar tərəfindən qeyd edilən və mədəniyyətləri birləşdirən ənənədir. Bu bayram insanların qarşılıqlı hörmətini, tolerantlığı, mədəni müxtəlifliyin qorunmasını təşviq edir.

Deputat onu da diqqətə çatdırıb ki, BMT sənədində Novruzun sülh mədəniyyətini, həmrəyliyi təşviq edən bir ənənə olduğu vurğulanır: "Baharın başlanğıcı kimi Novruz yeniliyi, barışı, insanlar arasında həmrəyliyi simvolizə edir. Bu ideya UNESCO tərəfindən də dəstəklənir. UNESCO Novruzu bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanıyıb. Novruzun fəlsəfəsi BMT-nin əsas prinsipləri ilə uzlaşır: xalqlar arasında dostluq, mədəni irsin qorunması, dayanıqlı inkişaf və sosial həmrəylik".

Deputat bildirib ki, bu qətnamə Novruzu regional bayramdan çıxararaq qlobal mədəni hadisə səviyyəsinə yüksəldib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!