Torpaqdan pay olmaz
Torpağa əyilən namərdə əyilməz
Torpaq qızılquşdur, əldən buraxdın - uçar gedər
Torpaqda əlləşən xoşbəxtliklə rastlaşar
Torpaq əkinçinin zəhmətilə zinətlənər
Torpaq deyər: - Öldür məni, dirildim səni!
Torpağa var versən, o da sənə bar verər
Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim!
Torpağa göz ağardanda üz ağardar
Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan!
Torpağa xor baxsan, o sənə kor baxar
Torpaq ovuclayan qızıl ovuclar
Torpaq müqəddəsdir
Torpağın qədrini bilməyən ağlaya-ağlaya qalar
Torpaqla əlləşən ac qalmaz
Torpağı bir yerdən götürülüb
Torpağın qarası üz ağardar
Torpağın sirrini əli torpaqda olan bilər
Torpaqda itki olmaz,
Kötüksüz bitki olmaz
Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör
Torpaq haqqı!
Yer haqqı!
Torpağı sanı yaşayasan!
Torpağın həmişə gül bitirsin!
Torpağın yada qismət olmasın!
Torpağından qara yellər əsməsin!
Torpağın həmişə bar yetirsin!
Torpağın bərəkətli olsun!
Torpağına göz dikənin gözü tökülsün!
Torpağını göz bəbəyin kimi qoru!
Çərşənbə günü təzə evə köçməzlər.
Çərşənbə axşamı paltar biçmək yaxşı əlamət sayılır. O paltarı geyən dövlətli olar, - deyərlər.
Çərşənbə axşamı təzə paltar geymək uğur gətirər
Libas üstə libas geyən heç vaxt çılpaq qalmaz
Axır çərşənbə axşamı küsülülər barışarlar
Axır çərşənbə gecəsində nəhs danışmaq, içki içmək, nalayiq işlər tutmaq olmaz
Axır çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir
Axır çərşənbə gecəsində insanın da əməli, istəyi, fikri, davranışı dəyişir
Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: - Qoy odlu-ocaqlı olsunlar!
Od sönsə, ocaq da sönər, - deyərlər
Çaylarda, gölməçələrdə bitən ağ zanbağın gövdəsi uzanmağa başlayanda deyərlər, - qışın ömrü bitir, yaz gəlir...