“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiya diplomatiyası və strateji uzaqgörənlik - gərginlikləri öncədən görmək, sülhə inklüziv yollar qurmaq” mövzusunda plenar iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir ICESCO-nun və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.
İclasda çıxış edənlər bildiriblər ki, dünyada heç bir anlayış fəlsəfi əsaslar olmadan mövcud ola bilməz. Fəlsəfə hər zaman ümumbəşəri dəyərlərdən bəhs edir və insanları birləşdirən, onları vahid edən ortaq dəyərlərin mövcudluğunu önə çıxarır.
Eyni zamanda, vurğulanıb ki, insanları birləşdirən ortaq dəyərlər möhkəmləndirilməli, müharibə və qarşıdurmaların yerini qardaşlıq, qarşılıqlı hörmət və anlaşma tutmalıdır.
Bildirilib ki, Bakıda keçirilən beynəlxalq dialoq platformaları, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif səslərin bir araya gətirilməsinin və fərqli baxışlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini nümayiş etdirir.
Çıxışçılar xüsusilə gənclərin səsinin eşidilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, onlar sosial həyatlarının böyük hissəsini rəqəmsal mühitdə yaşayırlar və burada yanlış məlumat saniyələr ərzində sərhədləri aşa bilir. Amma gənclər təkcə manipulyasiyanın hədəfi deyillər, həm də onu tanımaq, ona qarşı çıxmaq və yeni əlaqələr qurmaq baxımından ən güclü tərəfdaşlarımız ola bilərlər.
Tədbirdə sivilizasiyalararası dialoqun inkişafı, gərginliklərin əvvəlcədən müəyyənləşdirilməsi və inklüziv yanaşmalar əsasında sülhün təşviqi məsələləri ətrafında müzakirələr aparılıb.