Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının (ACTA) prezidenti Hamad bin Nasser bin Rashid Al-Misnad ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Qətər arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyəsi vurğulanıb. Prezident İlham Əliyevin müxtəlif illərdə Qətərə rəsmi səfərləri, Qətərin Əmiri Şeyx Tamim bin Hamad Al Taninin isə ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələr qeyd olunub. Həmçinin Qətərin Əmiri Şeyx Tamim bin Hamad Al Taninin bu il oktyabrın 14-ü və 15-i AQEM-in VII Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfəri, səfər çərçivəsində Prezident İlham Əliyev ilə görüşü və ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirəsi Azərbaycan-Qətər münasibətlərinin inkişafına verilən qarşılıqlı önəmin göstəricisi kimi vurğulanıb.
Baş prokuror Qətərin müvafiq qurumu ilə Azərbaycanın prokurorluq orqanları, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin və beynəlxalq platformalarda birgə fəaliyyətin əhəmiyyətini qeyd edib. O, Qətərin BMT-nin Korrupsiyaya qarşı Konvensiyası çərçivəsində fəaliyyətini vurğulayaraq, qarşıdakı beynəlxalq tədbirlərdə əməkdaşlığın və dəstəyin davam etdirilməsinə ümidvar olduğunu bildirib.
Hamad Al-Misnad ikitərəfli əməkdaşlığın inkişafının və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq təşəbbüslər çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Göstərilən səmərəli əməkdaşlığa və Azərbaycanın prokurorluq orqanları ilə əlaqələrin inkişafına verdiyi töhfələrə görə Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının prezidenti Hamad bin Nasser bin Rashid Al-Misnad Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.