Hər bir xalqın tarixi inkişafını səciyyələndirən mühüm amillərdən biri onun müxtəliflik daxilində bütövlüyünü qorumaq, tarixi yaddaşını ümumi milli mənafe ilə uzlaşdırmaq və cəmiyyətin gələcəyini vahid ideya ətrafında qurmaq qabiliyyətidir. Bu baxımdan milli ideologiya sadəcə keçmişin mənəvi dəyərlər toplusu deyil, tarixi təcrübəni müasir dövlətçilik düşüncəsinə çevirən, ictimai münasibətlərin istiqamətini müəyyənləşdirən və milli birliyin intellektual əsaslarını formalaşdıran mühüm ictimai-siyasi fenomendir. Xüsusən etnik və dini müxtəlifliyin mövcud olduğu cəmiyyətlərdə bu ideyanın mahiyyəti daha aydın üzə çıxır: əsas məsələ fərqləri aradan qaldırmaq deyil, onları ümumi Vətən, ortaq vətəndaşlıq və qarşılıqlı məsuliyyət anlayışları ətrafında birləşdirməkdir. Azərbaycanın tarixi təcrübəsi, milli dövlətçilik ənənələri və müasir inkişaf yolu bu məsələnin öyrənilməsi üçün zəngin material verir. Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı məhz bu suallar ətrafında düşünmək üçün mühüm fürsət yaradır. Forumun ideya məzmunu xalqlar və sivilizasiyalar arasında qarşılıqlı anlaşma məsələləri ilə məhdudlaşmır. Bu mövzu Azərbaycanın öz tarixi təcrübəsinə, xalqımızın milli kimliyinə, dövlətçilik ənənələrinə və cəmiyyətin birləşdirici dəyərlərinə yenidən nəzər salmağı zəruri edir. Çünki dünyaya dialoq çağırışı edən ölkənin öz daxilində bunun tarixi və mənəvi əsasları olmalıdır. Bu baxımdan Azərbaycanın zəngin tarixi təcrübəsi var. Ərazimiz müxtəlif tarixi mərhələlərdə fərqli xalqların, mədəniyyətlərin və dini ənənələrin təmas məkanı olub. Qafqaz Albaniyası dövründən başlayaraq müxtəlif dövlətçilik mərhələlərində formalaşan mədəni irs, Şirvanşahlar dövlətinin siyasi və mədəni ənənələri, Ağqoyunlu və Səfəvi dövlətlərinin tariximizdəki yeri, Əfşarlar dövrünün siyasi təcrübəsi və xanlıqlar mərhələsində milli dövlətçilik düşüncəsinin müxtəlif təzahürləri Azərbaycan tarixinin çoxqatlı mənzərəsini yaradır. Bu tarixi mərhələlərin hər biri özünəməxsus xüsusiyyətlərə malik olsa da, onların öyrənilməsi xalqımızın siyasi təfəkkürünün, mədəni yaddaşının və dövlətçilik ənənələrinin inkişafını anlamaq baxımından əhəmiyyətlidir.
Tarixi irsin mövcudluğu öz-özlüyündə milli birliyi təmin etmir, eyni zamanda bu irsi müasir dövlətçilik düşüncəsi ilə əlaqələndirmək, müxtəlif etnik və dini mənsubiyyətlərdən olan insanları ortaq məqsədlər ətrafında birləşdirmək üçün ümumxalq ideyasına ehtiyac yaranır. Azərbaycançılıq ideologiyasının mahiyyəti də məhz bu zərurətdən irəli gəlir. Onun əsas məzmunu milli kimliyi qorumaqla yanaşı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların özlərini vahid dövlətin bərabərhüquqlu vətəndaşları kimi hiss etmələrinə, ümumi Vətən anlayışı ətrafında birləşmələrinə əsaslanır.
Azərbaycançılıq ideologiyasının sistemli dövlətçilik konsepsiyası kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi missiyası xüsusi qeyd edilməlidir. Ulu Öndər milli ideyanın təkcə etnik mənsubiyyətlə məhdudlaşmamalı olduğunu, müstəqil dövlətin möhkəmlənməsi, xalqın vahid məqsəd ətrafında birləşməsi və milli maraqların qorunması ilə uzlaşmasını əsas götürürdü. Ümummilli Liderin rəhbərliyi dövründə azərbaycançılıq ideyasının mahiyyəti, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətdə birliyin təmin edilməsi məsələləri geniş siyasi və ictimai müzakirələrin predmetinə çevrildi. Bu yanaşma nəticəsində azərbaycançılıq milli kimliyin ifadəsi olmaqla yanaşı, müstəqil dövlətin ideoloji dayaqlarından biri kimi inkişaf etdi. Bu ideologiyanın gücü ondadır ki, insanları fərqlərinə görə ayırmır, ortaq vətəndaşlıq və Vətənə bağlılığı əsasında birləşdirir. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların dilləri, adət-ənənələri, mədəni xüsusiyyətləri və dini inancları həyatın zənginliyini təşkil edir. Azərbaycançılıq həmin müxtəlifliyin vahid dövlətçilik məkanında qorunmasını, qarşılıqlı hörmətin möhkəmləndirilməsini və hər bir vətəndaşın ölkənin gələcəyi qarşısında məsuliyyət daşımasını nəzərdə tutur. Beləliklə, milli birlik eyniləşmə deyil, fərqliliklərin ortaq məqsəd ətrafında uzlaşmasıdır.
Azərbaycançılığın elmi-fəlsəfi və dövlətçilik əsaslarını da bu məntiq müəyyənləşdirir. Onun mənəvi qaynaqları xalqın tarixi yaddaşı, ana dili, ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri və milli özünüdərkidir. Siyasi məzmunu müstəqilliyin, suverenliyin, dövlətçilik ənənələrinin və ümummilli maraqların qorunması ilə bağlıdır. İctimai məzmunu isə həmrəyliyə, qarşılıqlı hörmətə, bərabər vətəndaşlıq prinsipinə və cəmiyyətin bütövlüyünə söykənir.
Milli həmrəylik ideologiyanın gündəlik həyatda gerçəkləşməsinin əsas şərtidir. Cəmiyyətin müxtəlif təbəqələri və etnik qrupları arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, hər bir insanın hüquq və ləyaqətinə hörmət edilməsi, mədəni irsin qorunması və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi bu birliyin davamlılığını təmin edir. Eyni zamanda, milli ideologiyanın gücü yalnız onun bəyan edilməsində deyil, insanların həyatında, ictimai münasibətlərdə və dövlət-vətəndaş əlaqələrində nə dərəcədə əks olunmasındadır. Həmrəylik insanların ortaq problemlərin həlli, ölkənin inkişafı və gələcək nəsillər qarşısında məsuliyyət məsələlərində bir-birinə dayaq olması ilə möhkəmlənir.
Mədəniyyətlərarası dialoq da məhz belə bir mühitdə həqiqi məna qazanır. Başqa xalqların mədəniyyətinə hörmət etmək öz milli kimliyindən uzaqlaşmaq deyil, əksinə, öz köklərini dərindən dərk edən cəmiyyət başqalarının dəyərlərinə daha sağlam münasibət göstərə bilir. Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əhəmiyyəti də bu təcrübənin paylaşılması, qarşılıqlı anlaşmanın təşviqi və mədəni müxtəlifliyin sülh şəraitində birgəyaşayış üçün imkan kimi dəyərləndirilməsi ilə bağlıdır. Bu gün qarşıda duran əsas vəzifə tarixi irsimizi yalnız keçmişimizin fəxri kimi deyil, gələcəyimizin məsuliyyəti kimi qəbul etməkdir. Azərbaycançılıq ideologiyası cəmiyyətin bütün üzvlərini milli maraqların qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və ümumi rifah naminə fəaliyyətə səsləyən ideya olaraq yaşamalıdır. Bu isə tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və hər bir vətəndaşın özünü ölkəmizin taleyinə cavabdeh hiss etməsi ilə mümkündür.
“Ortaq gələcək naminə dialoq” çağırışının mahiyyəti müxtəlif mədəniyyətlərin bir masa ətrafında görüşməsi ilə məhdudlaşmır. Əsl dialoq qarşılıqlı hörmətin, etimadın və ortaq məsuliyyətin formalaşdığı, fərqliliklərin qarşıdurmaya deyil, qarşılıqlı zənginləşməyə xidmət etdiyi düşüncə və münasibətlər sistemidir. Azərbaycanın tarixi təcrübəsi təsdiq edir ki, milli kimliyin qorunması, mədəni müxtəlifliyə hörmət və dövlətçilik düşüncəsi bir-birini tamamlayan, cəmiyyətin bütövlüyünü möhkəmləndirən fundamental dəyərlərdir. Ulu Öndər Heydər Əliyevin sistemli şəkildə inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası da məhz bu dəyərləri vahid milli məqsəd ətrafında birləşdirən, xalqın tarixi yaddaşı ilə müasir dövlətçilik maraqları arasında möhkəm mənəvi-siyasi bağ yaradan ideoloji təməldir. Bu təməl üzərində qurulan milli həmrəylik ölkəmizin sabit inkişafının, müstəqilliyinin və gələcək hədəflərinə doğru inamla irəliləməsinin mühüm şərtidir. Güclü dövlətin təməlində yalnız iqtisadi və siyasi imkanlar deyil, öz tarixinə sahib çıxan, milli dəyərlərini qoruyan, fərqliliklərə hörmət edən və Vətəninin taleyini ortaq məsuliyyət kimi qəbul edən xalqın birliyi dayanır. Məhz belə birlik Azərbaycanın gələcəyini daha möhkəm təməllər üzərində qurur, milli iradəsini gücləndirir və ölkəmizin dünya xalqları arasında özünəməxsus mövqeyini qoruyub inkişaf etdirməsinə xidmət göstərir. Ortaq gələcəyimizin ən etibarlı təminatı milli birliyimiz, dövlətçiliyimizə sədaqətimiz və azərbaycançılıq ideyası ətrafında sarsılmaz həmrəyliyimizdir.
Elşən QƏNİYEV,
“Azərbaycan”