Prezident İlham Əliyevin forumda çıxışı Azərbaycanın milli həmrəyliyini, ideoloji təhlükəsizliyini və artan beynəlxalq nüfuzunu bir daha dünyaya nümayiş etdirdi
Dünyada münaqişələrin, qütbləşmənin və dini qarşıdurmaların dərinləşdiyi bir dövrdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha çox ön plana çıxır. Məhz belə bir şəraitdə Azərbaycanın evsahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların, dinlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirən beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki təcrübəsi əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinə, dini və mədəni müxtəlifliyə hörmətə əsaslanır. Ölkəmizdə müxtəlif dini icmaların dinc şəraitdə birgə yaşaması multikultural dəyərlərin cəmiyyət həyatındakı rolunu nümayiş etdirir. Dünyəvi dövlət quruluşu və müxtəlif mədəniyyətlərə açıq münasibət Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinə də möhkəm zəmin yaradır.
2008-ci ildən əsası qoyulan “Bakı Prosesi” və onun mühüm tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal miqyasda dialoq mədəniyyətinin təşviqinə verdiyi töhfənin göstəricisidir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev bu təşəbbüsün beynəlxalq aləmdəki yüksək statusunu xüsusi vurğulayıb: “Ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir”.
Azərbaycanın bu istiqamətdə formalaşdırdığı beynəlxalq platforma göstərir ki, dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır. Bakı Forumuna qatılan nümayəndələr də birmənalı bəyan edirlər ki, mədəniyyətlər və sivilizasiyalararası dialoq hər zamankından daha zəruridir. Dövlətimizin başçısı çıxışında ölkəmizin bu tarixi missiyasını da diqqətə çatdırıb: “Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk”.
Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz əsrlərdən bəri fərqli inancların dinc yanaşı yaşadığı unikal bir məkandır. Prezident İlham Əliyev xalqımızın malik olduğu bu zəngin dəyərlər sisteminə toxunaraq xüsusi qeyd edib: “Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk”. Məhz bu zəngin irs və mənəvi təməl müasir Azərbaycan cəmiyyətində sarsılmaz həmrəyliyin və milli ideologiyamız ətrafında sıx birliyin formalaşmasını şərtləndirir. Ölkəmizdəki daxili sabitlik, xalq-hakimiyyət birliyi və etnik-dini baxımdan mövcud olan harmoniya Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsidir. Dövlətimizin başçısı vurğulayıb ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır: “Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar”.
Milli həmrəylik və daxili ahəngdarlıq həm də ölkəmizin ideoloji təhlükəsizliyinin zəmanətidir. Azərbaycanda daxili risklərin olmaması xalqımızın milli ideologiya ətrafında birliyindən qaynaqlanır. Ölkəmiz üçün potensial təhlükələr daxildən deyil, məhz xaricdən formalaşır və bu təhlükələr daha çox ideoloji xarakter daşıyır. Dövlətimiz ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib hesab edir. Əgər yaxın vaxtlara qədər suverenlik və təhlükəsizlik üçün əsas təhdid fiziki müdaxilə idisə, müasir dövrdə ideoloji müdaxilələr, xaricdən idarə olunan təbliğat maşınları da ciddi təhlükə kəsb etməyə başlayıb. Prezident İlham Əliyev də bu məqama diqqət yönəldib: “İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq”.
Xüsusilə müstəqil xarici siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə qoruyan ölkələrin daxili işlərinə qarışmaq cəhdləri qətiyyən yolverilməzdir. Heç bir kənar güc və qüvvə Azərbaycana dərs keçə, yol göstərə, mühazirə oxuya bilməz. Başqa ölkələrə necə yaşamaq, hansı siyasi və ya sosial yolu seçmək barədə mühazirə oxumağa çalışanlar ilk növbədə özlərinə nəzər salmalı, daxili ziddiyyətlərini və problemlərini həll etməlidirlər. Qərbdə və digər mərkəzlərdə boy göstərən ikili standartlar, başqalarını mühakimə etmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Dövlətimizin başçısı bəzi xarici dairələrin məqsədli ideoloji hücumlarına və daxili işlərə qarışma cəhdlərinə də kəskin cavab verib: “İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?”.
Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edərək regional və qlobal miqyasda yeni reallıqlar yaradıb. Vətən müharibəsində böyük Zəfər qazanan dövlətimiz qalib gəldikdən sonra humanist və sülhpərvər mövqe nümayiş etdirib. Ölkəmizin ortaya qoyduğu bu presedent qlobal münaqişələrin tənzimlənməsi üçün nümunəvi modeldir. Prezident İlham Əliyev çıxışı zamanı bu məqamı xüsusi qeyd edib: “Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”. Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən dövlətimizin başçısı vurğulayıb ki, bu nümunə bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər.
Azərbaycan bu gün yalnız regional deyil, qlobal enerji, nəqliyyat-logistika və diplomatik təşəbbüslərin mərkəzində durur. Ölkəmiz münaqişələrlə əhatə olunmuş mürəkkəb coğrafiyada sabitlik adası kimi çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın qlobal rolunun artmasını və beynəlxalq nüfuzunu bu cür diqqətə çatdırıb: “Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir”.
Azərbaycanın beynəlxalq müstəvidə artan çəkisi və nüfuzu onun xarici siyasətində qazandığı tarixi uğurlarla bilavasitə bağlıdır. Ölkəmizin müstəqil və milli maraqlara söykənən diplomatik xətti dünyada təkcə regional güc kimi deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib. Bu uğurlu diplomatik strategiyanın nəticəsi olaraq Azərbaycan qlobal güc mərkəzləri ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa müvəffəq olub. Prezident İlham Əliyev bu böyük diplomatik nailiyyəti diqqətə çatdıraraq vurğulayıb: “2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var”. Bu həqiqətdir ki, qlobal güclərlə strateji tərəfdaşlıq münasibətləri qurmaq diplomatik uğurdur.
Azərbaycanın yürütdüyü müstəqil və prinsipial siyasət qlobal güc mərkəzləri tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar bir daha göstərir ki, güclü ideoloji təhlükəsizliyi, milli həmrəyliyi və müstəqil xarici siyasəti ilə seçilən Azərbaycan qlobal sülhə, dialoqa və əməkdaşlığa töhfə verən nüfuzlu dövlətdir.
İsmayıl QOCAYEV,
“Azərbaycan”