Qədim mənbələrdə,
antik dövr alimlərinin, şairlərin əsərlərində bu barədə məlumatlar verilir. Sonralar
da dünyanın yeddi möcüzəsindən - Misir ehramları, Semiramidanın asma bağları, Olimpdə
Zevsin heykəli, Halikarnas mavzoleyi, Rodos nəhəngi, İsgəndəriyyə mayakı və Efesdə
Artemida məbədindən böyük heyranlıqla söz açılıb. Arxeoloqlar, araşdırmaçılar, alimlər
təhlillər edib, tədqiqatlar aparıblar. Ancaq bu möcüzələrin üzərindən sirr pərdəsini
qaldırmaq hələ də mümkünsüz olaraq qalır.
"Ölülər” otağına
giriş
Qədim Misirdə
ölkəni idarə edən fironları dəfn etmək üçün ehramlar tikilirdi. Hər ehram yalnız
bir hökmdarın dəfni üçün nəzərdə tutulurdu. Fironun ruhunun ilahların yanına pillələrlə
qalxa bilməsi üçün ehramlar pilləvarı piramida şəklində inşa olunurdu. Ehramın tikintisinə
firon yaşayan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn edilirdilər.
Ehramların dünyanın hər tərəfinə dəqiqliklə istiqamətlənməsi qədim misirlilərin
astronomik biliklərinin yüksək səviyyədə olmasından xəbər verir.
Misirin müxtəlif
yerlərində yüzlərlə ehram var. Ən böyük və məşhur ehramlar müasir Misirin paytaxtı
Qahirə yaxınlığında, Gizada yerləşən Xeops, Xefren və Mikerin ehramlarıdır ki, qədim
dövrlərdə onlar dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu. Hər ehram onu tikdirmiş
fironun adını daşıyır. Dövrümüzədək gəlib çatmış bu ehramların çox maraqlı olduğu
qədər də müəmmalı tarixi var.
Giza ehramlarının
e.ə. XXX əsrdə Qədim Xanədanlıq dövründə inşa edildiyi ehtimal edilir. Ehram kimin
şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə
iki dəfə - fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs,
radar, şüaötürmə cihazları işləmir.
Maraqlı fikirlərdən
biri budur ki, ehramlardakı bəzi otaqlarda nəyin olduğu məlum deyil; oraya girməyə
müvəffəq olmuş tədqiqatçılar geri qayıtmayıblar. Bəzi tədqiqatçılar isə müxtəlif
texnoloji üsullardan istifadə etsələr də, məqsədlərinə çatmayıblar.
Ehramlarla
bağlı müxtəlif riyazi rəqəmlər də mövcuddur. Onların biri belədir ki, ehramları
xəyalən kəsib keçən meridianlar Yer kürəsinin quru və su ərazilərini iki bərabər
hissəyə bölür.
Üç ehramdan
ən böyüyünün - memar Xemiun tərəfindən təxminən miladdan əvvəl XXVI əsrdə firon
Xeopsun şərəfinə tikilmiş Xeops ehramının inşasına 20 il vaxt sərf olunduğu güman
edilir. Tarix elminin atası sayılan Herodot Xeops ehramının tikintisində 100
000 qulun çalışdığını yazırdı. Piramidanın hündürlüyü 147 metr olub, ancaq qum fırtınası
nəticəsində 138 metrə qədər azalıb, özüldə hər tərəfinin uzunluğu 230 metrdir. Bu
ehram qədim dünyanın ən böyük tikilisi sayılır. Ehramın inşası üçün 2 milyon
300 min iri daş blok sərf olunub. Hər blokun çəkisi orta hesabla 2,5 ton, ən ağırı
isə 15 tondur.
Firon Xeopsun
oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Onun yalnız təpə hissəsində
örtükvarı daş bloklar var. Giza ehramları arasında yalnız bu ehramın daxilinə giriş
var. Həmin giriş "ölülər” otağına aparır.
Giza ehramları
arasında ən alçaq ehram - Mikerin ehramıdır ki, o da 62 metrdir və firon Xefrenin
oğlu üçün tikilib.
"Dəhşətlər
atası”
Qədim Misirin
daha bir məşhur abidəsi - Böyük Sfinksin heykəli də Nilin qərb sahilində, Giza ehramlarının
yaxınlığındadır. Dam örtüyü olmayan, qranitdən tikilmiş məbədin yanında Sfinks məbədinin
xarabalıqları görünür. Onların arxasında ehramların qədim qoruyucusu, "Dəhşətlər
atası” adlandırılan, insan başlı aslan - Sfinks baxışlarını şərqə çevirərək dincəlir.
"Sfinks” sözünün
yunancadan tərcüməsi "boğan” mənasını verir. Böyük Sfinks heykəli firon Xeopsun
oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. 21 metr
hündürlüyü, 73 metr uzunluğu olan bu heykəlin burnunun qoparılması barədə əsrlər
boyu müxtəlif fərziyyələr irəli sürülüb. Böyük Sfinksin burunsuz qalmasının günahkarı
gah XIV əsrdə topatma təlimləri keçən məmlüklər, gah 1799-cu ildə Misirə yürüş edən
Napoleon Bonapartın ordusu hesab edilib. Başqa bir fərziyyəyə görə isə, hələ
1378-ci ildə kəndlilərin Sfinksə beyət etməsindən hiddətlənən Məhəmmədi Saim heykəlin
burnunu sındırmış, bundan qəzəblənən kütlə onu ölənədək döymüşdü.
Müəmmalar...
Giza ehramlarında
heç bir yazıya rast gəlinməyib, onların necə tikilməsi elmə məlum deyil. Hər biri
tonlarla ağırlığında qaya parçalarının yonulduğu 200 km uzaqda yerləşən karxanalardan
daşınması, ehramların yuxarı hissələrinə qaldırılması hələ də müəmmadır.
Son illərdə
Misirin şərq hissəsindəki Hatnubda arxeoloji araşdırmalar zamanı antik daş karxanasında
xüsusi sistem tapan arxeoloqlar bunun ehramlarla bağlı olduğunu güman edirlər. Alimlərə
görə, bu mexanizm ağır mərmər daşların dik rampa, yəni ağır əşyaların üzüyuxarı
daşınması üçün körpüyə bənzəyən xüsusi vasitə ilə daşınması üçün istifadə edilə
bilərdi. Araşdırmaçılar qrupunun rəhbəri Yannis Qordon bu cür sistemə başqa yerdə
rast gəlmədiyini deyib.
Güman edilirdi
ki, ehramların tikintisində yalnız qul əməyindən istifadə olunub. Sonradan arxeoloqlar
Giza yaxınlığında qədimdə mövcud olmuş kiçik qəsəbə aşkar ediblər. Məlum olub ki,
bu, muzdlu inşaatçılar və sənətkarlar qəsəbəsidir.
Ehramlarda,
mumiyalanmış fironların yanında çox qiymətli əşyalar, hətta xəzinə olduğundan belə
yerlərə göz dikənlər zaman-zaman olub. Ancaq dünyanın ən mahir oğruları da maneələri
aşaraq, labirintlərdən keçərək ehramlardan oğurluq edə bilməyiblər. Fironun qızıl
əşyalarını oğurlamaq üçün cənazənin saxlanıldığı otağı tapmağa cəhd edənlər labirintə
düşüb, həftələrlə, aylarla buradan çıxa bilməyib, acından ölüblər.
Misir ehramları
ilə bağlı müəmmalar bütün dövrlərdə dünya ictimaiyyətinin diqqətini cəlb edib.
1984-cü ildə firon Xefrenin tabutu çoxsaylı turistlərin müşahidəsi ilə ehramdan
çıxarılarkən qəribə hadisə baş verib. Tədqiqatçılar və turistlər öskürəkdən boğulmağa,
taqətdən düşməyə başlayıblar. Bir qədər sonra özünə gələn turistlər mumiyanın saxlandığı
otaqda nəfəs yollarının qıcıqlandığını, gözlərinin yaşardığını və zəiflədiyini söyləyiblər.
Ehrama giriş həmin gün bağlanıb, mütəxəssislər içəridə araşdırmalara başlayıblar.
Ancaq tədqiqatlar nəticə verməyib.
Daha bir qəribə
hadisə Mikerin ehramı ilə bağlı baş verib. Ehramdan çıxarılan fironun cənazəsi İngiltərəyə
aparılarkən gəmi dənizdə batıb. Deyilənə görə, Mikerin ehramının lənəti elə güclü
idi ki, onun içində uzun müddət qalan insanlar tezliklə müəmmalı şəkildə vəfat ediblər.
Söylənilənlərin
arasında fərziyyələr, gümanlar, ehtimallar yer alsa da, bir həqiqət aşkardır, müasir
elmin inkişaf səviyyəsi nə qədər yüksək olsa da, hələ ki qədim dünyanın bütün sirlərini
açmağa yetmir. Hələ də bir çox sirləri özündə saxlayan Misir piramidaları da tədqiqatçılarını
gözləyir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”