12 İyun 2026 09:30
368
Mədəniyyət
A- A+
Aktyor əbədiyyəti səhnədə qazanır

Aktyor əbədiyyəti səhnədə qazanır


Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri olan Hamlet Xanızadə özünəməxsus yaradıcılığı ilə seçilərək tamaşaçıların rəğbətini qazanıb.

Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Körpəliyi İkinci Dünya müharibəsinin dəhşətli illərində keçib. O zaman müharibənin gətirdiyi məşəqqətlər - aclıq, qıtlıq onun da sevincinə, qayğısızlığına kölgə salıb.

1945-ci il mayın 9-da alman faşist ordusunun məğlub edilməsi keçmiş SSRİ-yə daxil olan digər respublikalar kimi, Azərbaycana dinclik gətirib. Ancaq müharibənin gətirdiyi çətinliklər uzun müddət davam edib. Hamlet Xanızadə belə bir dövrdə böyüyüb, orta məktəbə gedib. Uşaqlıqdan teatra, kinoya meyil salıb. Onun səhnəyə, ekrana artan marağı atası Bəbir kişinin xoşuna gəlməyib. Oğlunu aktyor görmək istəməyən Bəbir kişinin səyləri faydasız qalıb. O, balaca Hamletin aktyorluq sənətinə həvəsinin, səhnə və kino sevdasının qarşısına sədd çəkə bilməyib. Beləliklə, orta məktəbi bitirən Hamlet Xanızadə arzularını gerçəkləşdirib, aktyor olub.

O, 1950-ci illərin sonlarında Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Ali məktəbdə oxuduğu illərində aktyorluq məharətini nümayiş etdirib. Tədris teatrında onun oynadığı rollar həm müəllimlərin, həm də tələbə yoldaşlarının diqqətini cəlb edib. Hamletin gələcəkdə məşhur aktyor olacağına heç kimin şübhəsi qalmayıb.

1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayıb. Bu böyük sənət ocağının istedadlı və təcrübəli aktyorlarının sırasına qoşulması gənc aktyoru sevindirdiyi, qürurlandırdığı qədər də özünə qarşı məsuliyyətini artırıb. Əliağa Ağayev, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli, Mehdi Məmmədov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi sənətkarlarla eyni səhnəyə çıxan Hamlet Xanızadə seçdiyi sənəti daha dərindən öyrənib, püxtələşib. Gənc aktyor hər tamaşanın sonunda teatr salonunu titrədən tamaşaçı alqışlarında onun da payı olduğunu görüb iftixar hissi keçirib.

Hamlet verilən fərqli rolları məharətlə ifa edib.  Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqa rolların hər birini elə yaradıb ki, tamaşaçıların yaddaşında dərin iz sala bilsin. 

O, istedadını yalnız teatr sənətində deyil, kino sahəsində də sınayıb. Kinorejissorların dəvəti ilə ayrı-ayrı illərdə  "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı", "Qətl günü" və başqa filmlərdə çəkilib. Ona tapşırılan hər rolu sanki elə onun üçün yazılmış, necə deyərlər, boyuna biçilmiş kimi canlandırıb. Odur ki, teatr kimi, kino sahəsində də tezliklə məşhurlaşıb. Bu məşhurluğun sayəsində Hamlet Xanızadə 1982-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.  1984-cü ildə isə Dövlət mükafatı alıb.

"Qətl günü" filmindəki Sədi Əfəndi Hamlet Xanızadənin son rolu olub. Filmə ilk ictimai baxış 1990-cı il fevralın 11-də keçirilib. O günü görmək Hamlet Xanızadəyə qismət olmayıb. Hələ çəkilişlər zamanı aktyor filmin ssenarisindən sarsıldığını dilə gətirmişdi. Həyat yoldaşı Nailə xanım bu barədə demişdir: "Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: "Gör biz neçə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".

1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələr Hamlet Xanızadəyə də ağır təsir edib. Sovet qoşun hissələri tərəfindən atəşə tutulmuş, şəhid olmuş soydaşlarımızın faciəsindən dərindən sarsılan sənətkarın ürəyi tab gətirməyib. Aktyorun qızı Aygün Xanızadə müsahibələrinin birində bildirmişdir: "Fevralın 2-si çəkilişdən sonra dostlarıyla qəbirüstünə gedirlər, orda güclü başağrıları tutur, onu evə gətirirlər, onda artıq demək olar ki, özündə deyildi, Bürcəli Əsgərovun həkim oğlu dedi ki, xəstəxanaya aparmaq lazımdır. Atamı reanimasiyaya yerləşdirdilər, orda bir gün qaldı, səhərə yaxın xəbər gəldi ki, keçinib". Millətini böyük məhəbbətlə sevən aktyor 1990-cı il fevralın 3-də, 49 yaşında gözlərini əbədi yumub.

Ömrü kimi yaradıcılığı da yarımçıq qalsa da, səhnədə və kinoda yaratdığı rollar Hamlet Xanızadənin adını Azərbaycan mədəniyyəti tarixinə əbədi yazıb. İllər keçir, nəsillər dəyişir. Lakin lent yazılarının yaddaşında qalan ifası aktyoru unudulmağa qoymur. Tamaşaçılar onun ifasına heyranlıqla baxırlar. Əməkdar artist Hamlet Xanızadənin səhnəyə, ekranlara gətirdiyi səmimiyyət və güclü ifa tərzi Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib  

12:09
16 İyun

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir  

12:08
16 İyun

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir  

12:07
16 İyun

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

12:06
16 İyun

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb  

11:58
16 İyun

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib  

11:57
16 İyun

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

11:48
16 İyun

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək  

11:42
16 İyun

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq  

11:41
16 İyun

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

11:38
16 İyun

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır  

11:31
16 İyun

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

11:26
16 İyun

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir  

11:16
16 İyun

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur  

11:11
16 İyun

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir 

11:07
16 İyun

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb  

11:01
16 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:58
16 İyun

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

10:47
16 İyun

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

10:46
16 İyun

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

10:41
16 İyun

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

10:39
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!