İnformasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən konseptual islahatlar ölkəmizi innovasiya mərkəzinə çevirir
Müasir dünyada ölkələrin inkişaf səviyyəsi, iqtisadi qüdrəti və qlobal rəqabətqabiliyyətliliyi təkcə zəngin təbii resurslar, coğrafi üstünlüklər və ya ənənəvi sənaye göstəriciləri ilə ölçülmür. XXI əsrin əsas inkişaf meyarı rəqəmsal texnologiyaların tətbiqi, süni intellekt imkanlarından səmərəli istifadə, innovasiya mühitinin formalaşdırılması və kibertəhlükəsizliyin etibarlı şəkildə təmin edilməsidir. Xüsusən, 2020-ci ildən sonra dünya əvvəlki inkişaf modellərindən köklü surətdə fərqlənən, Dördüncü Sənaye İnqilabının diktə etdiyi yeni qlobal nizama qədəm qoymuşdur. Bu yeni nizamın mərkəzində isə rəqəmsallaşma və rəqəmsal transformasiya prosesləri dayanır.
Rəqəmsallaşma, sadəcə, mövcud kağız daşıyıcılarındakı məlumatların və ya ənənəvi xidmətlərin elektron formaya keçirilməsi demək deyil. Bu proses idarəetmə fəlsəfəsinin yenilənməsini, məlumatların rəqəmsal mühitdə təhlükəsiz idarə olunmasını, qərarların real təhlillərə əsaslanaraq daha dəqiq və operativ qəbul edilməsini, eləcə də vətəndaş və biznes subyektlərinə göstərilən xidmətlərin keyfiyyətinin yeni müstəviyə qaldırılmasını zəruri edən bütöv bir ekosistemdir. Rəqəmsal transformasiyanın zəruriliyi dövlət qurumları arasında məlumat mübadiləsinin maksimum sürətləndirilməsi, bürokratik prosedurların və vətəndaş-məmur təmasının minimuma endirilməsi, şəffaflığın artırılması və resurslardan səmərəli istifadə ilə şərtlənir.
Azərbaycanda rəqəmsal transformasiyanın tarixi təməli
Azərbaycan da qlobal texnoloji trendləri milli maraqlara uyğun tətbiq etmək, rəqəmsal ekosistem formalaşdırmaq və çevik idarəetmə mexanizmləri yaratmaq çağırışlarına ən yüksək səviyyədə cavab verməkdədir. Ölkəmizdə rəqəmsallaşma ardıcıl və konseptual şəkildə həyata keçirilir, sistemli dövlət siyasətinə əsaslanır. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal platformaların miqyasının genişləndirilməsi, milli innovasiya ekosisteminin qurulması və kibertəhlükəsizliyin təmini istiqamətində atılan fundamental addımlar ölkəmizin uzunmüddətli, dayanıqlı və innovasiya tutumlu yeni inkişaf modelinin əsas hərəkətverici qüvvəsinə çevrilməsi üçün məqsədyönlü addımlar atılır.
İnternet istifadəçilərinin sayının sürətlə artması, infrastrukturun yenilənməsi və beynəlxalq tranzit magistrallarına çıxışın təmin edilməsi məhz bu dövrün planlı idarəetmə silsiləsidir. Elektron hökumət həllərinin tətbiqinə start verilməsi, dövlət reyestrlərinin rəqəmsal formata köçürülməsi ölkənin rəqəmsal gələcəyi üçün möhkəm infrastruktur və hüquqi zəmin yaratmışdır. Aparılan təhlillər göstərir ki, illər öncədən başlanan rabitə və yüksək texnologiyalar islahatları, iqtisadiyyatın qeyri-neft sektorunun şaxələndirilməsində katalizator rolunu oynayaraq, bugünkü genişmiqyaslı bulud və süni intellekt layihələrinə keçid üçün dayanıqlı platforma formalaşdırmışdır.
Respublikamızda bu sahədə aparılan sistemli islahatlardan irəli gələrək rəqəmsal inkişaf strategiyaları qəbul edilib. Bu sənədlər Azərbaycanın uzunmüddətli texnoloji hədəflərini və rəqəmsal ekosistemin formalaşdırılması prioritetlərini özündə ehtiva edir. 2026-cı il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı fəaliyyət proqramına həsr olunmuş müşavirə keçirilmişdir. Dövlətimizin başçısının müşavirədə verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi hədəflər əsasında fevralın 27-də Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiq edilmişdir.
Bu sahədə atılan ən mühüm institusional addım və rəqəmsallaşma prosesinə verilən yüksək dövlət dəstəyinin təzahürü kimi bu il iyun ayının 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilmişdir. Müşavirədə rəqəmsal keçidlə bağlı son aylarda aparılan işlər, əldə edilən nəticələr müzakirə olunmuşdur.
Bu istiqamətdə həyata keçirilən fundamental və institusional islahatların ən uğurlu, beynəlxalq səviyyədə tanınan brend nümunəsi Prezident İlham Əliyevin 2013-cü il 13 iyul tarixli fərmanı ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və "ASAN xidmət" modelinin təsis edilməsi olmuşdur. Artıq bu xidmət Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşmasının ən uğurlu nümunələrindən biri kimi özünü təsdiqləmişdir.
Hazırda dövlətimiz bu irimiqyaslı nailiyyətlərin üzərində daha fundamental, təhlükəsiz və əhatəli rəqəmsal arxitektura formalaşdırır. Bu çərçivədə ölkədə genişzolaqlı internet infrastrukturunun qurulması məqsədilə həyata keçirilən layihələr nəticəsində genişzolaqlı fiber-optik internet istifadəçilərinin payı kütləvi şəkildə artmışdır. Hökumət buludu (G-Cloud) layihəsi çərçivəsində onlarca dövlət qurumunun informasiya sistemləri vahid, təhlükəsiz və optimallaşdırılmış məlumat mərkəzində cəmləşdirilmişdir ki, bu da illik infrastruktur xərclərinə 30 faizdən çox qənaət etməyə imkan verir.
Rəqəmsallaşma siyasəti, sadəcə, qərarlarla deyil, həm də çevik institusional mexanizmlərlə gücləndirilir. Rəqəmsal idarəetmə strukturunun qurulması və rəqəmsal ekosistemin mərkəzləşdirilmiş qaydada idarə edilməsi Azərbaycanın bu sahədəki qətiyyətini göstərən ən mühüm məqamlardan biridir. Ölkəmizdə rəqəmsal transformasiya və yüksək texnologiyalar sahəsində siyasəti birbaşa icra edən, bu prosesi vahid mərkəzdən əlaqələndirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də onun nəzdindəki müvafiq qurumların fəaliyyəti bu sahədəki işlərin sistemli və ardıcıl aparılmasına zəmin yaradır.
Ölkəmizin yeni rəqəmsal arxitekturası
Azərbaycanın rəqəmsal inkişaf tarixində 2026-cı ilin fevral ayının 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusundakı strateji müşavirə tam mənası ilə yeni bir mərhələnin başlanğıcı və ölkənin texnoloji ekosistemi üçün dönüş nöqtəsi oldu. Bu müşavirə Azərbaycanın rəqəmsal transformasiya prosesinə yanaşmasının nə dərəcədə strateji olduğunu, bu sahədə qətiyyətli siyasi iradənin mövcudluğunu nümayiş etdirdi.
Dövlətimizin başçısı vurğulamışdır ki, gələcəyin iqtisadi və siyasi gücü yalnız zəngin təbii resurslarla deyil, bilik, innovasiya və müasir texnologiyalarla müəyyən ediləcəkdir. Prezident İlham Əliyevin çıxışında bəyan etdiyi kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüyümüz var, onlardan biri bizim coğrafi şəraitimizdir. Ona görə də dövlətimizin başçısı bu coğrafi üstünlüyün iqtisadi və infrastruktur qazanca çevrilməsinin vacibliyini bildirərək, ənənəvi enerji və nəqliyyat dəhlizlərinin mütləq şəkildə qlobal fiber-optik magistral dəhlizlərinə inteqrasiya olunması tapşırığını verdi.
Məhz bu müşavirədə verilən birbaşa tapşırıqlar dövlət idarəçiliyinin modernləşdirilməsinə, qeyri-neft sektorunun sürətli şaxələndirilməsinə və yüksək əlavə dəyər yaradan texnologiya əsaslı iqtisadiyyatın formalaşdırılmasına yönəlmiş fundamental institusional islahatların əsasını qoydu. Bu strateji baxış dövlət orqanlarında fərdi elektron xidmətlər yaratmaq təcrübəsinin birdəfəlik aradan qaldırılmasını və tam mərkəzləşdirilmiş, çevik idarəetmə modelinə keçidi tələb edirdi. Bu toplantının ardınca nazirliklərdə birbaşa rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik məsələlərinə məsul olan xüsusi nazir müavinlərinin təyin edilməsi idarəetmədə şaquli koordinasiyanı təmin edən çox mühüm addımdır. Dövlət xidmətlərinin təkmilləşdirilmiş vahid "mygov" platformasında birləşdirilməsi və özəl sektorun, o cümlədən investisiya fondlarının innovasiya ekosisteminə cəlb edilməsi qərarları Azərbaycanın yaxın onillik üçün rəqəmsal inkişaf trayektoriyasını tamamilə yeniləmişdir.
Rəqəmsal İnkişaf Şurası: Rəqəmsal keçiddə vahid mərkəz
Beynəlxalq təcrübə sübut edir ki, rəqəmsal transformasiya kimi nəhəng, şaxələnmiş və böyük maliyyə tutumu investisiya tələb edən prosesin yalnız bir nazirliyin çərçivəsində və ya ayrı-ayrı dövlət qurumlarının pərakəndə, bir-birindən təcrid olunmuş fəaliyyəti ilə uğura çatması qeyri-mümkündür. Bu səbəbdən, dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, dövlət qurumları arasında məlumat və infrastruktur koordinasiyasının ən yüksək səviyyədə gücləndirilməsi üçün belə bir ali şuranın yaradılması strateji zərurətdən irəli gəlirdi. Qlobal reytinqlərdə ön sıralarda qərarlaşan rəqəmsal dövlət modellərinə nəzər saldıqda görürük ki, mərkəzi idarəetmə orqanının mövcudluğu texnoloji investisiyaların səmərəliliyini kəskin şəkildə artırır.
Prezident İlham Əliyevin fevral ayında keçirilən strateji müşavirədəki tapşırıqlarının ardınca atılan önəmli addımlardan biri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şuraya sədr təyin olunması idi. Şuranın yaradılmasında əsas məqsəd ölkə miqyasında rəqəmsallaşma, texnoloji innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində həyata keçirilən bütün layihələrin vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilməsidir. Bu qurum müxtəlif dövlət təsisatlarının intellektual, maliyyə və texnoloji resurslarını bir araya gətirərək innovasiya əsaslı iqtisadi modelə keçidi sürətləndirən əsas hərəkətverici mərkəzdir.
Bu təyinat, eyni zamanda rəqəmsal transformasiya prosesinin dövlət siyasətində hansı dərəcədə prioritet təşkil etdiyinin bariz göstəricisidir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fundamental humanitar, sosial və infrastruktur layihələri, yüksək idarəetmə təcrübəsi rəqəmsal ekosistemin qurulmasında əsas hərəkətverici qüvvəyə çevriləcəkdir. Bu yüksək statuslu və nüfuzlu rəhbərlik dövlət qurumları, özəl sektor və elmi dairələr arasında rəqəmsallaşma sahəsindəki koordinasiyanın ən yüksək səviyyədə təmin olunmasına, bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq. 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planının hər bir bəndinin vaxtında və tam icrasına, gənclərin yüksək texnologiyalar və süni intellekt sahəsinə cəlb olunmasına, yerli startapların qlobal bazarlara çıxışı üçün güclü ekosistemin formalaşdırılmasına birbaşa təminat verəcək.
İslahatların icrasını təmin etmək məqsədilə dövlət başçısının müvafiq tapşırığına əsasən, bütün nazirlik və komitələrdə rəqəmsallaşma təşəbbüslərinin, kiberdözümlülük tədbirlərinin icrasına birbaşa birinci rəhbər müavini səviyyəsində konkret cavabdeh şəxslər təyin edilmişdir. Bu addım idarəetmədə şaquli əlaqələndirməni əhəmiyyətli dərəcədə gücləndirəcək, qəbul edilən qərarların operativ icra mexanizmini son dərəcə çevik və hesabverən hala gətirməsini təmin edəcəkdir.
2026-2028-ci illər üçün Fəaliyyət Planı və məqsədlər
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin yaxın üç il ərzində texnoloji statusunu tamamilə dəyişəcək kompleks tədbirləri və hədəfləri müəyyən edən əsas strateji sənəddir. Bu Fəaliyyət Planı ayrı-ayrı layihələrin sadə məcmusu deyil, ölkənin rəqəmsal suverenliyini təmin edən, milli maraqlara və gələcəyin texnoloji çağırışlarına əsaslanan mükəmməl yol xəritəsidir. Dövlət idarəçiliyinin bütün təbəqələrini əhatə edən bu fundamental proqram ölkədə tam formalaşmış, inteqrasiya olunmuş və kiberhədələrə davamlı rəqəmsal ekosistemin qurulmasını hədəfləyir.
Sənəd rəqəmsallaşma, süni intellekt texnologiyalarının səmərəli tətbiqi, innovasiya ekosisteminin dinamik inkişafı və kibertəhlükəsizliyin etibarlı mühafizəsi olmaqla dörd əsas sütun üzərində qurulmuşdur. Bu mühüm istiqamətlərin uğurlu və dayanıqlı icrasını dəstəkləyən təməl amillər kimi isə infrastruktur bazasının tam modernləşdirilməsi, müasir hüquqi tənzimləmə mexanizmlərinin formalaşdırılması, yüksəkixtisaslı insan kapitalının yetişdirilməsi və mərkəzləşdirilmiş çevik idarəetmə prinsipləri müəyyən edilmişdir. Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, bürokratik prosedurların tam aradan qaldırılması, beynəlxalq nüfuzlu reytinqlərdə Azərbaycanın mövqeyinin ön sıralara yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal ÜDM-dəki payının əhəmiyyətli dərəcədə artırılaraq milli gəlirlərin şaxələndirilməsidir.
Ən mühüm və strateji məqamlardan biri odur ki, bu plan ölkədə mövcud olan İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə konseptual şəkildə uzlaşdırılmışdır. Beləliklə, dövlətin rəqəmsal sahədəki strateji baxışı, prioritetləri və konkret icra mexanizmləri ilk dəfə olaraq vahid, monolit sistem daxilində birləşdirilmişdir. Ümumilikdə 58 mühüm təşəbbüsü əhatə edən bu irimiqyaslı plan çərçivəsində artıq 40 dövlət qurumu ilə fərdi Yol xəritələri işlənib hazırlanmış, onlardan 13-ü tam təsdiq olunmuş və ya son təsdiq mərhələsinə gətirilmişdir. Bu isə rəqəmsallaşma dalğasının ölkə miqyasında bütün sahələri əhatə edən sistemli bir institusional hərəkətə çevrildiyini aydın göstərir.
Nəzəriyyədən təcrübəyə
2026-cı il iyunun 29-da Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk geniş tərkibli iclasının keçirilməsi rəqəmsal transformasiya siyasətinin nəzəri müstəvidən genişmiqyaslı əməli müstəviyə keçdiyini aydın nümayiş etdirən tarixi və fundamental bir hadisə oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə iclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın cari icra vəziyyəti, bu sahədə qlobal trendlərə uyğun genişmiqyaslı qanunvericilik islahatları və insan kapitalının gücləndirilməsi məqsədilə təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətraflı şəkildə təhlil və müzakirə olundu. Mehriban Əliyeva çıxışında Fəaliyyət Planının vaxtında və keyfiyyətlə icrasının şuranın əsas fəaliyyət xətti və prioriteti olduğunu qeyd edərək, dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, həmçinin xarici və daxili investisiyaların, startap mühitinin dəstəklənməsinin dövlətin diqqət mərkəzində olduğunu bildirdi. Birinci vitse-prezident öz çıxışında xüsusilə süni intellekt texnologiyalarının gələcəyin idarəetməsindəki strateji əhəmiyyətini ön plana çəkərək, bu sahədə atılacaq hər bir addımda və qəbul edilən bütün qərarlarda Azərbaycanın milli maraqlarının, suverenliyinin və təhlükəsizliyinin hər şeydən üstün tutulmasının vacibliyini qətiyyətlə vurğuladı.
Keçirilən yüksəksəviyyəli toplantıda Fəaliyyət Planı üzrə Yol xəritələrinin hazırlanmasının cari vəziyyəti, ölkənin bütün məlumat resurslarını mərkəzləşdirilmiş qaydada idarə edəcək Milli Məlumat Hövzəsinin yaradılması prosesi, dövlət informasiya sistemlərinin tam təhlükəsiz şəraitdə Hökumət Buluduna miqrasiyası və vətəndaşlar üçün proaktiv xidmətlər təqdim edən "mygov" platformasının funksionallığının genişləndirilməsi barədə ətraflı hesabatlar təqdim olundu. Eyni zamanda iclasda qabaqcıl beynəlxalq təcrübəyə, o cümlədən inkişaf etmiş ölkələrin standartlarına əsaslanan, yerli innovasiya və rəqəmsal iqtisadiyyat mühitini tənzimləyəcək əhatəli və mütərəqqi qanunvericilik paketinin hazırlandığı bəyan edildi. Texnoloji transformasiyanın ən mühüm sütunu olan insan kapitalının gücləndirilməsi məqsədilə reallaşdırılan "Rəqəmsal məktəb", "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri vasitəsilə orta və ali təhsil müəssisələrində görülən işlər, müasir proqramlaşdırma metodlarının tədrisi diqqətə çatdırıldı. Texnoloji və idarəçilik ekspertlərinin şərhlərində də geniş qeyd olunduğu kimi bu tarixi iclas ölkənin rəqəmsal gələcəyinin fərqli sahələr üzrə vahid dövlət strategiyası əsasında mükəmməl və koordinasiya ilə idarə olunduğunu beynəlxalq müstəvidə tamamilə təsdiq etdi.
Vətəndaşyönümlü rəqəmsallaşma: "mygov" və "mygov Biznes" vahid ekosistemi
Azərbaycanda həyata keçirilən rəqəmsallaşma siyasətinin əsas fəlsəfəsində birbaşa vətəndaş amili, cəmiyyətin rahatlığı və vətəndaş məmnuniyyətinin ən yüksək səviyyədə təmin edilməsi dayanır. Bu günə qədər vətəndaşlar və biznes subyektləri müxtəlif dövlət xidmətlərinə çıxış əldə etmək üçün mobil cihazlarında onlarca fərqli nazirliyin və ya komitənin bir-birindən təcrid olunmuş fərdi mobil tətbiqlərindən istifadə etmək məcburiyyətində qalırdılar. Bu hal istifadəçilər arasında ciddi vaxt itkisinə, pərakəndəliyə, yaddaş və resurs yüklənməsinə, həmçinin zəruri dövlət xidmətinin tapılmasında inzibati çətinliklərə səbəb olurdu. Qeyd olunan funksional pərakəndəliyi tamamilə və kökündən aradan qaldırmaq məqsədilə dövlət tərəfindən bütün rəqəmsal xidmətlər və elektron sənədlər vətəndaşlar üçün "mygov", sahibkarlar və hüquqi şəxslər üçün isə "mygov Biznes" platformaları vasitəsilə vahid, mərkəzləşdirilmiş, təhlükəsiz və inteqrasiya olunmuş ekosistemdə sürətlə birləşdirilir.
Strategiyaya uyğun olaraq bu istiqamətdə artıq çox ciddi və ölçülə bilən əməli uğurlar əldə edilmişdir. Hökumət buludu və universal məlumat mübadiləsi sistemlərinin tam gücü ilə işləməsi nəticəsində qısa müddət ərzində "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam funksionallığı ilə "mygov" platformasına inteqrasiya olunmuşdur. Bununla yanaşı, vətəndaşların gündəlik həyatında xüsusi əhəmiyyət kəsb edən "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiq və xidmətlərinin çox böyük bir hissəsi artıq texnoloji cəhətdən uyğunlaşdırılmışdır. Bu ilin sonunadək qeyd olunan bütün bu sistemlərin təqdim etdiyi xidmətlər tam şəkildə vahid platforma üzərindən istifadəçilərə təqdim edilməsi təmin olunacaqdır. Biznes sektoru üçün strateji əhəmiyyət daşıyan "mygov Biznes" platforması da artıq test mühitində uğurla sınaqdan keçirilmiş və dövlət-biznes münasibətlərində "vahid pəncərə" institutu kimi fəaliyyətə başlamışdır.
Həyata keçirilən struktur və texnoloji islahatların səmərəliliyi real və rəsmi statistik göstəricilərdə də özünü aydın şəkildə büruzə verir. Son aylar ərzində görülən operativ şəbəkə işləri və optimallaşdırma tədbirləri nəticəsində "mygov" platformasının aktiv istifadəçi sayı sürətlə artaraq 2,7 milyondan 3,5 milyona yüksəlmişdir. Eyni zamanda sürücülük vəsiqəsinin dəyişdirilməsi və yenilənməsi üçün müraciət prosesi tam şəkildə kağızsız və növbəsiz olaraq bu platformaya köçürülmüşdür. Yaxın perspektivdə isə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu kimi ən fundamental şəxsi sənədlərin alınması, rüsumların ödənilməsi və yenilənməsi də tamamilə insan amili olmadan "mygov" üzərindən icra ediləcəkdir. Bu il əldə olunan ən mühüm uğurlar sırasına ali təhsil müəssisələrinə qəbul olan 75 minə yaxın gəncin tələbə qeydiyyatı prosesini tam onlayn formatda başa vurması və övladlarını məktəbəqədər təhsil müəssisələrinə, bağçalara qəbul etdirmək istəyən 225 min valideynin bu prosesi növbə şəffaflığı qorunmaqla tam rəqəmsal qaydada həyata keçirməsi daxildir.
Dövlət Məlumat Hövzəsi: "Yalnız bir dəfə" prinsipi və proaktiv dövlət xidmətləri
Azərbaycan Respublikasında reallaşdırılan rəqəmsal islahatların və Fəaliyyət Planının köklü hədəflərindən biri hazırda ənənəvi (rəqəmsal olmayan) formatda qalan xidmətlərin sürətlə elektronlaşdırılması ilə yanaşı, proaktiv dövlət xidmətlərinin ümumi payının 50 faiz həddinə çatdırılmasıdır. Proaktiv xidmət modelində vətəndaşın hər hansı bir dövlət orqanına fiziki olaraq getməsinə, növbədə gözləməsinə və ya elektron sistemlər üzərindən ərizə və müraciət formaları doldurmasına heç bir ehtiyac qalmır. Sistemlərarası inteqrasiya, mərkəzləşdirilmiş məlumat mübadiləsi və alqoritmlər əsasında müvafiq xidmət avtomatik, vaxtında və insan amili olmadan birbaşa vətəndaşa təqdim edilir.
Bu mütərəqqi yanaşmanın hüquqi və texnologiyayönümlü təməlini isə beynəlxalq praktikada geniş tətbiq edilən "Yalnız bir dəfə" (Once-Only) prinsipi təşkil edir. Bu prinsipə görə, dövlət informasiya sistemlərində və reyestrlərində vətəndaş barədə artıq bir dəfə qanuni şəkildə toplanmış məlumat, arayış və ya sənəd digər dövlət qurumları tərəfindən hər hansı inzibati prosedur üçün vətəndaşdan təkrar tələb edilə bilməz. Bu yanaşma qurumlararası məlumat asılılığını aradan qaldırır, korrupsiya risklərini minimuma endirir və çoxillik bürokratik maneələri kökündən sıradan çıxarır.
Hazırda ölkədə bu prinsipin tətbiq edildiyi ən parlaq və uğurlu nümunə yaşa görə əmək pensiyasının təyin edilməsi prosesidir. Şəxsin qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı çatdıqda və müvafiq sığorta stajı şərtləri ödənildikdə, sistem heç bir müraciət və ya sənəd paketi gözləmədən pensiyanı proaktiv qaydada təyin edir və vətəndaşı bu barədə SMS vasitəsilə məlumatlandırır.
Eyni mükəmməl yanaşma yaxın gələcəkdə uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsində də tam tətbiq olunacaq. Doğum faktı müvafiq qeydiyyat şöbəsi tərəfindən sistemə daxil edilən kimi, müavinət valideynin heç bir müraciəti olmadan avtomatik hesablanaraq ödəniləcəkdir. Digər tətbiq olunacaq proaktiv xidmət çərçivəsində isə vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitməmişdən müəyyən müddət əvvəl sistem tərəfindən avtomatik bildirişlərlə məlumatlandırılacaqlar. Həmçinin səfərbərlik üzrə hərbi xidmətə və zəruri tibbi müayinəyə çağırışlar da tam rəqəmsal formata keçirilərək bu sahədə operativlik, şəffaflıq və çevik nəzarət təmin ediləcəkdir.
Bununla yanaşı, dövlət məlumatlarının vahid arxitekturaya gətirilməsini təmin etmək üçün ölkədə dövlətə məxsus datanın dürüstlüyünü, təhlükəsizliyini, tamlığını və dəqiqliyini təmin edən mərkəzləşdirilmiş Dövlət Məlumat Hövzəsinin yaradılması işlərinə sürətlə başlanılmışdır. Müasir süni intellekt və maşın öyrənməsi alqoritmləri bu böyük məlumat hövzəsinə inteqrasiya edilərək vətəndaşların sosial, tibbi və inzibati ehtiyaclarını, risk qruplarını əvvəlcədən proqnozlaşdırmağa və onlara tamamilə fərdiləşdirilmiş, nöqtəvi dövlət xidmətləri təqdim etməyə imkan verəcəkdir. Texnoloji ekspertlərin rəylərinə görə, Dövlət Məlumat Hövzəsinin tam funksional fəaliyyətə başlaması dövlət idarəçiliyində reaktiv idarəetmədən proqnozlaşdırıla bilən (prediktiv) idarəetmə modelinə keçidin əsas təminatçısı olacaqdır.
(ardı var)
Ziyad SƏMƏDZADƏ,
akademik