16 İyul 2026 08:55
132
CƏMİYYƏT
A- A+
Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri

Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri


2026-cı il türk dünyasının elmi, mədəni, siyasi tarixində xüsusi əhəmiyyət daşıyan hadisə ilə əlamətdar oldu. Düz 100 il əvvəl - 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilmiş I Türkoloji Qurultayın yubileyi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında geniş qeyd olundu. Bir əsr əvvəl Azərbaycan paytaxtında keçirilmiş həmin qurultay türk xalqlarının ortaq elmi düşüncəsini, dil birliyini və mədəni inteqrasiyasını formalaşdıran ən mühüm platformalardan biri idi. Bu gün isə həmin irs tamamilə yeni geosiyasi şəraitdə, müstəqil türk dövlətlərinin əməkdaşlığı fonunda yenidən aktuallıq qazanır.

Yubiley tədbirləri göstərdi ki, I Türkoloji Qurultay artıq yalnız tarixə aid hadisə deyil. O, son illər Azərbaycanın fəal iştirakı ilə getdikcə güclənib qlobal platformaya çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının (TDT) ideoloji və humanitar əsaslarını möhkəmləndirən mühüm intellektual sütuna çevrildi. 100 illik yubiley çərçivəsində qəbul edilən qərarlar, aparılan müzakirələr və irəli sürülən təşəbbüslər türk dünyasının gələcək inkişaf strategiyasının mühüm istiqamətlərini müəyyənləşdirdi.


Davam edən tarix


I Türkoloji Qurultay XX əsrin əvvəllərində türk xalqlarının elmi inteqrasiyasının zirvəsi hesab edilir. O dövrdə dünyanın müxtəlif bölgələrindən gəlmiş yüzlərlə alim türk dillərinin öyrənilməsi, ortaq əlifba, terminologiya, tarix, folklor və mədəni irsin qorunması kimi məsələləri müzakirə etmişdilər. Qurultayın keçirilməsi üçün Bakının seçilməsi təsadüfi deyildi. Azərbaycan həmin dövrdə də türk dünyasının elmi və mədəni mərkəzlərindən biri idi. Məhz burada türk xalqlarının gələcək inkişafına xidmət edən mühüm qərarlar qəbul olunmuşdu.

Aradan keçən yüz il ərzində dünya dəyişdi. Sovet hakimiyyəti türk xalqları arasında yaranan inteqrasiya prosesini uzun müddət dayandırdı. Müstəqillik qazandıqdan sonra isə Azərbaycan bu ideyanın yenidən dirçəldilməsinin əsas təşəbbüskarlarından biri oldu. Bu baxımdan, 2026-cı ildə keçirilən yubiley tədbirləri tarixlə müasirlik arasında körpü rolunu oynadı.

Əvvəla qeyd edilməlidir ki, yubileylə əlaqədar Bakıda keçirilən "Türk Dünyası Həftəsi" yüksək beynəlxalq təmsilçilik səviyyəsi ilə yadda qaldı. Tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciəti ilə yanaşı, 5 türk dövlət başçısının rəsmi müraciətləri təqdim olundu, yubiley tədbirlərinə göstərilən yüksək siyasi dəstək və I Türkoloji Qurultayın irsinə verilən önəm bir daha nümayiş etdirildi. Eyni zamanda Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla türk dünyasının aparıcı beynəlxalq əməkdaşlıq qurumları tədbirlərdə fəal iştirak etdi, həftənin yüksək səviyyədə təşkilinə və məzmununun zənginləşdirilməsinə mühüm töhfə vermiş oldular.

100 illik yubiley münasibətilə beynəlxalq tədbirlər bir daha sübut etdi ki, Azərbaycan bu gün də türk dünyasının intellektual mərkəzi, düşüncə məkanıdır. Onlarla ölkədən alimlər, o cümlədən, tarixçilər, dilçilər, siyasətçilər və mədəniyyət xadimləri Bakıda, eləcə də "Türk Dünyası Həftəsi" çərçivəsində Xankəndidə bir araya gələrək xalqlarımızın ortaq gələcəyini müzakirə etdilər. Bu görüşlər nəticəsində bir neçə mühüm istiqamət üzrə ortaq yanaşmalar formalaşdı. 

Həmin yanaşmalar ortaq tarixi irsin sistemli şəkildə araşdırılmasını, türk dillərinin rəqəmsal mühitdə inkişaf etdirilməsini, ortaq terminoloji bazaların hazırlanmasını, ortaq elektron kitabxanaların yaradılmasını, gənc tədqiqatçıların birgə layihələrə cəlb olunmasını, süni intellekt texnologiyalarında türk dillərinin mövqeyinin gücləndirilməsini əhatə edir. Beləliklə, yubiley yalnız keçmişə ehtiram kimi məhdudlaşmadı, həm də gələcəyə yönəlmiş fəaliyyət proqramı oldu.

Həftə çərçivəsində beynəlxalq elmi konfranslar, panel müzakirələri, beş sərgi, təqdimatlar, konsert proqramları və digər mədəni tədbirlər təşkil edildi. Proqrama uyğun  təşkil edilmiş tematik sərgilərdə I Türkoloji Qurultayın tarixi irsi, türk xalqlarının ortaq mədəni dəyərləri və zəngin mədəni irsi nümayiş olundu. Bununla yanaşı, yubiley münasibətilə hazırlanmış xüsusi sənədli, eləcə də süni intellekt texnologiyalarından istifadə olunmaqla ərsəyə gətirilmiş innovativ filmlərin təqdimatı keçirildi və onlar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Həftənin ən mühüm nəticələrindən biri tədbir iştirakçıları tərəfindən Xankəndi Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamədə elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyən edilmiş, I Türkoloji Qurultayın ideyalarına sadiqlik bir daha təsdiqlənmişdir. Rəsmi sənəddə Prezident İlham Əliyevin I Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təşəbbüsü, yubiley tədbirlərinin keçirilməsi ilə bağlı sərəncamı və türk dünyasının inteqrasiyasına verdiyi töhfələr yüksək qiymətləndirilmişdir. Eyni zamanda yubiley münasibətilə təbriklərini çatdıran dövlət başçılarına, beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara təşəkkür ifadə edilmişdir. 


Türkologiyada yeni dövrün başlanğıcı


Yubiley tədbirləri Türk Dövlətləri Təşkilatının humanitar gündəminin güclənməsinə də mühüm töhfə verdi. Məlumdur ki, son illər TDT təkcə siyasi və iqtisadi əməkdaşlıq platforması kimi deyil, həm də ortaq mədəni və elmi məkanın formalaşdırılması istiqamətində çox ciddi fəaliyyət göstərir. I Türkoloji Qurultayın 100 illiyi isə bu baxımdan təşkilatın humanitar siyasətinə yeni dinamika gətirdi. 

Əgər ilk mərhələdə təşkilat əsasən iqtisadi əlaqələr, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və ticarət məsələlərinə üstünlük verirdisə, indi humanitar əməkdaşlıq strateji istiqamətlərdən birinə çevrilir. Bu isə türk dünyasının uzunmüddətli inteqrasiyası üçün son dərəcə vacibdir. Çünki ortaq iqtisadi məkanın dayanıqlı olması üçün ortaq mədəniyyət, ortaq tarix və ortaq mənəvi dəyərlər də möhkəmləndirilməlidir.

Yubiley tədbirlərində ən çox diqqətçəkən mövzulardan biri ortaq türk əlifbası istiqamətində görülən işlər oldu. Son illər türk dövlətləri arasında bu istiqamət üzrə mühüm irəliləyiş əldə edilib. 1926-cı ildə I Türkoloji Qurultayda latın qrafikalı əlifba məsələsi necə əsas müzakirə mövzusu olmuşdusa, 100 il sonra da ortaq əlifba məsələsi yenidən türk dünyasının inteqrasiyasının əsas istiqamətlərindən biri kimi gündəmə gəldi. Qarabağ Universitetində "I Türkoloji Qurultayın elmi və mədəni mirası" mövzusunda beynəlxalq konfrans və panel sessiyalar təşkil olundu. Türk dünyasından gələn alimlər ortaq dil, əlifba, ədəbiyyat sahəsindəki aktual problemləri müzakirə etdilər. Bu istiqamətdə əldə olunan razılaşmalar gələcəkdə ortaq təhsil resurslarının hazırlanmasına, elmi əsərlərin daha rahat mübadiləsinə, elektron platformaların vahid standart üzrə qurulmasına, informasiya məkanının inteqrasiyasına, gənc nəslin qarşılıqlı anlaşmasının güclənməsinə xidmət edəcək.

100 illik yubiley klassik türkologiyanın inkişafına təkan verməklə yanaşı, rəqəmsal türkologiyanın da əsasını qoydu. Yeni mərhələdə əsas məqsədlərdən biri türk dillərinin süni intellekt sistemlərində daha geniş tətbiq edilməsidir. Vahid türk dili korpuslarının hazırlanması, elektron lüğət bazalarının yaradılması, avtomatik tərcümə sistemlərinin inkişafı, nitqin tanınması texnologiyalarının işlənməsi, rəqəmsal arxivlərin yaradılması, qədim əlyazmaların rəqəmsallaşdırılması və s. bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Belə layihələr gələcəkdə türk dillərinin qlobal informasiya məkanında mövqeyini daha da gücləndirəcək.


Azərbaycanın liderliyi daha da möhkəmlənir


I Türkoloji Qurultayın 100 illiyi bir daha göstərdi ki, Azərbaycan yalnız coğrafi deyil, ideoloji baxımdan da türk dünyasının mərkəzindəndir. Son illər ərzində ölkəmiz Türk Dövlətləri Təşkilatının inkişafına mühüm töhfələr verir. Nəqliyyat dəhlizlərinin inkişafı, o cümlədən Orta dəhliz layihəsi, enerji əməkdaşlığı, iqtisadi inteqrasiya, humanitar layihələr və mədəni təşəbbüslər ölkəmizin təşkilat daxilində nüfuzunu daha da artırıb. Bakının beynəlxalq tədbirlərin keçirildiyi əsas platformalardan birinə çevrilməsi də bunun göstəricisidir. 

I Türkoloji Qurultayın yubileyi bu liderliyi elmi-humanitar istiqamətdə də təsdiqləmiş oldu.

Yubiley tədbirlərinin mühüm nəticələrindən biri də universitetlər və elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsidir. Gələcəkdə ortaq magistr proqramlarının, doktorantura mübadiləsinin, türkoloji tədqiqat fondlarının yaradılması, ortaq elmi jurnalların buraxılması, beynəlxalq konfransların mütəmadi keçirilməsi, ortaq tarix və ədəbiyyat dərsliklərinin hazırlanması və s. kimi mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi gözlənilir. Bu təşəbbüslər türk dünyasının intellektual potensialının birləşdirilməsinə mühüm töhfə verəcək.

Müasir beynəlxalq münasibətlərdə mədəni diplomatiya dövlətlərin yumşaq gücünün əsas elementlərindən sayılır. I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirlər göstərdi ki, türk dövlətləri ortaq mədəni irs vasitəsilə beynəlxalq nüfuzlarını daha da gücləndirə bilərlər. Birgə festivallar, kitab layihələri, kino sənayesi, muzeylərarası əməkdaşlıq, rəqəmsal mədəni platformalar, ortaq televiziya layihələri və s. bu istiqamətdə mühüm perspektivlər açır.


Türk dünyasının gələcəyinə baxış


Bir əsr əvvəl Bakıda səsləndirilən ideyalar bu gün daha geniş miqyasda həyata keçirilir. Əgər 1926-cı ildə əsas məqsəd türk xalqları arasında elmi əlaqələrin qurulması idisə, bu gün artıq məqsəd ortaq iqtisadi, siyasi, humanitar və rəqəmsal məkan yaratmaqdır. Türk Dövlətləri Təşkilatı məhz bu strateji məqsədlərin həyata keçirilməsi üçün mühüm platforma rolunu oynayır. 

I Türkoloji Qurultayın 100 illiyi göstərdi ki, ortaq tarix yalnız keçmişin xatirəsi deyil, gələcəyin inkişaf strategiyasıdır.

Keçirilən tədbirlər türk dünyasının ortaq gələcək əməkdaşlığının əsas istiqamətlərini də müəyyənləşdirdi. Bu yubiley 1926-cı ildə Bakıda əsası qoyulan ideyaların zamanın sınağından çıxaraq müasir dövrdə daha geniş məzmun kəsb etdiyini və TDT-nin humanitar inteqrasiya siyasətinin mühüm ideoloji dayaqlarından birinə çevrildiyini göstərdi. 

Bu gün Türk Dövlətləri Təşkilatı ortaq elm, təhsil, dil və mədəniyyət məkanının formalaşdırılması istiqamətində də mühüm addımlar atır. I Türkoloji Qurultayın 100 illiyi bu prosesə yeni impuls verdi, ortaq əlifba, rəqəmsal türkologiya, elmi əməkdaşlıq və mədəni diplomatiya sahələrində perspektivləri daha da genişləndirdi.

Azərbaycan isə həm tarixi missiyasına, həm də müasir təşəbbüslərinə söykənərək türk dünyasının intellektual və humanitar inteqrasiyasının aparıcı mərkəzlərindən biri olduğunu bir daha nümayiş etdirdi. Bakının 100 il əvvəl olduğu kimi, bu gün də türk xalqlarını bir araya gətirən fikir və dialoq məkanı olması ölkəmizin beynəlxalq nüfuzunun, strateji baxışının və TDT daxilində artan rolunun bariz göstəricisidir.

Beləliklə, I Türkoloji Qurultayın 100 illiyi təkcə tarixi bir yubiley deyil, həm də türk dünyasının gələcək inkişaf modelinin, ortaq kimliyinin və daha sıx inteqrasiyasının ideoloji manifesti kimi tarixə düşdü.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb

09:40
16 İyul

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

09:35
16 İyul

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

09:30
16 İyul

Obrazlarda yaşayan aktyor ömrü

09:25
16 İyul

Şəfalı və səfalı Masallı

09:20
16 İyul

Goranboyda intensiv bağçılığa maraq artır

09:15
16 İyul

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

09:10
16 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

09:05
16 İyul

Böyük qayıdışın qürur doğuran reallıqları

09:00
16 İyul

Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri

08:55
16 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:50
16 İyul

"Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır"

08:45
16 İyul

Azərbaycanın qlobal ədalət mübarizəsi

08:40
16 İyul

Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir

08:35
16 İyul

Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi

08:30
16 İyul

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır

08:25
16 İyul

Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 

08:20
16 İyul

Azərbaycan istiqamətverici aktora çevrilib

08:15
16 İyul

Azərbaycan qlobal əməkdaşlıq mərkəzidir

08:10
16 İyul

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

08:05
16 İyul

Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir

08:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!