"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev jurnalistlərin çoxsaylı suallarını cavablandırdı. Dövlət başçısı forumda Fransanın kolonial siyasətindən və onun törətdiyi ağır fəsadlardan da bəhs etdi.
"Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri kolonial, müstəmləkəçilik siyasəti nəticəsində əziyyət çəkir. Orada hətta nüvə testləri həyata keçirilir. Polineziyada bəlkə 200-dən artıq nüvə sınaqları keçirilib. Bu gün baxsaq görərik ki, yüzlərlə insan bundan əziyyət çəkir. Bu gün Bakı Təşəbbüs Qrupu hər hansısa hibrid müharibədə ittiham edilir. Zənnimcə, bu, müstəqil medianın çox mühüm missionerliyidir", - deyə Prezident İlham Əliyev bildirdi. Dövlətimizin başçısının bu sözləri müasir dünyada insan hüquqları mövzusunun nə dərəcədə böyük aktuallıq kəsb etdiyini bir daha nümayiş etdirdi. Eyni zamanda dövlətimizin başçısının fikirləri qlobal məkanda həqiqətlərin təhrif olunmasına qarşı Azərbaycanın liderlik missiyasını ortaya qoydu. Həqiqətlərin üzə çıxarılması və ədalətin bərqərar olunması üçün müstəqil medianın və belə obyektiv platformaların rolu əvəzsizdir.
Bu gün qlobal informasiya məkanında həqiqətlərin təhrif edilməsi, ikili standartlar və siyasi manipulyasiyalar dünyada ən ağrılı problemlərdən biridir. İnsan hüquqları kimi vacib bir məsələ bəzi Qərb dövlətlərinin əlində digər ölkələrə qarşı təzyiq alətinə çevrilir. Uzun illərdir ki, Qərbdəki müəyyən siyasi dairələr insan hüquqları məsələsini reallıqdan qopararaq Azərbaycana qarşı hücum vasitəsi kimi istifadə edirlər. Onlar real vəziyyəti tamamilə kənara qoyaraq, süni və əsassız iddialarla ölkəmizi hədəf seçirlər. Belə kampaniyaların arxasında dayanan əsas məqsəd Azərbaycanı öz müstəqil xarici siyasət yolundan döndərmək, milli maraqlarımıza uyğun planlarımızı gerçəkləşdirməkdən çəkindirməkdir.
Azərbaycan gücləndikcə, regionda yeni reallıqlar yaratdıqca, bu təzyiqlərin forması və miqyası da dəyişdi. Lakin bütün bunlara baxmayaraq, dövlətimiz öz prinsipial mövqeyindən geri çəkilmədi. Bu gün ölkəmiz həm öz inkişafını təmin edir, həm də beynəlxalq mühitdə ədaləti qətiyyətlə müdafiə edir.
Hər fürsətdə "insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz" fikrini irəli sürən Qərb dairələri öz daxili eybəcərliklərinə gəldikdə tamamilə fərqli mövqe nümayiş etdirirlər. Bunun ən bariz nümunəsini Fransanın simasında görmək mümkündür. Fransa bu gün özünü "demokratiyanın beşiyi" kimi təqdim etməyə çalışsa da, əslində onun dənizaşırı ərazilərdə apardığı siyasət klassik müstəmləkəçiliyin müasir formasıdır.
Azərbaycanın dəstəyi ilə yaradılmış Bakı Təşəbbüs Qrupu bu gün dünyada müstəmləkəçilik, müstəmləkə əsarəti və bərabərsizlik məsələlərini beynəlxalq müstəviyə daşıyan ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Paris tərəfindən böyük dözümsüzlüklə qarşılanır. Çünki bu qrup Fransanın əsl simasını, onun onilliklər boyu Yeni Kaledoniya, Polineziya, Martinika, Qvadelupa və digər ərazilərdə yerli xalqların hüquqlarını necə tapdaladığını bütün dünyaya nümayiş etdirir. Uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri ağır təzyiqlərə məruz qalıb. Yeni Kaledoniya və Polineziyada dinc nümayişlərin qan içində boğulması, yerli əhalinin öz müqəddəratını təyinetmə hüququnun əlindən alınması və mövcud humanitar problemlərin dünya mediasından gizlədilməsi Fransanın insan haqlarını tapdalamasının bariz nümunəsidir.
Vaxtilə ölkəmiz də müstəmləkə həyatı yaşayıb, öz milli sərvətlərinin talan olunması, dilinin sıxışdırılması ilə üz-üzə qalıb. Ölkəmiz azadlığın, müstəqilliyin nə qədər dəyərli bir nemət olduğunu tarixi təcrübəsi ilə bilir. Məhz bu tarixi təcrübəyə və ədalət prinsipinə əsaslanaraq, Azərbaycan bu gün beynəlxalq arenada Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın, Qvadelupanın və Sen-Martenin müstəqilliyini, azadlıq mübarizəsini qətiyyətlə dəstəkləyir. Bu dəstək heç bir ölkənin daxili işinə qarışmaq deyil, əksinə, BMT nizamnaməsində təsbit olunmuş hüquqların qorunmasına xidmət edən humanitar və mənəvi missiyadır.
Azərbaycan kolonializmə qarşı mübarizədə, sadəcə, bəyanatlarla kifayətlənmir, bundan başqa, çox mühüm əməli addımlar atır. Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə ölkəmiz neokolonializm mövzusunu qlobal müstəviyə çıxarıb. Bakı Təşəbbüs Qrupunun qurulması və dənizaşırı ərazilərin nümayəndələrinin öz səslərini dünyada eşitdirməsi Azərbaycanın qətiyyətli siyasətinin nəticəsidir.
Azərbaycan bu addımları ilə sübut edir ki, hər zaman haqlının yanındadır. Şuşadan dünyaya yayılan bu mesajlar göstərir ki, Qərbin manipulyativ insan hüquqları ritorikası artıq işə yaramır. Həqiqət gec-tez öz yerini tapır və Azərbaycan bu həqiqətin bərpası yolunda öz ədalətli mübarizəsini qətiyyətlə davam etdirəcək.
Təhminə VERDİYEVA,
"Azərbaycan"