"Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız". Prezident İlham Əliyevin iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinin sakinləri ilə görüşü zamanı səsləndirdiyi bu fikirlər Böyük qayıdış prosesinin mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük qayıdışın sürətlə reallaşdığını göstərir. Uzun illər işğalın dağıdıcı nəticələrinə məruz qalmış torpaqlarda yenidən həyat canlanır, şəhərlər və kəndlər müasir standartlara uyğun şəkildə qurulur, keçmiş məcburi köçkünlər isə illərlə həsrətində olduqları doğma yurdlarına qayıdaraq yeni həyata başlayırlar.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə Azərbaycan yalnız ərazilərini işğaldan azad etmədi. Bu qələbə regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tamamilə yeni mərhələnin başlanğıcı oldu. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri miqyasına, sürətinə və strateji yanaşmasına görə dünyanın diqqətini cəlb edən nümunələrdən biridir. Dağıdılmış infrastrukturun qısa müddətdə bərpası, yenidən şəhər və kəndlərin salınması, müasir kommunikasiya şəbəkələrinin yaradılması, sosial obyektlərin tikintisi, iqtisadi fəaliyyətin təmin edilməsi və əhalinin doğma torpaqlarına mərhələli şəkildə qaytarılması vahid dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir.
Keçmiş məcburi köçkünlər mərhələli olaraq doğma torpaqlarına qovuşurlar. Artıq 9359 ailə, ümumilikdə 37771 nəfər doğma yurdlarına qayıdıb. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda hazırda 80 mindən çox insan yaşayır və çalışır. Bu rəqəmlər yalnız statistik göstəricilər deyil. Onların hər biri uzun illərin həsrətindən sonra əzəli torpaqlarına geri dönən insanların həyat hekayəsini, ailələrin yenidən doğma mühitdə bir araya gəlməsini və gələcəyə inamını ifadə edir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr ən son texnologiyalar, dayanıqlı inkişaf prinsipləri və beynəlxalq şəhərsalma standartları əsasında hazırlanır. Yeni salınmış yaşayış məntəqələrində mənzillər və fərdi evlər müasir tələblərə uyğun inşa edilir, elektrik, qaz, içməli su, kanalizasiya, internet və digər kommunikasiya xətləri tam şəkildə qurulur. Məktəblər, uşaq bağçaları, tibb müəssisələri, inzibati binalar, sosial xidmət mərkəzləri, idman və mədəniyyət obyektləri istifadəyə verilir. Burada tikilən yaşayış məntəqələri yalnız insanların məskunlaşması üçün nəzərdə tutulmur. Məqsəd rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, rəqəmsal idarəetmə sistemlərinə malik müasir yaşayış mühitinin yaradılmasıdır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə artıq 47 yaşayış məntəqəsi - 10 şəhər, 3 qəsəbə və 34 kənd tikilərək və ya əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. Bu yaşayış məntəqələrinin böyük hissəsi "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yaradılıb. İnnovativ idarəetmə sistemləri, enerji səmərəliliyi, alternativ enerji mənbələrinin tətbiqi, ekoloji təhlükəsizlik, rəqəmsal xidmətlər və müasir nəqliyyat infrastrukturu həmin layihələrin əsas üstünlüklərindəndir. Bu yanaşma yalnız bugünkü ehtiyacları deyil, gələcək onilliklərdə bölgənin davamlı inkişafını da təmin etməyə hesablanıb.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin əsas istiqamətlərindən biri də geniş yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Yeni magistral avtomobil yolları, tunellər, körpülər, dəmir yolu xətləri və hava limanları regionun ölkənin digər hissələri ilə inteqrasiyasını sürətləndirir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi bölgənin iqtisadi və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu layihələr yalnız nəqliyyat rahatlığını təmin etmir, həm də gələcək investisiya və turizm potensialının formalaşmasına mühüm töhfə verir.
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi iqtisadi inkişafla da sıx bağlıdır. Bu ərazilərdə yeni iqtisadi model formalaşdırılır, sənaye parkları və sənaye məhəllələri yaradılır, kənd təsərrüfatının inkişafı üçün münbit şərait formalaşdırılır, sahibkarların fəaliyyəti stimullaşdırılır. Yerli və xarici investorların cəlb edilməsi üçün vergi və gömrük güzəştləri tətbiq olunur, biznes mühitinin inkişafına yönəlmiş mexanizmlər həyata keçirilir. Regionun zəngin təbii ehtiyatları, kənd təsərrüfatı potensialı və turizm imkanları gələcəkdə bu ərazilərin ölkə iqtisadiyyatının aparıcı mərkəzlərindən birinə çevriləcəyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağın təbii imkanları bu inkişaf üçün geniş perspektivlər açır: "Gözəl mənzərəli yerlərdir, səfalı yerlərdir. Suyu var, təmiz havası var. Torpağı da münbitdir. Siz qarabağlılar da yaxşı bilirsiniz ki, buranın çox gözəl torpağı var. Əkib-becərmək, maldarlıqla məşğul olmaq, yəni ölkəmizi gücləndirmək, Qarabağı çiçəkləndirmək - hamımızın işidir". Bu fikirlər bölgənin iqtisadi inkişaf konsepsiyasının əsas istiqamətlərini də özündə əks etdirir. Kənd təsərrüfatının, heyvandarlığın, bağçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin yenidən inkişaf etdirilməsi bölgədə məşğulluğun artmasına və dayanıqlı gəlir mənbələrinin formalaşmasına xidmət edir.
Turizm də Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafında mühüm yer tutur. Şuşa, Laçın, Kəlbəcər, Zəngilan və digər rayonların zəngin təbiəti, mineral su ehtiyatları, tarixi-mədəni abidələri və ekoturizm potensialı bu istiqamətdə geniş imkanlar yaradır. Yeni mehmanxanalar, istirahət mərkəzləri, turizm marşrutları və xidmət infrastrukturu yaradılır. Gələcəkdə bu bölgələrin həm daxili, həm də beynəlxalq turizm üçün mühüm istiqamətlərdən birinə çevriləcəyi gözlənilir.
Əlbəttə, bütün bu layihələrin həyata keçirilməsi ilk növbədə təhlükəsizlik məsələlərinin həllini tələb edir. İşğal dövründə Ermənistan tərəfindən geniş şəkildə basdırılmış minalar bu gün də əsas problemlərdən biri olaraq qalır. Mina təmizləmə işləri intensiv şəkildə davam etdirilir, yaşayış və təsərrüfat üçün nəzərdə tutulan ərazilər mərhələli şəkildə təhlükəsiz vəziyyətə gətirilir. Bu istiqamətdə görülən işlər Böyük qayıdışın sürətlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bərpa və quruculuq layihələrinin maliyyələşdirilməsi əsasən dövlət vəsaiti hesabına həyata keçirilir. Bu isə Azərbaycanın iqtisadi imkanlarının və maliyyə dayanıqlılığının göstəricisidir. Son illər dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına milyardlarla manat vəsait ayrılıb. Bu investisiyalar yalnız infrastrukturun yaradılmasına deyil, gələcək iqtisadi inkişafın möhkəm təməlinin qoyulmasına xidmət edir. Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzur artıq keçmiş münaqişənin simvolu deyil. Bu bölgələr Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin ən mühüm istiqamətlərindən birinə çevrilir. Dövlətin siyasi iradəsi, iqtisadi imkanları və xalqın həmrəyliyi nəticəsində "Böyük qayıdış" proqramı ardıcıl şəkildə davam edir və hər keçən gün yeni uğurlarla zənginləşir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"