Prezident İlham ƏLİYEV: "Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verir"
Ənənəvi Şuşa Qlobal Media forumları artıq təkcə media nümayəndələrinin bir araya gəldiyi tədbir deyil, həm də Azərbaycanın dünyada baş verən proseslərə baxışını, həyata keçirdiyi siyasəti və gələcəyə dair yanaşmalarını beynəlxalq auditoriyaya təqdim edən mühüm platformadır.
Forumlar zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkənin xarici siyasət prioritetləri, milli təhlükəsizlik strategiyası, enerji diplomatiyası, nəqliyyat-logistika layihələri və beynəlxalq münasibətlər sistemində tutduğu mövqe barədə əhatəli təsəvvür yaradır.
Dövlətimizin başçısı IV forumun da mahiyyətinin təkcə dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin fikir mübadiləsi aparması ilə məhdudlaşmadığını vurğuladı. Onun sözlərinə görə, bu platformanın əsas missiyalarından biri Qarabağda aparılan bərpa və yenidənqurma işlərini beynəlxalq ictimaiyyətə yerində göstərməkdir. Əgər ilk forumlarda qonaqlar müharibənin viran qoyduğu şəhər və kəndlərin acı mənzərəsinin şahidi olurdularsa, bu gün onların qarşısında tamamilə fərqli bir reallıq açılır. Müasir yaşayış məntəqələri, sürətlə inşa olunan infrastruktur, dirçələn şəhərlər və doğma yurdlarına qayıdan insanların həyatı Qarabağın yeni inkişaf mərhələsinin ən aydın göstəriciləridir.
Bununla yanaşı, dövlət başçısı IV forumda Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri olan nəqliyyat və logistika siyasətinə də diqqət çəkdi. O, bu sahədə həyata keçirilən layihələrin ölkənin regional və beynəlxalq mövqeyini daha da gücləndirdiyini vurğuladı. Təbii ki, tranzit ölkəyə çevrilmək təkcə əlverişli coğrafi mövqeyə malik olmaq demək deyil. Bu status ilk növbədə qonşu dövlətlərlə qarşılıqlı etimada, etibarlı tərəfdaşlığa və uzunmüddətli əməkdaşlığa söykənən siyasətin nəticəsidir. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə formalaşan "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri, Xəzər hövzəsində ən böyük ticarət limanının fəaliyyəti, eləcə də gəmiqayırma sənayesinin inkişafı ölkənin regional logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib. Bu layihələr Azərbaycanın qlobal yükdaşımalarında etibarlı tərəfdaş kimi rolunu artırmaqla yanaşı, regionda iqtisadi əməkdaşlığın və bağlantıların genişlənməsinə də mühüm töhfə verir.
Məhz bu strateji yanaşma fonunda qlobal nəqliyyat marşrutlarında baş verən dəyişikliklər Azərbaycanın rolunu ön plana çıxarır. Şərqi Avropa və Yaxın Şərqdə ənənəvi logistika xətlərinin müxtəlif risklərlə üzləşdiyi bir dövrdə, Qərblə Şərq arasında fasiləsiz ticarət əlaqələrinin təmin edilməsində Orta dəhlizin əhəmiyyəti getdikcə artır. Bu reallıq Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində etibarlı və strateji tərəfdaş kimi mövqeyini bir qədər də gücləndirir. Və bu geoiqtisadi şəraitdə, xüsusilə, Azərbaycan-Çin münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci ildə Çinə dövlət səfəri və bu səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın imzalanması ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu sənəd siyasi dialoqun bir qədər də dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, nəqliyyat, logistika, ticarət və investisiya sahələrində qarşılıqlı fəaliyyətin yeni məzmun qazanmasına güclü təkan verib. Azərbaycanın Orta dəhlizdə artan rolu ilə Çinin qlobal ticarət strategiyasının uzlaşması hər iki ölkə üçün yeni əməkdaşlıq imkanları formalaşdırır.
Məhz bu strateji tərəfdaşlığın nəticələri Prezident İlham Əliyevin Orta dəhlizin perspektivlərinə dair səsləndirdiyi fikirlərdə aydın şəkildə əksini tapdı: "Orta dəhlizə gəldikdə, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır. Artıq qeyd etmişəm ki, biz ticarət limanımızın gücünü demək olar ki, ikiqat artırırıq və əsasən, Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yükdaşımaların həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi, həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çoxtərəfli əməkdaşlıq mövcuddur".
Azərbaycan-Çin əməkdaşlığının dinamikası təkcə nəqliyyat və logistika sahəsində deyil, qarşılıqlı ticarət göstəricilərində də öz əksini tapır. Cari ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 1,83 milyard dollara yüksəlib. Bu dövrdə Azərbaycandan Çinə ixracın həcmi 48,75 milyon dollar, Çindən ölkəmizə idxal isə 1,78 milyard dollar təşkil edib. Diqqətçəkən məqamlardan biri də odur ki, bu ilin ilk beş ayının yekunlarına görə, Azərbaycanın ümumi idxalının 26,15 faizi məhz Çinin payına düşür. Bununla da Çin ölkəmizin ən böyük idxal tərəfdaşına çevrilib.
Əslində Azərbaycan-Çin iqtisadi əməkdaşlığının əhatə dairəsi yalnız ticarət və nəqliyyat-logistika ilə məhdudlaşmır. İkitərəfli münasibətlər getdikcə "yaşıl enerji", yüksək texnologiyalar və sənaye istehsalı kimi strateji sahələri də əhatə edir. Prezident İlham Əliyev forumdakı çıxışında bu istiqamətdə formalaşan əməkdaşlığın perspektivlərinə toxunaraq, Çinin Azərbaycanın bərpaolunan enerji sektorunda artan rolunu xüsusi vurğuladı: "Azərbaycanda günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sektora yalnız bu yaxınlarda investisiya qoymağa başlasalar da, Çindən kənar şirkətlərlə müqavilələr çərçivəsində Azərbaycanda quraşdırılan bütün günəş panelləri Çin mənşəlidir. Bu o deməkdir ki, investordan asılı olmayaraq, Azərbaycanda gördüyünüz istənilən günəş paneli Çində istehsal olunur. Belə olan halda, heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilməz. Yəqin təsadüfi deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir".
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regional proseslərin iştirakçısı olmaqla, beynəlxalq proseslərdə fəal rol oynayan, qərarlara və hadisələrin gedişinə təsir göstərə bilən ölkədir. Forum çərçivəsində Prezident İlham Əliyevin Qarabağın bərpasından Orta dəhlizin inkişafına, enerji diplomatiyasından Azərbaycan-Çin strateji tərəfdaşlığının dərinləşməsinə qədər söylədiyi fikirlər göstərir ki, ölkəmiz qlobal proseslərə çevik reaksiya verən və strateji hədəflərini inamla həyata keçirən ölkədir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"