Biz tariximizin bütün mərhələlərində qüruru, mübarizəsi və başıuca yaşamaq iradəsi ilə seçilən böyük bir xalqın övladlarıyıq. Yurdumuz darda olanda bir an belə tərəddüd etmədən sinəsini sipər etməyi şərəf bilən bir millətik. Lakin keçmişə nəzər salanda görürük ki, bu müqəddəs torpaq zaman-zaman ağır sınaqlara, parçalanmalara və işğallara məruz qalıb, həmvətənlərimiz amansız soyqırımları ilə üzləşiblər.
Çox da uzağa getmədən, son 200 illik tariximizə diqqət yetirsək, təkzibolunmaz faktlar hər birimizin ürək yarasına çevrilən reallıqları sübut edir. Xanlıqlar dövrünün pərakəndəliyi Azərbaycanı parçalamış və nəticədə torpaqlarımız Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə bölünmüşdür. Araz çayı, sadəcə, torpaqlarımızı deyil, sanki canımızı ortadan ayırmışdır. Amma bu coğrafi ayrılığa rəğmən, qəlbimizdəki milli birliyi, yurd sevgisini və soydaşlarımızla eyni olan amalı qəlbimizdən çıxara bilməmişlər.
Bu parçalanmanın ardınca gələn dövrlərdə dövlətimizə qarşı gah terrorizm, gah radikalizm, gah da cəhalət toxumları ilə daxildən və xaricdən ağır zərbələr vurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti böyük ideallarla müstəqil dövlət yaratsa da, o dövrün məlum çətinlikləri səbəbindən cəmi 23 ay yaşaya bilmişdir. Amansızcasına baş verən işğallar dövründə milli dəyərlərimiz sıxışdırılmış, sürgünlər baş vermiş, Zəngəzur, İrəvan, Göyçə kimi tarixi torpaqlarımız böyük itkilərə və işğala məruz qalmışdır.
Nə yaxşı ki, Uca Tanrı xalqımızın mənəvi varlığını bərpa etmək üçün Heydər Əliyev kimi dahi bir şəxsiyyəti bizə bəxş etdi. Bu, Tanrının xalqımıza ən böyük hədiyyəsi idi. Ulu Öndərin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması gələcək ordumuzun təməlini qoydu, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilməsi isə Azərbaycan ictimaiyyətinə və mənəviyyatına verilən ən böyük dəyər oldu. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında dilimizin dövlət dili elan edilməsi milli kimliyimizə verilmiş ən böyük töhfə idi. Heydər Əliyev dühası neçə-neçə günahsız şəxsi təqiblərdən və həbsdən qurtardı, 200 ildən çox davam edən işğal və parçalanmaların qarşısını aldı. Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycan dünyaya sürətlə inteqrasiya olundu və imzalanan tarixi neft kontraktları bu gün də enerji və iqtisadi təhlükəsizliyimizin ən böyük qarantıdır.
Bu müdrik dövlətçilik kursunu yeni əsrdə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə xalqımıza unudulmaz Zəfər bəxş etdi. Vaxtilə bütün yeraltı və yerüstü sərvətləri xaricə daşınan, talan edilən Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən qurulur. Və çox qürurvericidir ki, həmin möhtəşəm işlərdə II Qarabağ savaşında olduğu kimi, gənclərimiz öndə gedirlər.
Dörd bir tərəfimizdə qlobal və regional geosiyasi, geoiqtisadi gərginliklərin, müharibələrin yaşandığı bir dövrdə Azərbaycanda sarsılmaz sabitliyin və daxili təhlükəsizliyin hökm sürməsi dövlətimizin başçısının yorulmaz fəaliyyətinin nəticəsidir və buna görə hər birimiz liderimizə minnətdarıq. Bütün reallıqları, qazanılan tarixi qələbələri və milli intibahı görməzdən gəlmək, xaricdən durub dövlətçiliyə dil uzatmaq, sadəcə, nankorluq və nadanlıq deyil, Vətənə və dövlətə qarşı ən ağır xəyanətdir. Biz gənclər əminik ki, gün gələcək siyasi mövqeyindən asılı olmayaraq bütün tarixçilər, politoloqlar, analitiklər və ümumilikdə sıravi vətəndaşlar regionda və dünyada baş verənləri hərtərəfli təhlil və müqayisə edərək etiraf edəcəklər ki, dahi Heydər Əliyev uçuruma yuvarlanmaq təhükəsi qarşısında qalan Azərbaycanı necə böyük zəhmətlə, müdrik siyasətlə xilas yoluna çıxarmış, müzəffər sərkərdə İlham Əliyev isə müstəqil və təhlükələrdən xilas olmuş dövləti xəyal edilməyən uca zirvələrə, ərazi bütövlüyünü tam bərpa etmiş qüdrətli bir ölkə səviyyəsinə qaldırmışdır. Prezidentimiz dünyada çox az liderə nəsib olan uzaqgörən və təmkinli fəaliyyəti sayəsində Azərbaycanı qlobal güclərin maraq toqquşması meydanından çıxarıb beynəlxalq miqyasda sözükeçən, etibarlı və strateji tərəfdaşa çevirmişdir. Belə bir liderlə eyni dövrdə yaşamaq və onun ali rəhbərliyi ilə inkişaf edən güclü dövlətin vətəndaşı olmaq qürurvericidir.
Tural İSMAYILOV,
YAP Yevlax Rayon Təşkilatının sədr müavini