Avropa növbəti dəfə güclü və təhlükəli istilik dalğası ilə üz-üzədir. İqlimşünasların və meteorologiya mərkəzlərinin xəbərdarlıqlarına görə, yaxın günlərdə havanın temperaturu bəzi ölkələrdə yenidən 40 dərəcəyə yaxınlaşacaq. Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin məlumatına görə, yazın əvvəlindən ard-arda gələn isti hava dalğaları ciddi böhran halı yaradıb.
Fransa və Böyük Britaniya üçün bu, artıq mövsümün beşinci isti hava dalğasıdır. Havanın temperaturu Fransa daxilində və cənub bölgələrində 40 dərəcəyə çatır. Böyük Britaniyada termometrlər 36 dərəcəni göstərir. Almaniyada isə cənub bölgələri xüsusilə əziyyət çəkir. Frankfurt kimi böyük şəhərlərdə temperaturun 37 dərəcəyə çatacağı gözlənilir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının qlobal göstəriciləri də sübut edir ki, Avropa ilə yanaşı, Şimali Amerikada da temperatur göstəriciləri ən yüksək həddədir. Avropada xüsusilə şəhər mərkəzlərində "istilik adası" effekti yaranır ki, bu da asfalt və beton binaların istiliyi tərkibində saxlaması səbəbindən şəhərlərdə havanı dözülməz edir.
Bununla yanaşı, Belçika hökuməti yüksək hərarətlə bağlı ölkə üzrə "sarı həyəcan" elan edib. Hollandiyada da temperatur 30 dərəcəni rahatlıqla ötüb. Yaşlılara, uşaqlara və xroniki xəstəliyi olanlara xəbərdarlıq edilib, günün ən isti saatlarında çölə çıxmamaq və bol maye qəbul etmək tövsiyə olunur. Təcili tibbi yardım xidmətlərinə daxil olan zənglərin sayı 30 faiz artıb. Günvurma və susuzlaşma ilə yanaşı, həddindən artıq istilər ürək-damar və tənəffüs sistemi xəstəliklərini kəskinləşdirərək ölüm riskini yüksəldir.
Həddindən artıq olan istilər gündəlik həyatla yanaşı, qitənin iqtisadiyyatına da zərbə vurmaqda davam edir. Uzun sürən quraqlıq səbəbindən Avropanın ən vacib su yolları, Ren, Tuna və Po çaylarında suyun səviyyəsi minimuma enib. Bu vəziyyət bir çox zəncirvari problem yaradır. Çaylarda su azaldığı üçün yük gəmiləri tam tutumla hərəkət edə bilmir. Məsələn, Germersheim bölgəsində Ren çayının dayazlaşması səbəbindən yük gəmiləri öz tutumunun yalnız 25-30 faizi ilə hərəkət edə bilir ki, bu da logistika xərclərini dörd dəfə artırır. Su səviyyəsinin düşməsi hidroelektrik stansiyalarının fəaliyyətini zəiflədir. Həmçinin nüvə santrallarını soyutmaq üçün istifadə olunan suyun hərarəti artdığından bəzi santralların gücü məcburi olaraq azaldılır. Fransanın elektrik enerjisi nəhəngi EDF suyun hərarəti ətraf mühit standartlarını keçdiyi üçün cənubdakı reaktorlarda enerji istehsalını məhdudlaşdırmağa məcbur olub. Nəticədə bu ərazilərdə məhsuldarlıq düşür, suvarma imkanları məhdudlaşır. İspaniya, Fransa və İtaliyada quru hava meşə yanğınları riskini maksimum dərəcəyə qaldırır. İspaniya və Yunanıstanda artıq on minlərlə hektar meşə sahəsi və kənd təsərrüfatı torpağı külə dönüb, minlərlə insan təxliyə edilib.
Alimlərin fikrincə, belə anomal istilər təsadüfi hava şəraiti deyil. İnsan faktoru ilə sürətlənən qlobal iqlim dəyişikliyi artıq özünü gündüz temperaturlarında olduğu kimi, gecə istilərində də göstərir. Gecə saatlarında temperaturun 20-25 dərəcədən aşağı düşməməsi insan orqanizminə mənfi təsir edir. Gecələrin sərinləməməsi təbiətin və insan bədəninin bərpa olunmasına imkan vermir. Avropa bu gün gələcəyin iqlim reallığı ilə üz-üzədir. Yay aylarının bu dərəcədə təhlükəli keçməsi həm dövlətləri, həm də cəmiyyətləri ekoloji tədbirləri daha sürətlə görməyə vadar edir. Əks halda, hər gələn yay əvvəlkindən daha isti olacaq.
Təhminə VERDİYEVA,
"Azərbaycan"