Valideynləri təşvişə salan xəstəlik nədir?
Son günlər ölkədə uşaqlar arasında yayılan,
bir çox hallarda ağırlaşma ilə müşahidə olunan virus mənşəli xəstəlik əhali arasında
narahatlığa səbəb olub. Valideynlər söyləyir ki, xəstələnən uşaqlarda hərarət yüksək
həddə qalxır, günlərlə davam edir, qarında kəskin ağrılar yaranır, sağalma prosesi
uzun çəkir… Bəs uşaqlar arasında müşahidə olunan bu hallar hansı xəstəliyin göstəricisidir?
Həqiqətən də təşvişə düşməyə əsas varmı? Bu xəstəlik ölkədə hansısa ciddi epidemiyanın
yayılmasının göstəricisidirmi?
Respublikanın baş infeksionisti Cəlal İsayevin dediyinə görə, hazırda ölkəmizdə
epidemiya ilə bağlı hər hansı gərgin vəziyyət mövcud deyil. Sadəcə mövsümə uyğun
olaraq kəskin respirator virusları yayılıb. Uşaqlarda temperatur, ishal, qusma və
digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda
sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyil: "Bu il
ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2
və sair - bunlar yayılması ehtimal olunan viruslardır. Bu il respublikada
"donuz qripi”, yaxud "quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə
qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda
təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait
lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”.
Bu şəxslər qripi daha ağır keçirir
Qripin ağır
və yüngül forması olduğunu bildirən baş infeksionist söyləyir ki, bu xəstəlik xüsusilə
körpələrdə, aşağı yaş qrupundan olan uşaqlarda, yaşlılarda, hamilə qadınlarda, xroniki
xəstəliyi olan şəxslərdə daha ağır keçir: "Burada əsas məsələ düzgün müalicədir.
Təəssüf ki, bəzən xəstəliyin sağalması üçün yanlış tədbirlərə əl atılır. Məsələn,
uşaqda qızdırma müşahidə olunur, bu zaman valideynlər özbaşına, həkim təyinatı olmadan
antibiotik istifadə edirlər. Halbuki qripə qarşı konkret müalicə vasitəsi zəif təsirə
malikdir. O cümlədən də antibiotik çox az təsir göstərir. Buna görə də xəstə mütləq
xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstəxana yox, ev şəraitində müalicə olunan
hallarda isə həkim çağırmaq lazımdır. Çünki xəstədə ağırlaşma halının olmaması üçün
o, ən azı temperaturu olduğu müddətdə həkim nəzarətində qalmalıdır”.
C.İsayev bildirir
ki, insanlar xəstəliyə yoluxubsa, ictimai yerlərdə çox olmaqdan çəkinməli, maskalardan
istifadə etməlidirlər: "Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər
işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər.
Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması digərlərinin də xəstələnməsinə
kifayət edir”.
Hərarət 39-u keçərsə...
Adıçəkilən
məsələyə münasibət bildirən Respublikanın baş pediatrı Nəsib Quliyev deyir ki, hazırda
payız-qış mövsümü üçün xarakterik olan soyuqdəymə xəstəliklərinə tez-tez rast gəlinir.
Çünki havanın soyuması ilə əlaqədar olaraq bakteriya və virusların yayılmasına meyllik
artır: "Uşaqların bağçalarda, məktəblərdə, kollektivdə cəmləşməsi, yəni bir-birini
yoluxdurma ehtimalının yüksək olması, bakteriya və virusların aktivliyinin artması,
digər tərəfdən immunitetin güclü olmaması xəstəlik riskini artırır. Ona görə də
əvvəlki illərdə olduğu kimi, bu il də uşaqlar arasında bir sıra virus mənşəli xəstəliklər
müşahidə olunur. Yayılan viruslar müxtəlif mənşəlidir. Onlar adenoviruslar, rinoviruslar,
paraqrip və qrip, rotaviruslar adlanır və onların minlərlə stereotipləri mövcuddur”.
N.Quliyev
yüksək hərarət zamanı nə etmək lazım olduğunu açıqlayıb: "Bu viruslar çox sürətlə
artıb çoxalır. Buna görə də virusların şiddətlə artıb çoxaldığı dövrdə hərarət müşahidə
olunur. Əslində, 38.5, 39 dərəcəyə qədər olan hərarət orqanizmin infeksiyaya qarşı
qorunma reaksiyalarından biridir. Çünki bədəndə hərarətin yüksəlməsi virus və bakteriyaların
artıb çoxalmasına mənfi təsir göstərir. Bütün hallarda qızdırmanı salmaq lazım deyil.
Əgər hərarət 38.5-dən, 39-a və ondan yuxarı qalxarsa, o zaman müdaxilə edilməlidir.
Əks-halda hərarətsalıcı dərmanlardan istifadə etmək doğru deyil. Bu barədə valideynlər
mütləq həkimlərlə məsləhətləşməlidirlər”.
N.Quliyev
bildirir ki, uşaqların xəstəlikdən qorunması üçün qidalanmaları, geyimləri, onlara
göstərilən qulluq düzgün olmalıdır: "Yay
mövsümündə günəş, qum, su vannası qəbul etmək, bol meyvə-tərəvəzlə qidalanmaq lazımdır.
Peyvəndlər vaxtlı-vaxtında edilməlidir. Valideynlər bunlara əməl edərsə, uşaqlar
bir qayda olaraq payız-qış mövsümündə az xəstələnərlər”.
Adıçəkilən
virus infeksiyalarından ölüm hallarının olması ilə bağlı sualı cavablandıran baş
pediatr deyir ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də virus xəstəlikləri
qorxulu fəsadlar törədə bilir: "Əgər klassik gediş müşahidə olunursa adətən xəstəliyin
əlamətləri bir həftə ərzində keçir. Bədənin özünün müdafiə qüvvələri səfərbər olunaraq
xəstəliyi yox edir. Amma virus xəstəliklərinin qorxulu cəhəti odur ki, onlar bəzən
gözlənilməyən ağır fəsadlar törədir. El arasında düşünülür ki, qrip qorxulu xəstəlik
deyil. Amma ağır fəsadlar, hətta ölüm halları törətdiyinə görə hər kəs buna ciddi
yanaşmalıdır. Bu gün xəstəliyi "qrip” adlandırırlar, amma sabah bu, ağır fəsadlar,
meningit, qanaxma, sətəlcəm törədə bilər və ağır gedişlə ölümə gətirib çıxara bilər.
Odur ki, valideynlər, tibb işçiləri, ümumiyyətlə, hər kəs buna ciddi yanaşmalıdır.
Bu viruslar aldadıcı olur, adətən, düşünürlər ki, bir neçə günə keçəcək. Amma diqqətli
olmayanda ağır fəsadlar törədir. Elə Balakəndə ölən məktəbli uşağın da diaqnozu
kəskin respirator virus infeksiyası idi. Bu ölüm hadisələri başlanğıcda virus infeksiyası
olsa da, sonradan fəsadlaşıb ağır xəstəliklər əmələ gətirir. Məsələn, meningit,
sətəlcəm, baş-beyin toxumasının iltihablaşması... Dediyim kimi, bunlar həmişə mövcuddur
və sadalanan məsələlərə diqqət edilməsə, bu gün də bu hallarla qarşılaşa bilərik”.
Baş pediatr
həmçinin onu da vurğulayır ki, ölkəmizdə aparılan baktereoloji, virusoloji laborator
müayinələr nəticəsində bu il bir virusun törətdiyi epidemiya hələ müşahidə olunmayıb.
Əksinə, son günlərdə viruslarla bağlı xəstələnmənin sayı azalmağa doğru gedir və
artım müşahidə edilmir.
Uşaqlara bol maye, C vitamini ilə zəngin qidalar, meyvə-tərəvəz
çox verin
Bəs uşaqları
viruslardan qorumaq mümkündürmü? Virusa yoluxan uşaqların tez sağalması üçün nələrə
diqqət etmək lazımdır?
Bununla bağlı
məsləhət verən pediatr Aytən İsmayılova bildirir ki, virus infeksiyalarının qarşısını
almaq mümkün deyil, xüsusilə, soyuq havalarda adenovirus, rotavirus və s. kimi viruslar daha da aktivləşir. Nəticədə uşaqlarda
immunitet zəifləyir, virus infeksiyalarına yoluxma, ağırlaşma hallarına daha çox
rast gəlinir: "Müşahidələrimə əsasən deyə bilərəm ki, bu il daha güclü viruslar
özünü göstərir. Məsələn, virusa yoluxan uşaqlarda temperatur hətta 40-41 dərəcəyə
qədər çatır. Biz gözləyirdik ki, bu, üç günə keçər, amma 7 günə qədər temperatur
yüksək qaldı. Belə olan halda immunitet daha çox zəifləyir. Çünki leykositlər virusları
məhv etmək istəyir və bu zaman onların sayı azalır, digər bakteriyalarla mübarizəyə
gücü çatmır, ağırlaşmalar olur. Virus infeksiyasının ağırlaşmaları zamanı hətta
ürək əzələsi, gözlərin buynuz qişası, mədəaltı vəzi belə zədələnə bilir, həmçinin
pnevmoniyaya yol açır”.
A.İsmayılovanın
sözlərinə görə, uşaqlarda bağırsaq pozulmalarına səbəb olan qastroenterit və ya
rotavirus infeksiyaları var ki, "bağırsaq qripi” kimi də tanınır. Bu zaman uşaqlarda
güclü ishal olmasa da, qarında ağrı, sancılar yaranır, iştah olmur, hərarət 3 gün
ərzində davam edir: "Bu zaman müalicə taktikamız itirilmiş mayenin bərpa edilməsi
olur. Məsələn, uşaq içdiyi mayeni qaytarır, qızdırması olduğu üçün bədəndə buxarlanma
gedir. Buna görə də uşağın ümumi vəziyyətinin pisləşməməsi üçün itirilmiş maye bərpa
olunmalıdır”.
Həkim deyir
ki, virus infeksiyalarının ən təhlükəlisi qrip infeksiyasıdır. Qrip daha çox ağırlaşma
verə bilər, meningit, pnevmoniya, bronxit və s. yarada bilər. Genetik allergiyası,
obstruktiv bronxiti olan uşaqlarda isə hər virus infeksiyasında ağırlaşma təkrarlana
bilər: "Biz daha çox risk qrupuna daxil olan, obstruktiv bronxiti, astma, allergiyası
olan uşaqları qorumağa çalışırıq ki, hər dəfə xəstələnəndə ağırlaşmasınlar. Amma
3 günlük hərarətdən sonra uşaqların halı düzəlməyə başlayırsa, narahat olmağa dəyməz.
Sadəcə təbii vasitələrlə onların immunitetini gücləndirmək lazımdır. Uşaqlara bol
maye, C vitamini ilə zəngin qidalar, meyvə-tərəvəz çox verilməlidir. Uşaqların immunitetini
xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır. Zərərli qidalar, kolbasa-sosiska,
şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər
qəbul etdikdə onların bağırsağında mikroflora məhv olmağa doğru gedir və immunitet
zəifləyir. Sağlam qidalanan, meyvə-tərəvəz, lifli qidaları bol yeyən, dərmanlardan, antibiotiklərdən uzaq
olan, əvvəldən ana südü ilə qidalanan uşaqların immuniteti güclü olur. Bundan əlavə,
yay aylarında uşaqların kifayət qədər D vitamini qəbul etməsinə fikir vermək lazımdır.
D vitamini sintezi gedən vaxtlarda uşaqları havaya çıxarmaq vacibdir”.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”