Uzun illər insanlar düşünürdülər ki, əgər valideynlərində, bacı-qardaşlarında diabet, xərçəng, piylənmə və ya ürək-damar xəstəlikləri varsa, deməli bu, taledir və gec-tez həmin risk onların öz həyatında da ortaya çıxacaq.
"Genetikdir" ifadəsi çox zaman dəyişdirilə bilməyən hökm kimi qəbul edilirdi. Halbuki son illərdə elm bu düşüncəyə ciddi şəkildə düzəliş edir. Müasir tədqiqatlar göstərir ki, genlər orqanizmin dəyişməz yazısı deyil. Onlar müəyyən potensialı daşıyır, amma bu potensialın necə ortaya çıxacağına həyat tərzi, mühit, yuxu keyfiyyəti, hərəkət səviyyəsi, stres yükü və ən əsası qidalanma güclü təsir göstərir. Bu sahə "epigenetika" adlanır və sağlamlıq anlayışını kökündən dəyişir.
Epigenetika sadə dillə desək, genlərin açılıb-bağlanmasını, yəni necə işləməsini araşdıran elm sahəsidir. İnsan doğulduğu zaman valideynlərindən aldığı DNT ilə dünyaya gəlir. DNT dəyişməz görünə bilər, amma onun daxilindəki məlumatların hamısı eyni anda aktiv olmur. Bəzi genlər susdurulur, bəziləri isə fəallaşır. Bu prosesə qidalar, ətraf mühit toksinləri, stres hormonları, fiziki aktivlik və digər gündəlik faktorlar təsir edə bilir. Yəni ailəsində diabet olan iki insanı düşünək: biri düzgün qidalanır, aktiv həyat sürür, çəkisini qoruyur və stresini idarə edir, digəri isə hərəkətsiz yaşayır, emal olunmuş qidalarla qidalanır və yuxusuz qalır. Eyni genetik meylə sahib olsalar da, sağlamlıq nəticələri tamamilə fərqlidir.
Bu yeni yanaşma insanlara böyük ümid verir. Çünki artıq söhbət yalnız miras aldığımız genlərdən yox, onlarla necə davrandığımızdan gedir. Genlər silahı doldura bilər, amma tətiyi çox zaman həyat tərzi çəkir. Bu baxımdan, gündəlik seçimlərimiz, xüsusilə süfrəmizdə olan qidalar sağlamlığımızın gələcəyini formalaşdırır.
Mütəxəssislər hesab edirlər ki, qidalanma epigenetik təsir göstərən ən güclü amillərdən biridir. Bəzi qidalar iltihabı artırır, hüceyrələri zədələyir, maddələr mübadiləsini pozur və xəstəlik riskini yüksəldir. Digərləri isə əksinə, bərpaedici mexanizmləri gücləndirir, antioksidant müdafiəni artırır, genlərin qoruyucu fəaliyyətini dəstəkləyir. Buna görə də yediklərimiz sadəcə kalori məsələsi deyil, həm də bioloji siqnaldır. Məsələn, Omega-3 yağ turşuları sahədə ən çox öyrənilən qida komponentlərindəndir. EPA, DHA və ALA adlı bu yağ turşuları bədəndə iltihabı azaltmağa, ürək-damar sistemini qorumağa və beyin funksiyalarını dəstəkləməyə kömək edir. Araşdırmalar göstərir ki, onlar iltihab əleyhinə genlərin aktivliyini artıra bilər. Yağlı balıqlar, xüsusilə qızılbalıq, skumbriya və sardina, həmçinin kətan toxumu, çia toxumu, qoz və semizotu Omega-3 baxımından zəngindir. Müasir qidalanmada çox zaman zərərli yağlar üstünlük təşkil etdiyindən, Omega-3 qəbulunu artırmaq sağlamlıq üçün strateji addım sayılır.
Bitki mənşəli antioksidantlar da genlərin qorunmasında mühüm rol oynayır. Onlardan biri resveratroldur. Bu maddə xüsusilə qara üzüm, qaragilə, zoğal, qara tut və böyürtkəndə olur. Resveratrolun hüceyrə səviyyəsində uzunömürlülüklə əlaqəli sirtuin adlı zülalları aktivləşdirə biləcəyi düşünülür. Bu səbəbdən o, yaşlanma əleyhinə qidalanma modellərində tez-tez qeyd olunur.
Son illərdə geniş maraq doğuran digər maddə fisetindir. Fisetin çiyələk, qaragilə, üzüm, şaftalı, xurma və manqo kimi meyvələrdə tapılan flavonoiddir. Alimlər onun senolitik xüsusiyyətlərinə diqqət çəkirlər. Bu termin qocalmış və funksiyasını itirmiş hüceyrələrin təmizlənməsinə yardım edən təsiri ifadə edir. Hüceyrə səviyyəsində belə təmizlənmə prosesləri yaşlanmanın ləngiməsi, toxuma sağlamlığının qorunması və beyin funksiyalarının dəstəklənməsi ilə əlaqələndirilir. Xaççiçəkli tərəvəzlər də epigenetik qidalanmanın vacib hissəsidir. Brokkoli, kələm, Brüssel kələmi və turp tərkibində sulforafan adlı güclü maddə daşıyır. Sulforafan bədənin detoksifikasiya sistemlərini gücləndirə, zərərli maddələrin xaric edilməsini sürətləndirə və DNT bərpasını dəstəkləyə bilər.
Mətbəxdə ən çox istifadə edilən ədviyyatlardan biri olan sarıkökün əsas aktiv maddəsi olan kurkumin də son illərin ən çox araşdırılan təbii birləşmələrindəndir. O, iltihabəleyhinə və antioksidant xüsusiyyətləri ilə tanınır. Xroniki iltihab bir çox xəstəliklərin, o cümlədən diabet, ürək xəstəliyi və bəzi xərçəng növlərinin ortaq zəminidir. Kurkumin bu zəncirin qırılmasına kömək edə bilər. Mütəxəssislər onun qara istiot və sağlam yağlarla birlikdə qəbul edilməsinin sorulmanı artırdığını bildirirlər.
Vitamin və minerallar da genlərin normal fəaliyyəti üçün vacibdir. Məsələn, fol turşusu DNT sintezi və hüceyrə bölünməsi üçün lazımdır. Bu maddə xüsusilə ispanaq, brokkoli, pazı və digər tünd-yaşıl yarpaqlı tərəvəzlərdə bol olur. Folat çatışmazlığı hüceyrə yenilənməsinə mənfi təsir göstərə bilər. Xolin isə beyin, qaraciyər və əzələ sağlamlığında mühüm rol oynayır. O həmçinin genlərin düzgün işləməsini dəstəkləyir. Yumurta sarısı və mal əti qaraciyəri xolin baxımından zəngin qidalar sırasındadır.
Sink immunitet, yaraların sağalması, hormon balansı və hüceyrə bərpası üçün vacib mineraldır. Mal əti, quzu əti, dəniz məhsulları, yumurta, balqabaq toxumu, badam, qoz, mərcimək və noxud sink mənbəyidir. Selen isə güclü antioksidant kimi fəaliyyət göstərərək hüceyrələri sərbəst radikalların zərərindən qoruyur. Qızılbalıq, tuna, yumurta, sarımsaq, toyuq və tam taxıllar selen ehtiva edir. E vitamini də hüceyrə membranlarını oksidləşdirici zədələnmədən qoruyan əsas vitaminlərdəndir. Badam, fındıq, avokado, ispanaq, brokkoli və zeytun yağı bu baxımdan dəyərlidir. Hüceyrə membranları sağlam olduqda, bədən sistemləri daha effektiv işləyir və yaşlanma prosesi daha ləng gedə bilər.
Meyvə və giləmeyvələrdə olan polifenollar ayrıca diqqətəlayiqdir. Qaragilə, böyürtkən, çiyələk, moruq, nar, qara və qırmızı üzüm, bənövşəyi soğan, yaşıl çay, kəklikotu, zeytun yağı və qoz-fındıq müxtəlif polifenollar daşıyır. Bu maddələr hüceyrələri qoruyur, iltihabı azaldır və genlərə müsbət təsir göstərir. B12 vitamini isə xüsusilə sinir sistemi, qırmızı qan hüceyrələrinin yaranması və DNT sintezi üçün vacibdir. O, əsasən, heyvan mənşəli qidalarda olur. Buna görə də veqan qidalanan şəxslər B12 əlavəsi barədə həkimlə məsləhətləşməlidirlər. Çünki B12 çatışmazlığı uzun müddət gizli qalaraq ciddi nevroloji problemlərə səbəb ola bilər.
Əlbəttə, epigenetika möcüzə vəd etmir. Heç bir qida təkbaşına genləri "yenidən proqramlaşdıran sehrli düymə" deyil. Sağlam qidalanma, düzgün həyat tərzi və bədənimizə göstərdiyimiz qayğı sayəsində irsin sərhədlərini daralda, sağlamlıq imkanlarını isə genişləndirə bilərik.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"