BMT-nin qiymətləndirmələrinə əsasən, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin təxminən dörddəüçünə təsir göstərəcək
İqlim dəyişiklikləri bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biridir. Dünyanın müxtəlif regionlarında müşahidə olunan uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası və kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi artıq təkcə ekoloji məsələ deyil, həm də sosial-iqtisadi təhlükədir.
Mütəxəssislər bildirirlər ki, qlobal istiləşmənin təsiri ilə təbiətdə formalaşmış tarazlıq sürətlə dəyişir, nəticədə səhralaşma prosesi daha geniş ərazilərə yayılır. Səhralaşma təkcə səhraların böyüməsi demək deyil. Bu proses torpağın məhsuldarlığını itirməsi, bitki örtüyünün zəifləməsi, su ehtiyatlarının azalması və yaşayış üçün əlverişli ərazilərin sıradan çıxması ilə müşayiət olunur. Quraqlığın intensivləşməsi kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə, insan sağlamlığına və iqtisadiyyata ciddi təsir göstərir. Dünyada milyonlarla insan artıq su qıtlığı, məhsul çatışmazlığı və iqlim miqrasiyası kimi problemlərlə üz-üzədir. Xüsusilə iqlimi quraq və yarımquraq olan regionlar bu risklərə daha həssas hesab edilir. Son illər temperaturun artması, yağıntı rejimində qeyri-sabitlik və su ehtiyatlarının azalması bu prosesi daha da sürətləndirib.
İçməli su qıtlığı dünyanın ən ciddi problemlərindən biridir
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekoloq Cəmşid Bəxtiyar bildirib ki, səhralaşma və quraqlıq problemi qlobal təhlükə səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, BMT-nin məlumatlarına əsasən, hər il təxminən bir milyon kvadratkilometr məhsuldar torpaq deqradasiyaya uğrayaraq səhralaşmış ərazilərə çevrilir. Bu prosesin dünya iqtisadiyyatına vurduğu zərər isə ildə təxminən 878 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
"Səhralaşma riski xüsusilə Afrika qitəsində daha qabarıq müşahidə olunur. Ən ciddi təhlükə altında olan regionlar sırasında Afrikanın sahil zonası, Mavritaniya, Mali, Nigeriya və Çad kimi ölkələr yer alır. Bundan başqa, Şərqi və Cənubi Afrika ölkələri - Somali, Efiopiya və Zimbabve də yüksək risk zonasına daxildir. Yaxın Şərq və Ərəbistan yarımadasında da quraqlıq problemi sürətlə dərinləşir. Mərkəzi Asiya, Aralıq dənizi hövzəsinin bəzi ölkələrində - İspaniya, İtaliya, Yunanıstan, Türkiyə və Mərakeşdə də iqlim dəyişikliklərinin təsirləri ciddi hiss edilir. Avstraliyanın daxili ərazilərində, eləcə də ABŞ-nin cənub və qərb bölgələrində səhralaşma meyillərinin artdığı vurğulanır", - deyə mütəxəssis qeyd edib.
Ekoloqun fikrincə, bu prosesin əsas səbəbi qlobal istiləşmədir. Temperaturun yüksəlməsi nəticəsində buxarlanma artır, torpağın rütubəti azalır və yağıntı rejimi pozulur. Əvvəllər müəyyən mövsümlərdə müşahidə olunan yağışlar ya ümumiyyətlə yağmır, ya da qısamüddətli və qeyri-effektiv xarakter daşıyır. Bunun nəticəsində quraqlıq dövrləri uzanır, bitki örtüyü zəifləyir və torpaqlar sürətlə deqradasiyaya uğrayır. Son araşdırmalar göstərir ki, quraqlığın şiddətindəki artımın təxminən 40 faizi atmosferin "susuzluğ"unun yüksəlməsi ilə bağlıdır. Bu anlayış atmosferdə rütubətin tamamilə yox olması deyil, havanın əvvəlkindən daha çox nəm tələb etməsi mənasına gəlir. Başqa sözlə, atmosfer daha çox rütubət çəkir və bu da torpağın daha sürətlə qurumasına səbəb olur.
Yaxın onilliklərdə içməli su problemi dünyanın ən ciddi böhranlarından birinə çevriləcək. BMT-nin qiymətləndirmələrinə əsasən, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin təxminən dörddəüçünə təsir göstərəcək. Bu isə milyardlarla insanın su qıtlığı ilə üzləşəcəyi anlamına gəlir. Cəmşid Bəxtiyar deyib ki, quraqlıq və səhralaşma ərzaq təhlükəsizliyinə də ciddi təhdid yaradır: "Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyanın bəzi hissələri bu baxımdan ən həssas regionlar hesab olunurlar. Quraqlıq kənd təsərrüfatı məhsuldarlığını azaldır, heyvandarlığa zərbə vurur və nəticədə ərzaq qiymətlərinin artmasına səbəb olur. Çünki həm bitkiçilik, həm də heyvandarlıq qlobal ərzaq təchizatının əsas mənbələridir. Problemin qarşısının alınması üçün dünya ölkələri daha ciddi və koordinasiyalı tədbirlər görməlidir. Bu istiqamətdə su idarəçiliyinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Damcı və çiləmə suvarma sistemləri həm su itkisinin qarşısını alır, həm də torpağın keyfiyyətini qoruyur. Ənənəvi selləmə suvarma üsulu isə həm böyük həcmdə su itkisinə, həm də torpaqların şoranlaşmasına səbəb olur".
Mütəxəssis şoran torpaqların meliorasiyasının da vacib olduğunu bildirib: "Şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır. Bununla yanaşı, meşə və yaşıllıq sahələrinin artırılması, otlaq sahələrindən düzgün istifadə və quraqlığa davamlı bitki sortlarının tətbiqi də vacib tədbirlər sırasındadır. Dünyada həyata keçirilən uğurlu layihələrdən biri Afrikadakı "Great Green Wall Initiative"dir. Konsepsiyanın əsas məqsədi səhralaşmanın qarşısını almaq üçün geniş yaşıllıq zolağı yaratmaqdır. Layihə artıq müsbət nəticələr verməyə başlayıb. Çində həyata keçirilən iri yaşıllaşdırma layihələri də uğurlu nümunələr sırasındadır. Səhralaşmış ərazilərdə ağacəkmə layihələri həm eroziyanın qarşısını alır, həm də gələcəkdə yerli iqlimin sabitləşməsinə kömək edir".
Azərbaycan da risk zonasındadır
Azərbaycan da yarımsəhra və quraq iqlim zonasına daxil olduğuna görə səhralaşma riskinə həssas ölkələrdən sayılır. Cəmşid Bəxtiyarın sözlərinə görə, son illərdə temperatur artımı, su ehtiyatlarının azalması və yağıntıların qeyri-sabitliyi daha çox nəzərə çarpır. Beynəlxalq iqlim təşkilatları da Azərbaycanı su qıtlığı və iqlim risklərinə həssas ölkələr sırasında göstərir. Risk səviyyəsi Afrika ölkələri ilə müqayisədə daha aşağı olsa da, ölkəmizin bir sıra bölgələrində bu problem artıq özünü göstərməyə başlayıb. Ən həssas ərazilər sırasında Abşeron yarımadasını, Qobustan ərazisini, Şirvan, Mil və Muğan düzlərini, eləcə də Ceyrançölü qeyd etmək olar. Bundan başqa, Naxçıvanın bəzi düzənlik ərazilərində də səhralaşma əlamətləri müşahidə olunur.
"Kənd təsərrüfatına əsas təsir suvarma suyunun azalması ilə bağlıdır. Su çatışmazlığı məhsuldarlığın aşağı düşməsinə, bitki xəstəliklərinin artmasına və otlaq sahələrinin deqradasiyasına səbəb olur. Bu isə heyvandarlıq üçün yem bazasının zəifləməsi deməkdir. Qlobal istiləşmənin təsiri ilə torpaqların şoranlaşması və eroziyası da sürətlənir. Belə reallıqda meşələrin qorunması olduqca vacibdir. Meşələr torpağı külək və su eroziyasından qoruyur, rütubəti saxlayır və yerli iqlimi yumşaldır. Meşə sahələrinin azalması isə səhralaşmanı sürətləndirən ən təhlükəli amillərdən biridir", - deyə mütəxəssis bildirib.
Cəmşid Bəxtiyarın fikrincə, regional su monitorinqi, peyk nəzarəti, "ağıllı kənd təsərrüfatı texnologiyaları", tullantı sularının təkrar istifadəsi və duzadavamlı bitki sortlarının tətbiqi ölkəmizdə ekoloji problemlərin qarşısının alınmasına kömək edə bilər: "Bu prosesdə hər bir insanın rolu var. Suyun israf edilməməsi, həyətlərdə damcı suvarmadan istifadə, ağacəkmə kampaniyalarında iştirak, tullantıların düzgün idarə olunması və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması səhralaşma ilə mübarizədə mühüm rol oynayır".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"