17 İyun 2026 09:43
138
DÜNYA
A- A+
Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Dənizdə qazma işlərinin aparılması üçün suyun dibinin altındakı xam neft və təbii qaz ehtiyatlarının hasilatına xidmət edən nəhəng qurğular tələb olunur. Dünyanın ən böyük neft platformasından danışarkən isə adətən qlobal neft-qaz sənayesində istifadə edilən iri dəniz platformaları nəzərdə tutulur.

Müasir dəniz neft-qaz kompleksləri mühəndisliyin ən möhtəşəm nailiyyətlərindən hesab olunur. Bu nəhəng qurğular qazma avadanlıqlarını, emal qurğularını, xammalın saxlanılması sistemlərini və yüzlərlə əməkdaş üçün yaşayış sahələrini bir araya gətirir. Bütün bunlara baxmayaraq, onlar açıq dənizdə hökm sürən son dərəcə çətin şəraitdə belə fasiləsiz fəaliyyət göstərirlər.

Aşağıda indiyədək insan tərəfindən yaradılmış ən iri və heyrətamiz dəniz platformaları və qazma qurğularından bəziləri təqdim olunur.

1. Neft daşları

Neft Daşları Azərbaycanın Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə, Xəzər dənizinin ortasında yerləşən və dənizin dibinə bərkidilmiş metal dirəklər üzərində salınmış unikal yaşayış məntəqəsidir. Bəzən “dünyanın səkkizinci möcüzəsi”, “yeddi gəmi adası” və “möcüzələr adası” adlandırılan bu məkan dünya dəniz neft sənayesinin simvollarından biri hesab olunur. Əfsanəvi Neft Daşlarının kəşfi neftçi-geoloq Ağaqurban Əliyevin adı ilə bağlıdır, ilk kəşfiyyat buruğunun yeri isə məşhur neftçi Yusif Səfərov tərəfindən müəyyən edilib.

1948-ci il noyabrın 14-də “Pobeda” gəmisində gələn ilk neftçilər burada qazma qurğusu və kiçik yaşayış evi inşa etdilər. Bir il sonra, 1949-cu il noyabrın 7-də 942 metr dərinlikdən ilk neft fəvvarə vurdu və bununla da Xəzərdə dənizdən neft hasilatının əsası qoyuldu. Bu mühüm hadisədən sonra “Qara daşlar” adlanan ərazi “Neft Daşları” adlandırıldı, sonrakı illərdə isə burada estakadalar, istehsal və yaşayış infrastrukturu yaradıldı.

Neft Daşları təkcə sənaye obyekti deyil, həm də Azərbaycanın mədəni irsinin bir hissəsidir. Burada bir sıra sənədli və bədii filmlər çəkilib, o cümlədən Ceyms Bond silsiləsindən “Dünya kifayət deyil” filminin bəzi səhnələri lentə alınıb. Bu gün qəsəbədə yaşayış binaları, vertolyot meydançası, tibbi məntəqə və digər sosial obyektlər fəaliyyət göstərir, polad estakadalar üzərində salınmış yollar isə bu qeyri-adi “dəniz şəhəri”nin əsas xüsusiyyətlərindən biri olaraq qalır.

2. Hibernia platforması

Şimali Atlantik okeanında, Nyufaundlenddən təxminən 315 kilometr şərqdə yerləşən Hibernia tarixdə inşa edilmiş ən ağır dəniz neft platformalarından biridir.

Tikinti başa çatdıqdan sonra istismar yerində platformanın çəkisi 600 min tonu ötüb. Beton konstruksiyanın ümumi kütləsi isə bərk ballast və daxilində saxlanılan mayelər də nəzərə alınmaqla, 1 milyon tondan çoxdur.

Platforma elə layihələndirilib ki, kütləsi 1 milyon tona çatan aysberqlə toqquşmaya heç bir zədə almadan tab gətirə bilsin. Hətta kütləsi 6 milyon tona qədər olan aysberqlərlə təmas zamanı belə yaranan zədələrin sonradan təmir edilməsi mümkün olsun. Bu mühəndis həlli platformanın dünyanın ən sərt dəniz bölgələrindən birində təhlükəsiz fəaliyyət göstərməsinə şərait yaradır.

Hazırda Hibernia Kanadanın ən mühüm neft hasilatı platformalarından biri olaraq qalır.

3. Berkut neft platforması

Berkut qazma platformasının üst və alt hissələrinin ümumi çəkisi 200 min tonu ötür. Buna görə də o, tez-tez dünyada bu tipli ən iri qurğu adlandırılır.

Platforma Rusiyanın Sakit okean sahillərində, Saxalin adasının yaxınlığında yerləşir və sərt subarktik şəraitdə neft və qaz hasil etmək üçün nəzərdə tutulub.

Çəkisi təxminən 200 min ton olan bu qurğu ExxonMobil, “Rosneft”, eləcə də Yaponiya və Hindistandan olan tərəfdaşların iştirakı ilə həyata keçirilən, ümumi dəyəri 12 milyard dollar olan beynəlxalq layihə çərçivəsində inşa edilib. Onun qravitasiya təməlinin tikintisi üçün təxminən 52 min kubmetr beton və 27 min ton poladdan istifadə olunub.

Platforma mənfi 44 dərəcə selsiyədək temperaturda və hündürlüyü 18 metrə çatan dalğalar şəraitində işləmək üçün layihələndirilib. Bu, quraşdırıldığı nöqtədən ən azı 7 kilometr üfüqi məsafədə quyuların qazılmasına imkan verir.

Berkut platformasının uzunluğu 105 metr, eni 60 metr, əsas hissəsi ilə birlikdə ümumi hündürlüyü isə 144 metrdir.

4. “Troll A” platforması

Norveç sahilləri yaxınlığında, Şimal dənizində yerləşən “Troll A” platforması insan tərəfindən indiyədək yerinin dəyişdirildiyi ən hündür qurğulardan biri hesab olunur.

Konstruksiyanın 369 metrdən çox hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Platforma yüksək möhkəmlikli betondan hazırlanıb, polad armatur və polad kanatlarla möhkəmləndirilib və “Troll” yatağında təbii qaz hasilatı üçün nəzərdə tutulub.

Nəhəng ölçüləri və müstəsna mühəndislik mürəkkəbliyi sayəsində Troll A tez-tez dəniz platformalarının tikintisi tarixində ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirilir.

5. “Perdido” neft platforması

Meksika körfəzində yerləşən “Perdido” platforması dünyanın ən dərin dəniz platformasıdır. Onun istismarını “Shell” şirkəti həyata keçirir.

Qurğu təxminən 2450 metr dərinlikdə üzür və su səthindən təqribən 2300–3000 metr aşağıda yerləşən neft və qaz quyuları ilə əlaqəlidir. Bu xüsusiyyət “Perdido”nu texnoloji baxımdan indiyədək inşa edilmiş ən mürəkkəb dəniz qazma obyektlərindən birinə çevirir.

6. “Petronius” platforması

Meksika körfəzində yerləşən “Petronius” platforması Yer kürəsindəki ən hündür sərbəst dayanan qurğular sırasında yer alır. Dəniz dibindən konstruksiyanın ən yüksək nöqtəsinədək onun hündürlüyü təxminən 610 metrdir.

Tamamilə sərt dəniz qurğularından fərqli olaraq, “Petronius” axınların və dalğaların təsiri altında cüzi şəkildə əyilmək üçün layihələndirilib. Bu çevik konstruktiv həll platformanın fırtınalara və güclü dalğalanmaya daha effektiv tab gətirməsinə imkan verir.

7. “Olympus” neft platforması

Bəzən “Mars B” adlandırılan “Olympus” platforması Meksika körfəzindəki “Mars” yatağında fəaliyyət göstərir.

Maksimum hasilat dövründə bu kompleks sutkada təxminən 100 min barel neft istehsal etmək gücünə malikdir. 2014-cü ilə qədər “Mars” yatağında 700 milyon bareldən çox neft hasil edilib.

Platformaya çoxsəviyyəli yerüstü istehsal modulları, qazma avadanlıqları və yaşayış bölmələri daxildir. Burada dəniz sənayesi üzrə təxminən 200 mütəxəssis çalışır.

8. “Stones FPSO” üzən sistem

Yeni Orlean sahillərindən təxminən 320 kilometr məsafədə yerləşən “Stones” üzən istehsal kompleksi dünyanın ən dərin sularda həyata keçirilən dəniz neft-qaz layihəsi hesab olunur. Neftin hasilatı, saxlanması və yüklənməsi üçün nəzərdə tutulan bu üzən qurğu təxminən 2896 metr dərinlikdə fəaliyyət göstərir. Bu tip sistemlər neft və qazın birbaşa dənizdə emalı, eləcə də xam neftin sonradan sahilə daşınana qədər saxlanılması üçün istifadə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

10:23
17 İyun

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq  

10:07
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

Ermənistanda seçkisonrası siyasi gərginlik davam edir

09:55
17 İyun

"Azərenerji"də qanvermə aksiyası keçirilib

09:50
17 İyun

Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı

09:45
17 İyun

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

09:43
17 İyun

İntellekt və idarəçilik yarışı

09:40
17 İyun

Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar

09:35
17 İyun

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

09:34
17 İyun

Onlar ölkəmizin həm də bu günüdür

09:30
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!