Dünyada baş verən son geosiyasi proseslər bir daha göstərdi ki, ticarət yolları qlobal səviyyədə strateji əhəmiyyət daşıyan mühüm amildir. Bu səbəbdən beynəlxalq ticarət marşrutlarına nəzarət uğrunda gərgin mübarizə gedir.
Hazırda dünyanın ciddi hərbi-siyasi gücləri tranzit ölkələri ilə əməkdaşlığa can atır. O üzdən Azərbaycan əhəmiyyətli tranzit ölkəsi kimi bir-biri ilə rəqabət aparan qüvvələrin diqqət mərkəzindədir. Çünki Prezident İlham Əliyevin apardığı logistika siyasəti bütün maraqlı tərəflərlə əməkdaşlıq etmək imkanı yaradır. Əlbəttə, burada ölkəmizin milli maraqları önə çıxır və təbii ki, bizim şərtlərə əməl edən tərəflər ölkəmizlə əməkdaşlığa açıqdır.
Son dövrlər Azərbaycanın mühüm logistika mərkəzinə çevrilməsi beynəlxalq aləmdə baş verən geosiyasi proseslərlə bağlıdır. Rusiya-Ukrayna müharibəsi qlobal logistikanın illərlə formalaşmış balansını pozduğundan bu marşrut təhlükəsizlik və etibarlılıq prizmasından səmərəliliyini itirib. Əvvəllər Çinlə Avropa arasında yük axınının əsas hissəsi Şimal marşrutu - Rusiya üzərindən daşınırdı. Rusiya-Ukrayna müharibəsindən sonra həmin xətt də sanksiyalar, siyasi risklər və qeyri-müəyyənlik səbəbindən cəlbediciliyini qoruya bilməyib. Eyni zamanda Yaxın Şərqdə baş verən hadisələr İran üzərindən yükdaşımaların dayanmasına səbəb olub. Yaxın Şərqdə artan gərginlik, xüsusilə husilərin Qırmızı dəniz hövzəsində yaratdığı təhlükəsizlik riskləri Süveyş kanalı üzərindən keçən ənənəvi dəniz marşrutunda da ciddi risk yaradıb. Gəmilərə və tankerlərə hücumlar və sığorta xərclərinin artması bu marşrutun səmərəliliyini azaldıb. Digər tərəfdən Hörmüz boğazı ətrafında artan hərbi-siyasi gərginlik qlobal enerji və yük daşımalarının ən kritik "dar boğazları"ndan birini bu günlərəcən risk altında saxlayırdı.
Dünyada baş verən belə gərgin qlobal proseslər nəticəsində Orta dəhliz alternativ olmaqla yanaşı, getdikcə qlobal ticarətin strateji dayaqlarından birinə çevrilir. Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bu marşrut dünya üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Orta dəhlizin artan əhəmiyyətini statistik rəqəmlər də göstərir. Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, son 7 ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca daşımaların həcmi 0,8 milyon tondan 4,5 milyon tona qədər yüksəlib. Son statistikaya görə, 2025-ci ildə sırf TBNM boyunca təxminən 77 min TEU daşınıb. Hədəf isə daha iddialıdır - 2029-cu ilə qədər konteyner daşımalarının 300 min TEU-ya çatdırılması planlaşdırılır.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin yaydığı məlumatda bildirilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tarixində ilk dəfə illik konteyner aşırma həcmi 107 min TEU səviyyəsinə çatıb. Buraya TBNM ilə daşınan yüklərlə yanaşı, digər marşrutlar üzrə daşımalar daxildir.
Prezident İlham Əliyevin 25 fevral 2025-ci ildə imzaladığı fərman Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ADY-yə inteqrasiyasını təmin edib. Bu da yükaşırma proseslərinin sürətlənməsinə və logistik marşrutların optimallaşdırılmasına əlavə imkanlar yaradıb. Həmin fərman imzalandıqdan sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun ən etibarlı logistik qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Görülən tədbirlər Azərbaycanın Şərqlə Qərb arasında əsas tranzit mərkəzlərdən birinə çevrilməsi prosesini sürətləndirir. Onu da qeyd edək ki, limanda tətbiq olunan yaşıl və rəqəmsal logistik həllər Orta dəhliz üzrə inteqrasiyanı dərinləşdirərək həm yük həcmlərinin artımına, həm də iqtisadiyyat üçün daha yüksək əlavə dəyərin formalaşmasına geniş imkanlar yaradır.
Liman 2018-ci ildə istifadəyə verilərkən onun illik yükaşırma gücü 15 milyon ton və 100 min TEU konteyner səviyyəsində nəzərdə tutulmuşdur. Lakin ADY-yə inteqrasiyadan sonra həyata keçirilən operativ layihələr nəticəsində bu potensial qısa müddətdə 150 min TEU ekvivalentinə çatdırılıb. Paralel olaraq limana əlavə texnika cəlb olunub, əməliyyat prosesləri optimallaşdırılıb və müasir logistika həlləri tətbiq edilib.
Orta dəhlizin əsas kommersiya yükü Çin və Mərkəzi Asiyadan Avropaya yönələn axın üzərində qurulub. Lakin bu marşruta olan inam artdıqca "əks istiqamət"in - Qərbdən Şərqə daşımaların artırılması istiqamətində də konkret addımlar atılır. 2024-cü ilin noyabrında Bakı-Sian ixrac blok qatarının yola salınması bu baxımdan simvolik dönüş nöqtəsi sayılır. Həmin ilin mayında Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi isə marşrutun elastikliyini artıraraq iki istiqamətli ticarət üçün yeni imkanlar açıb. Avropa, o cümlədən Avstriya şirkətlərinin bu xəttə ciddi maraq göstərməsi də Orta dəhlizin qlobal oyunçuya çevrildiyini sübut edir.
Azərbaycan getdikcə dünyanın logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. ABŞ-nin "Oliver Wyman" konsaltinq şirkəti Azərbaycanın geoiqtisadi mövqeyini olduqca dəqiq təsvir edir: "Ölkə Avropa, Mərkəzi Asiya, Türkiyə və bütövlükdə Avrasiya ticarət sisteminin kəsişdiyi strateji nöqtədə yerləşir. Bu coğrafi üstünlük son illər həyata keçirilən iri infrastruktur layihələri ilə daha da möhkəmləndirilib. Bakı limanı, Ələt Azad İqtisadi Zonası, müasir dəmir yolu və avtomobil magistralları, eləcə də gömrük sisteminin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar Azərbaycanı regionun əsas tranzit qovşaqlarından birinə çevirib".
Rüstəm KAMAL,
"Azərbaycan"