Tarixin bütün dövrlərində xalqlar xoşbəxt gələcəyə, əmin-amanlığa olan ümidlərini, işıqlı sabahlarını gənc nəsillərə bağlayıb. Bu da təbiidir. Çünki gənclər dövlətin, xalqın və yaşadığı cəmiyyətin aparıcı qüvvəsi, vuran qolu, düşünən beyni, nəsllərin davamçılarıdır.
Gənclər daim cəmiyyətin ön sıralarında addımlayan qüvvə olmaqla yanaşı, həm də ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən quruculuq proseslərinin mərkəzində dayanırlar. Onlar hər bir dövlətin, xalqın uğurlu gələcəyi, inkişafında mühüm rol oynayan tükənməz qüvvəsidir. Gənclər bir qayda olaraq quruculuq işlərində üzərlərinə düşən tapşırıqları dövlətə, dövlətçiliyə böyük sevgi ilə yerinə yetirirlər. Buna görə də bacarıqlı, bilikli, avanqard gənc nəslin hazırlanması, formalaşması hər bir ölkə, dövlət üçün başlıca məsələdir. Çünki ölkənin gələcəyi sağlam, vətənpərvər ruhlu gənclərdən asılı olacaq.
İşıqlı sabahlarımızın ən fəal, ən etibarlı qurucusu olan Azərbaycan gənclərinin aparıcı qüvvə kimi formalaşmalarında, gələcəyə hazırlanmasında dövlətimizin apardığı gənclər siyasəti olduqca mühüm əhəmiyyət daşıyır. Xalqımıza, dövlətimizə uğurlar gətirən bu siyasətin banisi Ümummilli Lider Heydər Əliyevdir. Günü-gündən inkişaf etməkdə, dünyada böyük nüfuz qazanmaqda olan ölkəmizdə gənc nəslə diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirən Ulu Öndər "Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıraraq" böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkmişdi.
Ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda Ulu Öndər sağlam, vətənpərvər gənclərin, dövlətçiliyə sadiq və layiq nəslin yetişməsini daim diqqət mərkəzində saxlayırdı. Ümummilli Liderin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, sabahımız olacaq gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirirdi. Ən önəmlisi isə uğurla həyata keçirilən gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin əhəmiyyətli, mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin hakimiyyətə gəlişi ilə gənclər siyasəti mahiyyət etibarilə yeni mərhələyə qədəm qoydu. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə də siyasi xətti ilə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini sübut etdi. Dövlət başçısının sərəncamları ilə gənclərin fərdi inkişafına təkan verildi, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin uğurlu inkişafı üçün səmərəli istifadə olunmağa başlandı. Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, bu gün hansı sahəyə diqqət yetirsək, gənclərin ürəkaçan uğurlarını görürük. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycanda yüksək intellektual səviyyəyə, hərbi vətənpərvərlik ruhuna, tarixi köklərə bağlı olan milli düşüncəyə malik, cəmiyyətdə böyük fəallıq göstərən gənclər formalaşıb. Elmi nailiyyətləri ilə xalqımızı sevindirən gənclərimiz ən müasir texnologiyaların mənimsənilməsində və tətbiqində böyük fəallıq göstərirlər. Dünyanın hər yerindən biz onların xoş soraqlarını alırıq.
Başqa sahələrdə olduğu kimi, gənclərimiz Azərbaycanın idman şərəfini də layiqincə qoruyurlar. İştirak etdikləri müxtəlif idman yarışlarında ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Yarışlara məsuliyyətlə yanaşan idmançılarımız bayrağımızı dünyanın müxtəlif ölkələrində qürurla dalğalandırır, himnimizi səsləndirirlər.
Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dövlətin həyata keçirdiyi gənclər siyasətindən bəhs edərək demişdir ki, bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Dövlətimizin başçısı daha sonra çıxışında bildirmişdir ki, hər dəfə bizim idmançılarımız dövlət bayrağını beynəlxalq yarışlarda qaldıranda, əlbəttə ki, hər birimiz qürur hissi keçiririk: "Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər".
Gündən-günə peşəkarlığını, bacarığını artıran gənclərimiz 44 günlük Vətən müharibəsində də qəhrəmanlıqları, şücaətləri ilə başımızı uca etdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında torpaqlarımızın azadlığı uğrunda böyük cəsarət və hünərlə vuruşdular. Ürəyi Vətən eşqi ilə döyünən gənclərimiz göstərdikləri qəhrəmanlıqları ilə, qazandıqları qələbələri ilə 30 ilə yaxın davam edən işğala cəmi 44 gün ərzində son qoydular. Məhz bu cəsur gənclərin igidliyi və cəsarəti sayəsində qazanılan Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Cəsur gənclərimiz yurdumuzun azadlığı uğrunda döyüşlərdə göstərdikləri igidlikləri ilə yanaşı, arxa cəbhədə də yüksək fəallıqla çalışdılar. Onlar ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın tarixi torpaqlarımız olan Qarabağda, eləcə də qəsb etdiyi digər ərazilərdə törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında öndə getdilər. Prezident İlham Əliyev çıxışlarında daim bu reallığı xüsusilə vurğulamışdır: "Çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"