İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin iyul sayında son rəqəmləri təqdim edib. İcmala əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,9 milyard dollar təşkil edib. Cari ilin iyun ayında isə qeyri-neft sektoru üzrə ixrac (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artıb.
Qeyri-neft sektorunun inkişafına təkan verən sahələrdən biri kənd təsərrüfatıdır. Belə ki, aqrar islahatlar kənd təsərrüfatı məhsullarının həcminin artmasına imkan yaradıb. Xüsusən dövlət başçısının ənənəvi sahələrin dirçəldilməsi barədə imzaladığı sərəncamlar önəmli rol oynayıb. Həmin sənədlərə uyğun olaraq ənənəvi sahələrin dirçəldilməsi üçün fermerlərə əlavə güzəştlər edilib. Bundan başqa, fermerlərin dövlət dəstəyi ilə təsərrüfatlarını sığortalaması imkanının yaradılması da stimullaşdırıcıdır.
Fermerlərə olunan güzəştlər nəticəsiz qalmayıb. Bunun sayəsində son bir neçə ildə aqrar sektorda meyvə-tərəvəzin istehsalı və ixracı artıb. Statistik rəqəmlər də bunu təsdiq edir. Belə ki, qeyri-neft-qaz ixracında kənd təsərrüfatı məhsullarının çəkisi ildən-ilə artır.
Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 19,4, qeyri-yeyinti məhsullarının ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 17,3 faiz artıb. İlin ilk yarısında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4, pambıq iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50, pambıq lifi 26,3, meyvə-tərəvəz 18,9, çay 19,4, spirtli və spirtsiz içkilər isə 2,9 faiz artıb. Cari ilin yanvar-iyun aylarında aqrar məhsullar üzrə ixrac 23,9, aqrar-sənaye məhsulları üzrə ixrac 35,3 faiz çoxalaraq yüksək artım göstərib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,6 faiz artaraq 759,8 milyon dollara bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, tomat ikinci, mis filizləri və konsentratları isə üçüncü yerdə qərarlaşıb. İyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında tomat birinci, qızıl ikinci, çiyələk isə üçüncü yeri tutub. Bu ilin yanvar-iyun aylarında (qeyri-monetar qızıl istisna olmaqla) ən çox qeyri-neft sektoruna aid mal Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə, Ukraynaya ixrac edilib. İyun ayında isə əsas ticarət partnyorlarımız Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, İsveçrə, Amerika Birləşmiş Ştatları olub.
İlin birinci yarısında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Prime Export" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC, "Vvest Stream" MMC, "Tabaterra" MMC və "P-Aqro" MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "Socar Polymer" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "Azergold" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC.
Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. Bu ilin 6 ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 13,1 milyon dollar dəyərində telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan və Misir qərarlaşıb.
Rüstəm KAMAL,
"Azərbaycan"