Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın İrpen şəhərinin "fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunması Bakı-Kiyev münasibətlərində həm siyasi, həm də simvolik baxımdan xüsusi çəkisi olan mühüm hadisədir. Təqdimatın Prezident İlham Əliyevin Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko ilə görüşü çərçivəsində, vəsiqənin isə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev tərəfindən şəxsən təqdim edilməsi bu addımın diplomatik prioritetini nümayiş etdirir.
Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, bu qərar adi bir protokol jestindən çox daha dərin məna kəsb edir. İrpin müharibə dövründə ağır dağıntılara və humanist böhrana məruz qalmış, eyni zamanda müqavimətin rəmzinə çevrilmiş şəhərlərdən biridir. Belə bir şəhərin fəxri vətəndaşlığının Azərbaycanın dövlət başçısına verilməsi Bakının humanitar dəstəyinə və göstərdiyi bərpa səylərinə verilən yüksək qiymətdir.
K.Bayramov deyib: "Azərbaycan dövləti burada dağıdılmış Akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbi, eləcə də digər sosial infrastrukturları qısa müddətdə bərpa edib. Bununla yanaşı, Bakı 2022-ci ildən etibarən Ukraynaya elektrik generatorları, energetika avadanlıqları, tibbi ləvazimatlar və ərzaq yardımları göndərib, hərbi əməliyyatlardan zərər çəkmiş uşaqların reabilitasiyasını təşkil edib. Son proseslər göstərir ki, Azərbaycan-Ukrayna əlaqələri yalnız siyasi dialoq və humanitar dəstəklə məhdudlaşmır, həm də iqtisadi və energetika sahələrində yeni mərhələyə qədəm qoyur. Prezident Volodimir Zelenskinin 2026-cı ilin aprelində Azərbaycana rəsmi səfəri zamanı altı ikitərəfli sənədin imzalanması, ardından xarici işlər naziri Ceyhun Bayramovun avqust ayında Ukraynaya səfəri ikitərəfli münasibətlərin dinamikasını nümayiş etdirir. Kiyev administrasiyasının müharibədən əvvəlki ticarət dövriyyəsini bərpa etmək istəyi də tərəflər arasında iqtisadi tərəfdaşlığın gələcək perspektivlərini şərtləndirir. Bütün bunlar Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyir".
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı statusunun verilməsi həm Azərbaycanın Ukraynaya göstərdiyi ardıcıl dəstəyə verilən yüksək qiymət, həm də Bakı ilə Kiyev arasında əlaqələrin gələcək inkişafına yönəlmiş mühüm siyasi-humanitar mesaj kimi dəyərləndirilməlidir. Hazırda əsas məsələ belə simvolik və strateji addımların qarşıdakı dövrdə yeni iqtisadi, enerji və bərpa layihələri ilə praktiki müstəvidə tamamlanmasıdır. Əgər bu proseslər nəzərdə tutulan dinamika ilə davam edərsə, Bakı-Kiyev münasibətlərindəki mövcud siyasi yaxınlaşma daha geniş və dayanıqlı praktiki əməkdaşlıq mərhələsinə keçəcək.
K.Bayramov bildirib ki, uzun illər ərazi bütövlüyünün pozulmasından və hərbi münaqişədən əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan müharibələrin insan həyatına, xüsusilə də dinc əhaliyə və uşaqlara vurduğu ağır zərbələri yaxşı anlayır: "Məhz buna görə də Ukraynadan olan uşaqlar üçün Azərbaycanda reabilitasiya proqramlarının təşkili müstəsna əhəmiyyət daşıyır. Bu layihələr təkcə fiziki sağlamlığın deyil, eyni zamanda müharibə dəhşətlərini yaşamış uşaqların psixoloji reabilitasiyasının bərpasına yönəlib. Yaxın perspektivdə ukraynalı tələbələr üçün də oxşar təhsil və reabilitasiya təşəbbüslərinin həyata keçirilməsi planlaşdırılır ki, bu da iki ölkə arasında humanitar əməkdaşlığın miqyasını daha da genişləndirəcək. Azərbaycanın göstərdiyi humanitar dəstək yalnız sosial reabilitasiya ilə məhdudlaşmır. Ukraynanın enerji infrastrukturunun ciddi zərər görməsi nəticəsində yaranan kəskin çətinliklər fonunda Bakı tərəfindən davamlı olaraq elektrik generatorları və energetika avadanlıqlarının göndərilməsi mülki əhalinin, xüsusilə xəstəxanaların və digər strateji sosial obyektlərin fasiləsiz fəaliyyətini təmin edir. Bu addımlar Azərbaycanın çətin məqamlarda nümayiş etdirdiyi davamlı humanitar dəstək iradəsinin parlaq təzahürüdür. Ümumilikdə, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, beynəlxalq hüququn prinsiplərinə, qarşılıqlı hörmətə və ortaq maraqlara söykənən Azərbaycan-Ukrayna əlaqələri bundan sonra da inkişaf edərək daha da möhkəmlənəcək".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"