O, Qarabağ muğam ifaçılığı məktəbinin tanınmış nümayəndələrindən biri idi. Bütün muğamları özünəməxsus ifa etsə də, daha çox "Zabul-Segah"la məşhurlaşdı. Yanıqlı səsi ilə oxuduğu bu muğam şuşalı xanəndə Qasım İbrahim oğlu Abdullayevi "Zabul Qasım" kimi tanıtdı.
Səsini eşidən bütün xanəndələr qavalı yerə qoydu...
O, 1873-cü ildə Şuşada dünyaya gəlib. Bu əsrarəngiz şəhərin musiqi mühiti Qasımı da öz təsirinə salıb. Kiçik yaşlarından Azərbaycan xalq mahnılarının və muğamlarının vurğunu olub. Heç zaman təkcə istedadına arxalanmayıb, öz üzərində çalışıb, zəhmətkeşliyi ilə tanınıb. Və elə bir vaxt gəlib ki, o, Şuşada, Bakıda məclislərin yaraşığı sayılıb. Dövrdaşlarının yazdıqlarında ortaboylu, xoşsifət bir adam kimi bəhs olunan Qasım avropasayağı şux geyinərmiş. Musiqisevərlər onun çox bəyəndikləri, heyran qaldıqları ifasını yalnız toylarda, el şənliklərində, muğam məclislərində dinləməyiblər. Xanəndə tez-tez Şuşada əhalinin çox toplandığı yerlərdə - "Səkili bulaq", "Şır-şır" və "Şəmilin bağı"nda muğam və xalq mahnılarını ifa edib.
Görkəmli xanəndə İslam Abdullayev xatirələrində yazıb: "1913-cü ilin səfalı yay günləri idi. İsa bulağında bir neçə məclis qurulmuşdu. Qarabağın adlı-sanlı xanəndələri dəvət olunmuşdu. Hər məclisdə bir xanəndə vardı. Məclislərin birindən Qasımın hər kəsi valeh edən xoş səsi eşidildi. O, "Zabul" oxuyurdu. Qasımın səsini eşidən bütün xanəndələr, hətta rəhmətlik Cabbar Qaryağdıoğlu belə qavalı yerə qoydu. Onun vurduğu şirin xallar və gözəl guşələr maraqla dinlənilirdi. Həmin vaxt mən Şuşa taciri Hacı Bəşirin məclisində "Rast" oxuyan xanəndə Xanlıq Şükürə qulaq asırdım... Məclisdə Hacı Bəşir "palazqulaq" bir yüzlük çıxarıb Şükürün qarşısına qoydu. Ondan acığa bir "Zabul" oxumağı xahiş etdi. Ancaq Xanlıq Şükür oxumadı və dedi:
- Ağa, Qasım olan məclisdə mən "Zabul" oxumaram".
Görkəmli musiqişünas Firudin Şuşinski "Azərbaycan xalq musiqiçiləri" kitabında qeyd edib: "Məşədi Qasım "Zabul" muğamını çox gözəl ifa edirdi. Onun oxuduğu "Zabul" son dərəcə lirik mahiyyət daşımaqla, həddindən artıq gözəl guşə və şirin xalları ilə bütün başqa xanəndələrin oxuduqları "Zabul"dan fərqlənirdi. Buna görə də Qasımdan sonra gələn xanəndələr, xüsusilə Musa Şuşinski, Bülbül, Xan Şuşinski, Əli Cavad oğlu və Zülfü Adıgözəlov kimi peşəkar xanəndələr "Zabul" oxumaqda məhz Qasım Abdullayevi təqlid edirdilər..."
Xanəndə Seyid Şuşinski deyib: "Məşədi Qasım sözün həqiqi mənasında böyük xanəndə idi. Bu adam incəsənət üçün yaranmışdı. O, həmişə tarzən Məşədi Zeynalla oxuyardı. Qasım elə bil "Zabul" muğamı ilə əkiz yaranmışdı".
Zabul Qasım Bakı musiqisevərləri qarşısında ilk dəfə 1903-cü il yanvarın 27-də Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə Hacı Zeynalabdin Tağıyevin teatr binasında verilən "Şərq konserti"ndə çıxış edib. O, "Zabul-segah"ı elə ifa edib ki, tamaşaçılar heyran qalıb. "Şərq konserti" barədə "Kaspi" qəzetində dərc olunan məqalədə Qasımın xanəndəlik qabiliyyəti yüksək dəyərləndirilərək bildirilib: "Konsertin birinci şöbəsində bir neçə vaxt bundan əvvəl Şuşadan gəlmiş müğənni Qasım çıxış etdi. O, gözəl səsi ilə "Segah" muğamını olduqca şirin oxudu".
Qasım Abdullayevin çoxşaxəli yaradıcılıq yolu
Konsertdə ifaçıların məharətindən, onların müxtəlif millətlərdən olan tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasından bəhs edən rus jurnalistlərindən biri yazıb: "Əgər mən antreprenyor olsaydım, dünənki ifaçıları bir dəqiqə belə fikirləşmədən Peterburqa aparardım. Onlar orada müvəffəqiyyət qazanardılar. Onları dinləməyə gələr, dinlər və ağlardılar. Rus dinləyiciləri insana kədər aşılayan melodiyanın təsiri altında ağlar, "xalq" adlandırdığı, azadlıqdan məhrum olan bu adamların taleyinə gözyaşı tökərdilər. Ürək parçalayan qüssə dolu yekrəng Şərq müğənnisi hər hansı bir rus üçün anlaşılardı. Bu qonşu xalqların taleyində çox oxşar cəhətlər var".
Xanəndə Zabul Qasım opera artisti kimi də tanınıb. Onu səhnəyə ilk dəfə bəstəkar Zülfüqar Hacıbəyov dəvət edib. Bəstəkarın xahişi ilə 1913-cü il avqustun 7-də Şuşa yay klubunda tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasında Məcnunun atası rolunu ifa edib. O gündən teatr tamaşalarının afişa və proqramlarında tez-tez onun da adı yazılıb.
Zabul Qasım adı ilə gündən-günə tanınan, sevilən sənətkarın şöhrəti Azərbaycanın sərhədlərini aşıb. 1914-cü ildə Qasım Abdullayev "Sport-Rekord" şirkətinin dəvəti ilə Tiflis şəhərinə gedib "Zabul-Segah", "Bayatı-Şiraz", "Hümayun", "Şur" və "Mahur-Hindi" təsnifini oxuyub. İfasını qrammofon vala yazdırıb.
Qasım Abdullayev sovet hakimiyyəti qurulandan sonra da incəsənət sahəsində çalışıb. Azərbaycan musiqisinin inkişafına səy göstərib.
Şuşaya dönüb, şəhər musiqi məktəbində muğamdan dərs deyib. İncəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri işləyib. O, 1927-ci ildə, əlli dörd yaşında dünyasını dəyişib. Xanəndənin ölüm xəbərini eşidən Cabbar Qaryağdıoğlu kədərlə deyib: "Mən Qasımın ölümünə ağlamıram, "Zabul"un ölümünə ağlayıram. Qasım ölmədi, "Zabul" öldü!"
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"