SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə sayca 5-ci faiz ödənişi həyata keçirilib.
“SOCAR Capital”dan AZƏRTAC-a bildirilib ki, növbəti kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon dollar məbləğində vəsait köçürülüb. Bununla da SOCAR-ın “yaşıl istiqraz”ları üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon dollara çatıb.
Xatırladaq ki, SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi strateji təşəbbüslərə töhfə vermək məqsədilə emissiya olunub. İllik 6 faiz gəlirlilik təqdim edən bu istiqrazlar 5 illik müddətə buraxılıb və investorlar tərəfindən böyük maraqla qarşılanıb.
2025-ci il martın 7-dən etibarən Bakı Fond Birjasında (BFB) ticarəti başlanan SOCAR-ın “yaşıl istiqrazlar”ı daxili kapital bazarında aktivliyin artmasına mühüm töhfə verib. Bu günədək BFB-də həmin istiqrazlar üzrə 35,5 milyon dollardan artıq məbləğdə 512 əqd bağlanıb.
“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları bütün vergilərdən azaddır. Kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir və istiqrazlar müddətin sonunadək sahiblərinə ümumilikdə 60 milyon dollar gəlir qazandıracaq.
Ümumilikdə, SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında aparılan ticarət həcmi 114 milyon dollar təşkil edib. Bağlanmış əqdlərin ümumi sayı isə 1726-ya çatıb ki, bu da BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 32,4 faizini təşkil edir.
Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından — 2016-cı ildən bu günədək SOCAR tərəfindən vətəndaşlara və investorlara ümumilikdə 60 milyon 250 min dollar məbləğində faiz ödənişi edilib.