Fövqəladə Hallar Nazirliyinin (FHN) və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün turistlərin müxtəlif məkanlarda təhlükəsizliyinin təmin edilməsi, o cümlədən fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 50 nəfərdən artıq tur bələdçisinin cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd yerli və xarici turistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin, o cümlədən tur bələdçilərinin bu sahədə bilik və bacarıqlarının, fövqəladə hallara hazırlıq səviyyələrinin artırılması olub.
Təlimin nəzəri hissəsində FHN-in mütəxəssisləri tərəfindən bələdçilərə dağlıq və meşəlik ərazilərdə, su hövzələrində, vulkanik zonalarda, tarixi və digər turistik məkanlarda, eləcə də müxtəlif növ attraksionlarda və nəqliyyat vasitələrində, hava şarlarında və paraşütlərdə rast gəlinə biləcək risklər və bunlarla bağlı davranış qaydaları, müxtəlif təhlükəli hadisələr zamanı atılacaq addımlar, o cümlədən ilkin yardım və “112” qaynar xəttinin imkanları barədə ətraflı məlumat verilib, maarifləndirici videoçarxlar nümayiş olunub.
İnteraktiv formatda keçən nəzəri hissədə suallar ətraflı cavablandırılıb, iştirakçılara təhlükəsiz davranış qaydalarına dair yaddaş materialları təqdim edilib.
Daha sonra təlimin praktik hissəsinə başlanılıb. Belə ki, şərti hadisə nəticəsində “zərərçəkmişlər”ə göstərilən ilkin yardım nümayiş olunub. Həmçinin dağ bələdçiləri və digər ekstremal səyahətlərə çıxan qrup rəhbərlərinə xilasetmə avadanlıqlarından istifadə qaydaları əyani şəkildə təqdim edilib.
Uğurla keçən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub və təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara fəxri fərmanlar təqdim edilib.