27 sentyabr 2020-ci ildə ökəmizin ərazi bütövlüyü uğrunda İkinci Qarabağ müharibəsi başladı. Döyüşlərin elə ilk günündən şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında üstünlüyü ələ aldı. Qəsbkarlar şanlı ordumuzun əks-hücumlarının qarşısını ala bilməyərək geri çəkildi. Uzun illər erməni işğalında qalmış torpaqlarımız bir-birinin ardınca işğaldan azad olundu. Noyabrın 8-də isə musuqi beşiyimiz Şuşa erməni qəsbkarlarından təmizləndi. 44 gün dayanmadan davam edən İkinci Qarabağ müharibəsi qüdrətli, güclü Azərbaycanın gözlənilən tarixi Zəfəri ilə yekunlaşdı.
Şanlı Azərbaycan Ordusu qəsbkarların üzərində qazandığı qələbələri ilə xalqımızı sevindirdi, düşməndən qat-qat güclü və qüdrətli olduğunu sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı işğal altın¬da olan 300-ə yaxın yaşayış məntəqəsi azad olundu. Biabırcasına məğlub olan Er¬mənistan ordusu darmadağın olunduğuna görə illərcə əvvəl işğal etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlar aparmadan qaytardı. Bu bölgələrdə qanunsuz məskunlaşmış erməniləri Azərbaycan torpaqlarından çıxartdı.
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatdan sonra Azərbaycan erməni işğalından azad olunmuş tarixi ərazilərində quruculuq və bərpa işlərinə başladı. Təəssüflər olsun ki, hələ də Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və başqa ərazilərdə qalmış Ermənistan silahlı qüvvələrinin bölmələri, həmçinin erməni separatçıları Qarabağda quruculuq işlərinin aparılmasına təhlükələr yaradır, ağır faciələrlə başa çatan təxribatlar törədirdi. Dağların, dərələrin ətəyindən keçən çöl yollarla yenidən müharibə aparmaq üçün bölgəyə silah-sursat və hərbi texnika aparırdı. Açıq-açığına müharibəyə hazırlaşırdı.
Atılan bütün bu təxribat xarakterili addımlar bölgədə sabitliyin bərpa olunmasına ciddi maneələr törədir, daim gərginliyi artırırdı. Ən başlıcası isə, düşmən bu hərəkətləri ilə Azərbaycanın tarixi ərazisində dövlət suverenliyinin tam təmin olunmasına əngəl törədirdi. Düşmən üzərində qazanılımış tarixi Zəfərdən sonra qarşıda dayanan ən vacib və zəruri məsələlərdən biri də elə Azərbaycan Respublikasının suverenliyinin bütün ərazisində tam şəkildə təmin edilməsi idi. Nəyin bahasına olursa olsun, suverenliyimiz ölkəmizin bütün ərazisində bərpa olunmalıydı. Bunun üçün ilk növbədə müntəzəm olaraq Qarabağda təxribatlar törədən, vəziyyəti gərginləşdirmək niyyətində olan separatçı qüvvələr bölgədən çıxarılmalıydı.
İkinci Qarabağ müharibəsində ordusu darmadağın edilmiş Ermənistan isə hələ də köhnə fikirlərlə yaşayır, əvvəlki hava ilə nəfəs alırdı. 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi. Bütün bu addımlar Ermənistanın yaxın zamanlarda Azərbaycana qarşı hərbi təxribatlar törədəcəyindən xəbər verirdi.
Antiterror əməliyyatı keçirilən gün və ona qədər ermənilər imkan tapdıqca müxtəlif xarakterli təxribatlar törədirdi. Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat erməni qukdur dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlar və hərbi qulluqçular həlak oldu və yaralandı. Üçtərəfli Bəyanatın imzalandığı vaxtdan 2023-cü ilin sentyabrınadək Ermənistan tərəfindən həyata keçirilən bu və ya digər təxribatlar antiterror əməliyyatının keçirilməsini qaçılmaz edirdi. İşğalçıların yeni təxribatlar törədəcəyinə heç bir ölkə, heç bir beynəlxalq təşkilat təminat vermirdi.
Gözləmək, vaxt itirmək olmazdı. Çünki düşmən yeni təxribatlar törədəcəkdi. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələrinin, həmçinin erməni separatçılarının tərk-silah edilərək ərazilərimizdən uzaqlaşdırılması, onların hərbi infrastrukturlarının sıradan çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, yurdumuzu qoruyan hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək üçün şanlı Azərbaycan Ordusu 19-20 sentyabr 2023-cü ildə Qarabağda lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi. Gözlənildiyi kimi, təxribat törətməyə hazırlaşan erməni qüvvələri ordumuzun qarşısında çox dayana bilmədi.
Müharibəyə hazırlaşan qüvvələrə qarşı antiterror əməliyyatı 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da başladı. Bununla bağlı məlumat yayan Mü¬dafiə Nazirliyi bildirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələ¬ri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Məlumatda o da vurğulanırdı ki, Azər¬baycan Ordusu tərəfindən bu əməliyyatın ge¬dişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir.
Antiterror əməliyyatı zamanı tapşırıqlar mülki əhaliyə və infrastruktura zi¬yan yetirilmədən icra olunmalı idi. Rəşadətli Azərbay¬can Ordusu bu cür də etdi, dünya hərb tarixində bənzəri olmayan daha bir uğurlu əməliyyat keçirdi. Azərbaycan Prezi-denti, Silahlı Qüvvələrin Müzəfər Ali Baş Komandanı İlham Əliyev də bu antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələ¬rimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qara¬bağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunma¬lıdır. Göstəriş verilmişdir ki, mülki infrast¬ruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.
23 saat 44 dəqiqə ərzində uğurla həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan uzun illərdən bəri Qarabağda məskunlaşmış və kifayət qədər möhkəmlənmiş erməni separatizminə son qoydu. Düşmən üzərində qazanılmış qələbə nəticəsində Qarabağda suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi. Bundan sonra Azərbaycan xalqı və dövləti tarixdə misli görünməmiş yeni inkişaf dövrünə qədəm qoydu. Bu gün hamımız qürur duyur və iftixar hissləri keçiririk ki, dövlət suverenliyimiz bərpa olunub.
Vahid MƏHƏRRƏMOV,
“Azərbaycan”