"Gəl, mənim şəklimi çək. Şəhid olsam, bu şəklimi paylaşarsan. Deyəcəklər, üzü necə nurludur…"
Xəzər Zamanov 2023-cü il sentyabrın 18-də sonuncu dəfə evdən çıxarkən qardaşına yarızarafat, yarıciddi bu sözləri demişdi. Sanki ürəyinə nəsə dammışdı. Bəlkə də qarşıdakı yolun əvvəlkilərdən fərqli olduğunu hiss etmişdi. Anası Vəfa xanım isə həmin an oğlunun bu sözlərinə fikir verməmişdi.
"İndi fikirləşirəm ki, niyə soruşmadım: "Ay bala, niyə belə danışırsan?" Elə bil həmin an donub qalmışdım", - deyə şəhid anası o günü xatırlayır.
Üç il ötür. Amma Vəfa xanım üçün həmin 18 sentyabr hələ də bitməyib. Saat üç radələrində evdən çıxan oğlunu, hazırladığı yol çantasını, qardaşının çəkdiyi son şəkli, qapıdan çıxışını, gecə gələn görüntülü zəngi, telefondakı səsini bu gün də bütün detalları ilə xatırlayır. Çünki övladını sonuncu dəfə yola salan ana üçün zaman bəzən elə həmin gündə dayanıb qalır…
Atasının öz canı bahasına xilas etdiyi Xəzər
Xəzər Azər oğlu Zamanov 1998-ci il iyulun 21-də Sədərək rayonunun Sədərək kəndində dünyaya gəlib. Adını bibisi seçib. "Atasının adı Azərdir, oğlunun da adı ona uyğun Xəzər olsun" deyib. Beləcə, ailənin sonralar böyük qürur və sonsuz nisgillə çəkəcəyi bu ad onun taleyinə yazılıb.
Xəzərin ailəsinə Vətən uğrunda şəhidlik anlayışı yad deyildi. Əmisi Aydın Zamanov 1992-ci ildə 25 yaşında Sədərək istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Xəzər də uşaqlıqdan əmisinin şəhidliyini, ailənin yaşadığı bu itkini eşidərək böyüyüb. Vətən, torpaq, Qarabağ anlayışı onun üçün yalnız kitablardan oxuduğu sözlər deyildi.
Amma Xəzərin uşaqlığına başqa bir ağır itki də yazıldı...
Cəmi doqquz yaşı vardı. Atası 36 yaşında idi. Birlikdə dənizə getmişdilər. Xəzər suda batmaq təhlükəsi ilə üzləşəndə atası oğlunu xilas etdi, özü isə həyatını itirdi.
Tarix iyulun 20-si idi. Ertəsi gün - iyulun 21-i isə Xəzərin ad günü…
Vəfa xanım üçün bu iki tarix bundan sonra həmişə yanaşı gəldi: bir gün həyat yoldaşının ölüm günü, ertəsi gün oğlunun doğum günü. Sevinc ilə kədərin arasındakı məsafə cəmi bir gün oldu.
Atalarını erkən itirən üç qardaş bir-birinə daha möhkəm bağlandılar. Şəhid anası danışır ki, övladları uşaqlıqdan bir-birlərinə qarşı son dərəcə mehriban olublar. Əllərinə bir konfet düşəndə belə onu üç yerə bölüb paylaşarmışlar.
"Oğlanlarımın hamısı mənim üçün əzizdir. Amma Xəzərin özünəməxsus xasiyyəti vardı. Çox sakit, ağıllı, mehriban, mərhəmətli idi. Mənə, qardaşlarına, ailəsinə həddindən artıq bağlı idi. İnanın, onun necə oğul olduğunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Elə bir oğul bir də dünyaya gəlməz", - Vəfa xanım deyir.
Xəzər boylu-buxunlu, yaraşıqlı gənc idi. Anasının dediyinə görə, qapıdan keçəndə uca boyuna görə başını əyməli olurdu. Amma bu əzəmətli görünüşünün arxasında həlim, sakit, insanlara hörmətlə yanaşan bir xarakter vardı. Orta təhsilini Bakının Nizami rayonundakı 62 saylı məktəb-liseydə alan Xəzər daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuşdu. Vəfa xanım deyir ki, onun ən çox sevdiyi sahələrdən biri polis peşəsi idi. Əmisinin şəhidliyi, uşaqlıqdan eşitdiyi hekayələri də peşə seçiminə təsirsiz qalmamışdı.
Xəzər hərbi xidmətdə olarkən 44 günlük Vətən müharibəsi başladı. Müharibə şəraiti ilə əlaqədar onun hərbi xidməti də uzandı və iki ilə yaxın əsgərlik həyatı yaşadı. Sonra evə qayıtdı. Ailə qurdu. Qarşıda yaşanacaq uzun illər, qurulacaq bir həyat, dünyaya gələcək övlad, ata olacağı gün vardı…
Amma ailə həyatının cəmi onuncu ayında Xəzər şəhid oldu. O, qızının dünyaya gələcəyini bilirdi, amma balasını qucağına ala bilmədi. Şəhidliyindən bir neçə ay sonra qızı Humay dünyaya gəldi. Atasının üzünü yalnız şəkillərdən görəcək Humay…
Xəzərin adı isə ailədə bir başqa körpənin taleyində yaşamağa başlayıb. Qardaşının oğlu dünyaya gələndə ona şəhid əmisinin - Xəzərin adını veriblər. Beləcə, bir vaxtlar üç qardaşın böyük sevgi və bağlılıqla böyüdüyü o ailədə Xəzər adı yenidən səslənib. İndi evdə balaca Xəzərə hər dəfə adı ilə müraciət ediləndə bu ad həm bir şəhidin xatirəsini yaşadır, həm də ailə üçün davam edən həyatın, gələcəyə uzanan ümidin rəmzinə çevrilir.
Vəfa xanım nəvələrindən danışanda səsində kədərlə yanaşı bir təsəlli də duyulur: "Nəvələrimin hamısı mənə əzizdir. Amma Xəzərin balasına baxanda başqa hisslər keçirirəm. O, mənim üçün atasından qalan ən qiymətli yadigardır. Yenə şükür edirəm ki, övladı var. Allah atasının yaşaya bilmədiyi gözəl günləri onun balasına yaşatsın. Ona gözəl bəxt, gözəl tale versin. Atasına layiq övlad olsun".
"Hələ də elə bilirəm haradansa gələcək…"
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirləri başladı. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanov həmin gün Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid oldu.
Bir gün əvvəl qardaşına "Şəhid olsam, bu şəklimi paylaşarsan" deyən Xəzərin sözləri gerçəyə çevrildi.
O şəkil qaldı.
O səs qaldı.
"Sağ-salamat qalın. Biz gedirik…" dediyi son video qaldı.
Bir də qapıya baxan ana…
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis alayının qulluqçusu Xəzər Zamanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vəfa xanım deyir ki, övlad itkisini qəbul etmək mümkün deyil. İllər keçir, insan gündəlik həyatına davam edir, bəzən üzü gülür, iş görür, amma daxilində həmin günə qədər yaşadığı adam olaraq qalmır: "O gedəndən mən də ölmüşəm, canlı ölüyəm. Hələ də içimdə bir ümid var. Elə bilirəm haradansa gələcək. Hələ də yolunu gözləyirəm. Üç ildir Xəzərimdən ayrıyam".
Bu sözlərdən sonra nə təsəlli vermək asandır, nə də söz soruşmaq. Çünki ana üçün şəhidlik həm qürurdur, həm də ömrün sonunadək daşınacaq övlad həsrəti.
Sentyabrın 18-i Vəfa xanımın yaddaşında Xəzərin evdən sonuncu dəfə çıxdığı gündür. Üç il əvvəl həmin gün saat üç radələrində oğlunu yola salmışdı. O zaman bunun son görüş olduğunu bilmirdi. Ana oğlunun paltarlarını yığmış, qardaşı onun şəklini çəkmiş, sonra onu yola salmışdı. Adi bir gün kimi başlayan həmin gün ailənin həyatını iki yerə böləcəkdi: "Xəzər gedənədək yaşanan və ondan sonra davam etdirilməyə çalışılan həyat".
"Allahın yazısıdır… Allah Vətənimizi bir də belə ağır sınaqlarla üz-üzə qoymasın. Allah heç bir anaya, heç bir ailəyə övlad acısı yaşatmasın. Şəhidlərimizin məqamı uca olsun" deyir ana.
Xəzər Zamanov 25 yaşında şəhid oldu. Taleyin qəribə təsadüfüdür ki, əmisi Aydın Zamanov da şəhid olanda 25 yaşında idi. İndi Xəzərdən ailəsinə xatirələri, şəkilləri, son videosu, haqqında danışılan saysız-hesabsız xoş sözlər və qızı Humay yadigar qalıb. Bir də anasının bitməyən gözləntisi…
Ülkər XASPOLADOVA,
"Azərbaycan"