Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhər günlərini qeyd edir
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda uğurla həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və uzun illərdən bəri bölgədə yerləşmiş erməni separatçıları məhv edildi, qondarma rejim ləğv olundu. Düşmən üzərində qazanılan qələbə nəticəsində Azərbaycan uzun illərdən sonra beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam şəkildə bərpa etdi. Uzun illərdən bəri terrorçuların məkanına çevrilmiş Xankəndi şəhəri, Ağdərə, Xocavənd və Xocalı rayonları erməni qəsbkarlarından azad olundu. Bu uğurlu əməliyyat dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi əbədi olaraq yaddaşlara yazıldı.
Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü ildə imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günləri təntənəli şəkildə qeyd edilir. İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən sonra ata-baba yurduna qayıtmış insanlar bu günü böyük sevinc içində keçirirlər.
İnsanlara böyük qürur bəxş edən bu günün təntənəli şəkildə keçirilməsi, dövlətçilik ənənələrinin möhkəmlənməsinin, milli birliyin daha da güclənməsinin və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş miqyas almasının göstəricisidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün təsis olunması igid oğullarımızın canı və qanı bahasına mümkün olmuşdur.
20 Sentyabr Azərbaycanın dövlətçilik tarixində şərəfli bir səhifə oldu. Bu gün həm hərbi qələbənin, həm də bərpa, inkişaf və milli birliyin simvoluna çevrildi. Ağır və gərgin döyüşlərdən sonra düşmən üzərində qazanılan Zəfər və görülən quruculuq işləri aydın şəkildə göstərdi ki, Azərbaycan dövləti qətiyyətli iradəsi, iqtisadi potensialı və milli həmrəyliyi ilə yanaşı, həm də parlaq gələcəyini formalaşdırmaqdadır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində təntənəli surətdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Uzun illərdən sonra bu şəhərlərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanmağa başladı.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Xankəndi şəhərində bayrağımızı ucaldarkən bildirdi: "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. "Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əmin idik və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma birnömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".
Erməni işğalından azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də regionda peşəkar kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini ortaya çıxardı. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradıldı.
2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.
İşğaldan azad olunmuş Qarabağın şəhərlərində müasir infrastrukturun qurulması, yolların, məktəblərin, səhiyyə müəssisələrinin və idman obyektlərinin istifadəyə verilməsi, bölgənin sürətli inkişafına təkan verir. Xankəndidə Konqres Mərkəzinin, yeni hotellərin, Zəfər parkının və digər mühüm obyektlərin işə düşməsi Azərbaycanın güclü iradəsinin və sistemli inkişaf strategiyasının aydın göstəricisidir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə təkcə coğrafi məkan deyil, həm də Azərbaycan xalqının tarixində mühüm mədəniyyət ocaqlarıdır. Xocalı soyqırımında şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial kompleksin tikilməsi həm tarixi ədalətin bərpasını göstərir, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edir.
Qarabağın işğaldan azad olunması, bu ərazilərdə bərpa və quruculuq işlərinin aparılması yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də regional sabitlik və təhlükəsizliyə əlverişli zəmin yaradır. 2025-ci ildə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi Qarabağın beynəlxalq əhəmiyyətini daha da artırır. Bu, həm də Azərbaycanın regionda lider dövlət kimi mövqeyini möhkəmləndirdiyini göstərir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa səfərləri, müxtəlif sosial layihələrin açılışında iştirakı həm dövlətin diqqətini, həm də xalqın mənəvi birliyini ifadə edir. Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən müvafiq tədbirlər bölgənin tarixboyu Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu bir daha dünyaya göstərir.
Ötən il olduğu kimi, bu il də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günləri Qarabağda təntənəli şəkildə keçirilir. 30 ilə yaxın davam edən erməni işğalından sonra doğma ocaqlarına qayıtmış keçmiş məcburi köçkünlərin üzü gülür.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"