19 Sentyabr 2026 09:40
221
SİYASƏT
A- A+
Türk dünyasının aparıcı gücü

Türk dünyasının aparıcı gücü


Azərbaycan TDT-nin qlobal mövqeyinin güclənməsində və nüfuzlu təşkilata çevrilməsində müstəsna rol oynayır


Ortaq tarix, dil, mədəniyyət və mənəvi bağları paylaşan türk dövlətləri arasındakı münasibətlər, sadəcə, humanitar çərçivə ilə məhdudlaşmır. Birgə əməkdaşlıq təhlükəsizlik, enerji, nəqliyyat, investisiya, siyasi koordinasiya, gənclər siyasəti və başqa önəmli sahələri də əhatə edir. Günümüzün sürətlə dəyişən reallıqlarında Türk Dövlətləri Təşkilatının (TDT) gücünü və imkanlarını artırmaq zərurəti hər zamankından daha qabarıq şəkildə üzə çıxır. 

Azərbaycan bu təşkilatın formalaşmasında, tərəqqisində və aparıcı beynəlxalq mərkəzə çevrilməsində müstəsna rol oynayır. Ölkəmizin TDT üzvləri üçün fəal, etibarlı və əlaqələndirici platforma təmin etməsi türk dünyasının birliyini, həmrəyliyini gücləndirir. Bu baxımdan bir neçə gün ərzində Bakının mühüm sahələri əhatə edən mötəbər tədbirlərə evsahibliyi etməsi heç də təsadüfi deyil. Sentyabrın 15-də TDT-yə üzv dövlətlərin dini liderlərinin, bu ayın 18-də isə Təhlükəsizlik Şuralarının katiblərinin 5-ci iclasının məhz Azərbaycanda təşkil edilməsi ölkəmizin təşkilat çərçivəsindəki münasibətlərinin yüksək səviyyəsini, sistemli və çoxşaxəli xarakterini nümayış etdirir. Bu dinamika Azərbaycanın türk dünyasında dialoq, təhlükəsizlik və strateji əməkdaşlıq üçün birləşdirici mövqeyinin nə qədər möhkəm olduğunu göstərir. 

Bu strateji xəttin əyani təzahürü Prezident İlham Əliyevin Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsidir. Dövlətimizin başçısı ardıcıl görüşlərin əhəmiyyətinə diqqət çəkərək təşkilatın artan nüfuzunu xüsusi vurğulayıb: "Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır". Prezident İlham Əliyev bildirib ki, TDT-nin gündəliyi geniş miqyas alaraq qlobal məsələləri əhatə edir: "Müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir". 

Bakı yalnız tədbirlərin keçirildiyi məkan deyil, həm də TDT daxilində ortaq maraqların uyğunlaşdığı və regional təhlükəsizlik arxitekturasının formalaşdığı mühüm platformaya çevrilir. Hazırda qarşıda duran əsas hədəflərdən biri təşkilatın beynəlxalq arenadakı çəkisinin və nüfuzunun daha da artırılmasıdır. Dövlətimizin başçısı üzv dövlətlərin bu məsələdə vahid mövqeyə malik olduğunu bildirib: "Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir". 

Azərbaycanın türk dünyası ilə inteqrasiyası tarixi köklərə və milli maraqlara söykənən konseptual xarici siyasət kursuna əsaslanır. Rəsmi Bakı Türk Dövlətləri Təşkilatının güclənməsini regional sabitliyin, təhlükəsizliyin və inkişafın əsas zəmanətlərindən biri kimi görür. Dövlətimizin başçısı bu strateji xətti vurğulayaraq bildirib ki, ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə türk dünyası ölkələrinə yönəlib: "Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur". Bu bariz yanaşma Azərbaycanın qardaş ölkələrlə münasibətləri ən yüksək səviyyədə, müttəfiqlik müstəvisində inkişaf etdirmək əzmindən xəbər verir. Bakının bu tərəfdaşlıq siyasəti türk dünyasının vahid iqtisadi, hərbi və mənəvi güc mərkəzinə çevrilməsini hədəfləyir. Nəticədə Azərbaycanın atdığı ardıcıl və məqsədyönlü addımlar təşkilat daxilində sarsılmaz həmrəyliyin formalaşmasına xidmət edir.

Müasir geosiyasi şərait göstərir ki, təhlükəsizlik anlayışı yalnız hərbi-siyasi müstəvi ilə məhdudlaşa bilməz. Enerji resurslarının təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin dayanıqlılığı da regional təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycanın coğrafi mövqeyi, Avropa ilə Asiyanın qovşağında yerləşməsi və inkişaf etmiş infrastrukturu ölkəmizi TDT daxilində strateji bağlantı mərkəzinə çevirir. Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz və Türkiyə ilə, oradan isə Avropa bazarları ilə birləşdirən "Şərq-Qərb" nəqliyyat dəhlizi və Orta dəhliz çərçivəsində Azərbaycan əvəzolunmaz mərkəzdir. Eyni zamanda Zəngəzur dəhlizi (TRIPP) Orta dəhliz və "Şimal-Cənub" marşrutları çərçivəsində regionun iqtisadi və logistik imkanlarını genişləndirən yeni marşrutdur. Dövlətimizin başçısı müasir dövrdə bu amillərin həlledici xarakter daşıdığını bildirib: "Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə, təhlükəsizlikdən danışmaq mümkün deyil". 

Təhlükəsizlik arxitekturasının digər mühüm tərkib hissəsi milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin olunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə sabitliyi pozmaq istəyən qüvvələrin əsas hədəfi gənclər olur. Bu baxımdan gənc nəslin milli soy-kökə və mənəvi ənənələrə bağlı yetişməsi böyük əhəmiyyət daşıyır. TDT çərçivəsində gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, birgə layihələrin icrası türk dünyasının gələcək nəsilləri arasında həmrəylik körpüsünü gücləndirir. Azərbaycan Prezidentinin çıxışında vurğuladığı kimi, gənc nəslin vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir: "Əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində". 

Ümumilikdə, Azərbaycanın türk dünyasının tərəqqisi yönündə addımları siyasi koordinasiya, hərbi və ideoloji təhlükəsizlik, enerji və nəqliyyat şəbəkələri, birgə investisiyalar və mənəvi-mədəni inteqrasiya kimi bir-birini tamamlayan sütunlar üzərində yüksəlir. Bakıda ardıcıl olaraq keçirilən yüksəksəviyyəli TDT tədbirləri Azərbaycanın təşkilat daxilindəki lokomotiv rolunun əyani sübutudur. Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşıda duran əsas məqsəd bu böyük potensialı vahid gücə çevirməkdir. Beləliklə, Azərbaycan özünün qətiyyətli xarici siyasəti, zəngin resursları və strateji təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatının qlobal miqyasda söz sahibinə çevrilməsi yolunda tarixi missiyasını şərəflə yerinə yetirməkdədir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

10:40
19 Sentyabr

Fransa prezidentliyinə namizəd Qabriel Attal "Avropa Birləşmiş Ştatları" ideyasını irəli sürüb

10:35
19 Sentyabr

Atadan oğula ötürülən Vətən əmanəti

10:30
19 Sentyabr

İyirmi yaşında qəhrəman oldu

10:20
19 Sentyabr

Bir Vətən sevdalısı Xəzər vardı...  

10:10
19 Sentyabr

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu

10:00
19 Sentyabr

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

09:50
19 Sentyabr

Türk dünyasının aparıcı gücü

09:40
19 Sentyabr

Sahibkarlığa yeni dəstək mexanizmləri müzakirə olunub

09:30
19 Sentyabr

Prezidentin hər səfəri iqtisadi inkişafa yeni təkan verir

09:25
19 Sentyabr

Əsrlərə hesablanmış saziş

09:20
19 Sentyabr

Bir Zəfər - dörd şəhər, əbədi qürur

09:10
19 Sentyabr

Tarixə yazılan antiterror tədbirləri

09:00
19 Sentyabr

Yurduna əbədi qayıdan müqəddəs bayraq

08:50
19 Sentyabr

Qalib və suveren Azərbaycan

08:40
19 Sentyabr

Dövlət suverenliyi xalqımızın tarixi nailiyyətidir

08:30
19 Sentyabr

Qarabağ Azərbaycanın suveren ərazisidir və hər bir dövlətin nümayəndəsi bura səfər edə bilər

08:20
19 Sentyabr

Xalqımızın dövlətçilik salnaməsinin qürur doğuran səhifəsi

08:10
19 Sentyabr

23 saatlıq Zəfərin qüruru

08:00
19 Sentyabr

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

23:53
18 Sentyabr

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

21:57
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!