2022-ci il sentyabrın 21-də dövlətimizin başçısı Laçın şəhərində Azərbaycan bayrağını qaldırıb
Laçının dağları çox tarixi hadisənin şahidi oldu. Sinəsi yurd yerlərinə çevrildi, el-oba quruldu. O yurdlara yurddaş olanların sevincli günlərini də, toy-büsatlarını da, kədərli, dərdli anlarını da gördü. Bu dağların üzərində yurdunun hər qarışını, torpağını, daşını yağılardan qorumaq üçün silaha sarılan, sinəsini sipər edən, canından keçən igidlərin adları həkk olunub. Çox qovğalar görüb. Ən ağırı 1990-cı illərdə erməni quldurlarının işğalına məruz qalması oldu. 1992-ci il mayın 18-də Laçın işğalçıların əlinə keçdi. Laçınlılar yurd-yuvasından didərgin düşdülər. On illər boyu məcburi köçkün adının əzablarına qatlaşmalı oldular. Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğal edilmiş digər əraziləri kimi, Laçını da erməni vandalları xarabalığa çevirdilər.
2020-ci ilin payızında baş verən Vətən müharibəsində Azərbaycan böyük Zəfəri ilə bu ədalətsizliyə son qoydu. Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratdı.
Azərbaycanın azadlığının, dövlət müstəqilliyinin rəmzi olan üçrəngli ay-ulduzlu bayrağımızı sovet hakimiyyəti yetmiş il işığa həsrət qoymuşdu. 1990-cı illərdə ölkəmiz yenidən müstəqilliyinə qovuşduqdan sonra bayrağımız da azadlığa çıxmışdı. Ancaq həmin illərdə dövlətimizin Ermənistan tərəfindən işğal olunan iyirmi faiz ərazisinə bu səadət nəsib olmamışdı. Vətən müharibəsində qazandığımız qələbələrdən sonra işğalçıların əsarətindən qurtulan torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı.
Hələ bir müddət də gözü yolda qalan Laçına və digər ərazilərimizə nəhayət ki, xoş günlər gəldi. Müqəddəs bayrağımız həmin torpaqları da salamladı. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Dövlətimizin başçısı xatırlatdı ki, bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi. Azərbaycan dövlətinin növbəti qətiyyətli addımları nəticəsində avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, tarixi hadisədir: "Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".
Dövlətimizin başçısı Laçında üçrəngli bayrağımızı ucaldarkən erməni vandalizminin təzahürlərinin hər bir kənddə, hər bir şəhərdə olduğunu, bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilərin qanunsuz məskunlaşma apardıqlarını diqqətə çatdırdı. Ermənistandan və daha çox xaricdən - Suriya və Livandan erməniəsilli insanları gətirib burada qanunsuz yerləşdirdiklərini qeyd etdi, nəzərə çatdırdı ki, bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir: "Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın".
Azərbaycanın işğal olunmuş ərazilərini müharibə deyil, sülh yolu ilə geri qaytarmaq istəyi də həmin təşkilatlara bəlli idi. Dövlətimizin başçısının bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi olmaya da bilərdi. Ancaq Ermənistan xarici havadarlarına güvənərək işğalçılıq siyasətindən əl çəkmədi. Beləliklə, Azərbaycanın sülh təşəbbüsləri dalana dirəndi. Müharibə Ermənistanın təxribatları nəticəsində baş verdi. Və Ermənistan da, ona himayədarlıq edən ölkələr və beynəlxalq təşkilatlar da Azərbaycanın gücünü gördülər.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi bütün dünyada tanınır. Dövlətimiz öz siyasətinə sadiqdir, sülh yolu ilə əzmlə irəliləyir.
İşğaldan azad edilmiş ərazilərimizdə "Böyük qayıdış" proqramı çərçivəsində misilsiz işlər görülür. Yeni yaşayış məskənləri qurulur. Keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Laçınlılar da ata-baba yurdlarına dönürlər. Onları doğma torpaqlarında müqəddəs bayrağımız qarşılayır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"